Millət vəkili AZAL-ı tənqid etdi - “Bilmək olmur nə danışır”
"Mən azərbaycanlı ola-ola, öz dilimi bilə-bilə bələdçinin nə danışdığını çox çətinliklə anlayırdım"
Bu haqda Modern.az-a danışan deputat sərnişini olduğu AZALtəyyarəsində bələdçilərin Azərbaycan dilinə hörmətsizliklə yanaşdığını vurğulayıb: “AZAL-ın bələdçisinin danışığında nə intonasiya, nə də vurğu var idi. Ümumiyyətlə, bilmək olmurdu ki, o nə danışır. Bu cür danışıqla Azərbaycana ilk dəfə gələn xarici ölkə vətəndaşında dilimiz barədə hansı təsəvvür yarana bilər?!”.
Ə.Amaşov AZAL-a “Bakı Metropoliteni”nin təcrübəsindən yararlanmağı məsləhət görüb: “Şirkət ya öz dilimizdə danışıq səviyyəsi yüksək olan şəxsləri işə götürməlidir, ya da ən azı “Bakı Metropoliteni”nindəki metoddan - səs yazısından istifadə etməlidir.
Mən azərbaycanlı ola-ola, öz dilimi bilə-bilə bələdçinin nə danışdığını çox çətinliklə anlayırdım. Dövlətimiz müstəqillik əldə etdikdən sonra Azərbaycan dilinin saflığı, inkişafı ilə bağlı 30-a yaxın qanun, sərəncam, normativ qəbul olunub. Məqsəd Azərbaycan dilinin daha da inkişaf etdirilməsi və dilin tələblərinə sayğı ilə yanaşılmasıdır.
İstəyim budur ki, AZAL kimi təşkilatlarda Azərbaycan dilinin saflığından doğan tələblərinə, qaydalarına əməl etsinlər. Ya AZAL-da bunu bilmirlər, ya da əməl etmək istəmirlər. Hesab edirəm ki, hər bir vətəndaş, milli hissi zəif olsa belə, Azərbaycan dilini bilməsə belə, dövlət dilinin tələblərinə hörmət etməlidir”.