V İslam Oyunlarında Bakıda hərəkət zolaqları tətbiq ediləcək küçə və prospektlərin siyahısı müəyyən edilib. Bu haqda Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bunu jurnalistlərə açıqlamasında deyib.
Onun bildirdiyinə görə, Ziya Bünyadov prospekti, Bakı dairəvi yolu, Səlyan şosesi, Bibiheybət yolu 1, Bibiheyət yolu 2, Neftçilər prospekti, Qara Qarayev prospekti (bütün yol), Atatürk prospekti, Fətəli xan Xoyski küçəsi, Vaqif prospekti, Hənifə Ələsgərov küçəsi, Tbilisi prospekti, Abdulvahab Salamzadə küçəsi və Böyükşor şosesində ayrılacaq hərəkət zolaqlarında nəqliyyatla İslam Oyunlarında iştirak edəcək idmançılar və qonaqlar daşınacaq: "Yollarda çəkilmiş xüsusi zolaqlara IV İslam Həmrəyliyi Oyunlarına cəlb olunmuş nəqliyyat vasitələri istisna olmaqla digər nəqliyyat vasitələrinin girişinə qadağa qoyulacaq, yalnız xüsusi buraxılışı olan nəqliyyat vasitələri, xüsusi loqolarla işarələnmiş nəqliyyat vasitələri bu zolaqlarla hərəkətə edə biləcək".
K. Əliyev bildirib ki, əgər digər nəqliyyat vasitələrinin sürücüləri bu zolaqlara daxil olacaqlarsa, onlar inzibati məsuliyyətə cəlb olunacaq: "Bu zolaqlara 24 saat nəzarət olunacaq. Sürücülər Mayın 1-dən 25-nə kimi zolaqlara çıxmasınlar".
IV İslam Həmrəyliyi Oyunları zamanı habelə regionlardakı nəqliyyat vasitələrinin müəyyən müddətlərdə Bakıya daxil olmasına müəyyən məhdudiyyətlər tətbiq olunacaq.
Kamran Əliyev bildirib ki, zolaqlardan kənarda, xüsusilə də şəhərin mərkəzi hissələrində nəqliyyat vasitələrinin hərəkətinə hər hansı bir məhdudiyyət hələlik nəzərdə tutulmayıb.
K. Əliyev qeyd edib ki, qadağan olunmuş zolağa daxil olmaya görə cərimələr qanunvericiliyə uyğun olaraq 40 manat miqdarında nəzərdə tutulub. (APA, Report)