Bu gün ilk Naxçıvan-Məşhəd qatarı yola düşür
İranın dəmir yolları şirkətinin direktor müavini Mir Həsən Musəvi Naxçıvan-Məşhəd və Məşhəd-Naxçıvan sərnişin qatarının reyslərinin bu gün (dekabrın 29) başlayacağını bildirib.
Deyerler.org İRNA-ya istinadən xəbər verir ki, Mir Həsən Musəvi açıqlamasında, sərnişin qatarının reyslərinin başlanması münasibətilə dekabrın 29-da Naxçıvan vağzalında keçiriləcək mərasimə İran və Azərbaycan Respublikası rəsmilərinin qatılacağını söyləyib.
İran rəsmisi sərnişin qatarının Culfa, Təbriz, Zəncan, Tehran, Şahrud və Məşhəd dayanacaqlarını keçəcəyini bildirərək, qatarın sərnişinlərinin hər çərşənbə axçamı günü Naxçıvana gedə biləcəklərini və cümə günü qayıdacaqlarını deyib.
İran Dəmir Yolları Şirkətinin beynəlxalq işlər üzrə baş direktoru Abbas Nəzəri isə mətbuata açıqlama verərək, İranın Astara şəhərini Azərbaycanın Astara şəhərinə bağlayan dəmir yolu xətti inşa işlərinin tamamlandığını bildirib.
Abbas Nəzəri iki ölkə arasında müştərək dəmir yolu nəqliyyat layihəsinin qarşıdakı 3 ay ərzində istifadəyə veriləcəyini deyib. O, açıqlamasında bu dəmir yolu layihəsinin tikintisi üçün tələb olunan 500 milyon dollarlıq maliyyə vəsaitinin təmin olunması məsələsində İran və Azərbaycan arasında olan sazişə də toxunub. Abbas Nəzəri Astara-Astara dəmir yol xəttinin istifadəsindən dərhal sonra, başlayacaq ikinci mərhələdə Rəşt-Astara dəmir yolunun inşası üçün də ikinci 500 milyon dollarlıq maliyyənin təmin edilməsi məqsədilə işlərin başlandığını deyib.