“Bu il qış çox sərt keçəcək”
Ekoloq: “40-50 ildən bir iqlim dəyişikliyi baş verir”
Artıq iki gündür Bakıda soyuq, şaxtalı hava müşahidə olunur.
Xüsusən də paytaxtın şimal girişində olan ərazilərinə səhər saatlarında qar yağıb, bəzi küçə və prospektlərindəki yollar buz bağlayıb. Hava şəraiti ilə əlaqədar körpü və tunellərdə nəqliyyat vasitələrinin hərəkətlərində sıxlıq yaşanıb. Lakin maraqlıdır ki, Bakının cənub qurtaracağında olan ərazilərdə qar yağıntısı olmayıb. Şəhərin bir tərəfinə az da olsa qar yağdığı halda, digər tərəfi quru və yağmursuz olub. Bu da şəhər sakinləri arasında çaşqınlıq yaradıb.
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov “Yeni Müsavat”a açıqlama verərək məsələyə aydınlıq gətirib. Ekspert qeyd edib ki, bu cür hava prosesi küləyin əsmə hərəkətindən asılıdır: “Külək haradan əsirsə qarı həmin tərəfə gətirib tökəcək. Burda heç bir anormal cəhət yoxdur və sırf qış mövsümünə xarakterikdir. Ümumiyyətlə, 15 ildən sonra dəhşətli şaxtalar baş verəcək, Yer kürəsi buzla bağlı olacaq. Şimal açıq olacaq, şimalda buz olmayacaq, bu da gəlib çıxacaq 40-50-ci paralelə. Yəni soyuq hava kütlələri Azərbaycana, Rusiyanın isə cənub bölgələrinə düşəcək. Bu il qış çox sərt keçəcək. Ola bilsin ki, qarşıdakı aylarda qar yağmayacaq, amma şaxtalı olacaq. Hazırda bəzi bölgələrdə 5-7 dərəcə şaxta var. İsmayıllıdan aldığım məlumata görə, ora da 15 santimetr qalınlığında qar yağıb. Bəzən deyirlər ki, qarşıda bizi su qıtlığı gözləyir. Amma bizdə su qıtlığı olmayacaq, çünki dağlara qar yağıb, buzlar var.
Ümumiyyətlə, 40-50 ildən bir iqlim dəyişikliyi baş verir, əvvəl isti olur, sonra isə onun ardınca soyuq iqlimləri gəlir. Şimal buzlu okeanlarda cənub bölgəsində buzlar əriyirsə, aysberqlər hərəkət edirlərsə, bu zaman okeanlarda su soyuyur, hava da soyuğu 30-50-ci paralelə, həm cənub, həm də şimal qütbünə gətirir. Bu soyuqlardan da ən çoxunu Azərbaycan, Dağıstan, Rusiyanın cənub bölgələri çəkəcək. Ancaq digər tərəflərdə isti olacaq. Məsələn, hazırda Norvegiyada 5-6 dərəcə isti var, Bakıda isə -1 dərəcədir, rayonlarda da 7-8 dərəcə şaxta var".
Qeyd edək ki, bu il ölkəmizdə qış mövsümü vaxtından əvvəl müşahidə olunmağa başlayıb. Artıq sentyabr ayından bir çox dağətəyi rayonlara sulu qar, qar yağıb. Oktyabr ayında Quba və Naxçıvana ilk intensiv qar yağıb. Noyabrın əvvəlində isə Tovuz rayonuna yarım metrdən çox qar yağmışdı.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcə şaxta, Aran rayonlarında 0-2, dağlıq rayonlarda 6-8, Naxçıvan MR-də 7-11, Böyük Qafqazın yüksək dağlıq ərazilərində 13-16 dərəcə şaxta təşkil edir.