“Vosmoy bazarı” uğrunda yeni mübarizə başlayıb
Əməkdaşlarımız “MTN” generallarının “nifaq alması”na çevirdikləri bazardan yazır; illərlə Akif Çovdarovla Hilal Əsədovun cibinə axan milyonları kim qaytaracaq?..
“Dövlət Baytarlıq Xidmətinin rəisi Azər Süleymanov, habelə bir neçə icra başçıları birləşib 8-ci kilometrdə ölmüş at, eşşək, mal ətini xalqa satırlar”. “Müasir Müsavat Partiyası” sədri Hafiz Hacıyev bütün bunları Azərbaycan iqtisadiyyatının mövcud durumunu pia.az saytına şərh edərkən deyib.
Ardınca da əlavə edib: “Dəfələrlə demişəm, bu gün də təkrarlayıram - kənd təsərrüfatı naziri Heydər Əsədova, Dövlət Baytarlıq Xidmətinin rəisi Azər Süleymanova qarşı təcili olaraq cinayət işi açılmalıdır. Daşkəsəndən, digər ətraf rayonlardan yığılan murdar mal ətləri yenidən laboratoriyalara göndərilməlidir. Sübut-filandan sonra cinayətkarlar qazamata basılmalıdır. Kim düşünürsə ölmüş mal ətləri ilə Azərbaycan iqtisadiyyatını dirçəldəcək, çox səhv edir, başını divara döyür, qələt eləyir. Siyasi gündəmi izləyin, yaxın zamanda mövzu ətrafında partiyamızın qərarı açıqlanıb çoxlarının kürkünə birə salacaq. İmkan verməyəcək bu satqın, riyakar məmur tayfası nəyəsə nail olsun. Xəyallarında nə qədər şirin yuxu görsələr də, bəri başdan deyirəm, özləri də eşitsinlər - səyləri əbəsdi. Yuxuları çin olub həyata keçməyəcək”.
Dövri mətbuatda manşetlərə çıxarılmış bu xəbərlər necə oldusa diqqətimi özünə cəlb etməyi bacardı. Anında bildim ki, torbada pişik var, bazar ətrafında yeni macəralar yaranır. Bəzi icra başçıları, Dövlət Baytarlıq Xidmətiylə birləşərək deyəsən, “8-ci kilometr bazarı”nı mənimsəmək, qəsb etmək istəyirlər.
Bazar ətrafında, illərdir acı bağırsaq kimi uzanan söz-söhbətlərə nöqtə qoymaq qərarına gəldim. Mövzunun başına “kontrol atəşini”, özünüz düşünün, mən vurmayım, bəs kim vursun, həəəə, sizdən soruşuram?
Axır qərara gəldim beynimi çək-şübhələrlə, dedi-qodularla çox da yükləməyim. Əməkdaşımız Elşən Balaxanskiyə him-cimlə bəzi məlumatları ötürüb əyləşdim yazığın köhnə laqqataraqqa avtomobilinə. Qapını arxamca bir-iki dəfə çırpmalı oldum.
***
8-ci kilometrin arxa küçələrində, ay maşallah, görürdüm Elşən xam deyil. Hiss olunurdu bu ətraflara maşınla bir xeyli girib-çıxıb. Bazar ətrafındakı yollarda hər dəliyə, deşiyə, çökəyə bələddi o.
Ötən Nardaran səfərimizdə pis-yaxşı onun etibarını qazanmışdım. Amma bu gün gərək yenidən doğruldardım bu etibarı. Gərək bazar ətrafındakı müşkülləri, düyünləri bir-bir götürüb açaydım.
“Vosmoy bazarı” Bakının elə coğrafi nöqtəsində yerləşir ki, ordan bircə baxışla bütün şəhəri görmək olar-uzaqlardakı “Üç Alov” qüllələrini, yaxındakı mavi Xəzəri.
Bazardakılar inanmıram ki, lirik hisslərə qapılıb buna haçansa vaxt ayırsınlar. Sadə satıcılar, həəə, bu hisslərə qapılırlar bəzən. Bunu bazardaykən dəfələrlə müşahidə etdik. Rəhbərlik isə bəli, oxşar lirik hislərdən çoxdan, lap çoxdan məhrumdu Bakının bu qəliz ünvanında.
Rəhbərlik deyəndə ki, bu Peykanlı kəndinin dəfələrlə sahibi dəyişib. OMON-çular vaxtiylə at oynadıb bu bazarda. Sonrakı alqı-satqı müqaviləsində Çingiz Əsədovla digərlərinin adı hallanır. Qeyd olunur ki, o bazardakı öz payını 136.800 manata cəlilabadlı Səfərov Cəfər Qulu oğluna satıb.
Amma bu alverdə Çingiz Əsədov özünü Molla Nəsrəddinin lətifələrindəki personajlarsayağı aparıb. Günlərin birində bazarda peyda olub və “daş atıb başını tutub” ki, bazarı satmışam, amma orada divara vurduğum mismar mənimdir. Görüb ki, yooox, hiyləsi keçmir, şikayət ərizəsi yazdırıb.
Məktubda yazılanlar gedib düşüb “MTN radarı”nın diqqət mərkəzinə. Son nəticədə MTN generalları Akif Çovdarovla Hilal Əsədov işə qarışıb bazarı ata malı kimi tən ortadan bölürlər. Özü də, Hilal Əsədov bazarı Eldar Mahmudovun xeyir-duası ilə pay-puş elədiklərini də gizlətmir. Eldar Mahmudovun ayağı axsayan kimi, qaçıb müstəntiqlərin hüzuruna, deyib ki, mənim bazarda nə işim var? Eldar Mahmudov deyib, mən də Akifə qoşulub almışam...
O gün, bu gün, 10 ildən artıqdır ki, bazarın 50 faizi Hilal Əsədovun qayınatası Ənvər Məmmədovun, 50 faizi isə Çovdarovun qızı Aidə Qasımovanın adına keçib. Sonra Ənvər Məmmədov öz payını qızı Nüşabə Əsədovaya bağışlayıb. Özgə malı, can dərmanı - Hilal Əsədov deyir ki, onun ailə büdcəsinə hər ay bazardan cəmi-cümlətanı 20 min manat pul gəlib. Düz deyir, səhv deyir, bunu biz bilmərik, istintaqçıların işidir. Bu rəqəmi 10 ilə vurub öyrənirik ki, Eldar Mahmudovun müavini təkcə bazarda 2 milyon 400 min manat pul əldə eləyib.
Mahmudovu ötən il bazardan dilənçiləri qovan kimi vəzifəsindən qovdular, amma onun “halallıq” sertifikatı ilə öz generallarına ötürdüyü bazar qalıb onun əlaltılarının qohum-əqrəbasında. Sadəcə satıcının nəyinə lazımdır ki, bazar kimindir? Dindirirsən, deyir ki, mən kartof-soğan satanam. Bazarın sahibi generaldı, lap yaxşı, Cəlilabaddan gələn qardaşlardır, ondan da yaxşı.
Çingiz Əsədov satıb, bağışlayıb, cığallıq edib bizlik deyil. Bizim yerpulumuzu qaldırmasınlar, piştaxtamıza dəyib, tərəzimizə dolaşmasınlar. Qalan iş bizlik deyil. Getsinlər özləri harada istəyirlər məsələni aydınlaşdırsınlar. Bu bazar var olandan məhkəmə-polis-prokurorluq buraladan kəm olmur. Biri gedir, biri gəlir...
Bazar adamları da türmədə gün keçirənlər kimidir. Səni özlərinki bilsələr, kəlmə kəsərlər, bildiklərini deyərlər. Vay o gündən ki, qismində “çujoy” görsünlər, kəlbətin də köməyin olmaz, söz ala bilməzsən.
Odur ki, Həmid cibini qurdalayıb 50 qəpikliyi çıxarıb üzümə baxır. Eynəyinin altındakı gözlərini parıltısından, danışıq tövründən başa düşürəm ki, elə bazardaca, piştaxta arxasında sıxılıb satılan narın suyundan dadmaq istəyir.
Generalların payından birini süz, vursun deməyimlə, satıcının plastik qabı ləbələb doldurub həmkarıma ötürməsi bir olur. Həmid nar suyunu ləzzətlə içincə araya söz qatıb bazar haqq-hesabların, olub-keçənləri xəbər alıram. Satıcı söz üçün qabağındakı nar tayasının arasında eşələnmir. Deyir ki, nə olsun ki, eşitmişik bazarı cəlilabadlılardan döyə-döyə alıblar? Biz bunu desək nə olacaq, deməsək nə?
Bir başqası da sual edir ki, “KQB”yə kim girişə bilərdi. Bunlar, Səfərovlar 5 yox, 55 qardaş olsaydılar da, guya o boyda nazirliyin qabağında dayana bilərdilər? Topları yox, tüfəngləri yox. İntəhası, gərək generallar belə işlərlə yox, gedib öz işləri ilə məşğul olub, bazar söhbətlərinə qarışmasalar yaxşı olardı.
Gördün də axırlarını? O boyda “Qeqebe”ni bazara döndərdilər.Yanındakı da onun səhvini düzəldir, deyir ki, “KQB” sovet dövründə olardı, onlar da, olsaydılar də, bazar söhbətinə qarışmazdılar. Bunlar “mıtını” olandan sonra, “OBXSS” Eldar ora gələndən sonra belə işlərə girişdilər. Prezident də bunlardan sonra oranı ləğv elədi.
***
Bakımızın əlində, belə deyək, üstü 8 rəqəmli dörd tuz kartı var-birincisi, səkkiz guşəli milli rəmzimizdir. Digəri, şəhərin ən rahat məhəlləsi sayılan 8-ci mikrorayondu. İkincisi, Maştağadakı “Səkkiz qapı” ziyarətgahı, nəhayət dördüncüsü bax bu “Vosmoy bazarı”dır.
Bazar həm ucuzdu, həm də gəlirli. Ortasında sıraynan “KamAZ”lar düzülüb. Yüklüklərini açıb ticarətlə məşğuldurlar. Burda hotellər də mövcuddu, yataqxanalar da. Bar, restoran da az deyil bu uzun siyahıda.
***
Ağaclar, yaşıllıq zolaqları həmişə azərbaycanlılara mane olub. Əllərinə ilk imkan düşüncə, azərbaycanlılar adətən bu Allah nemətlərini kəsib-doğrayıblar.
“Vosmoy bazarı” da vaxtiylə şəhərin yaşıllıq zolağında yerləşib. Sovetlərdən sonra “it yiyəsini tanımayanda” bu cür yaşıllıq zolaqlarına qarşı Bakıda əsl vəhşilik, soyqırım start götürüb indiyədək dayanmır ki, dayanmır...
Psixoloqlar deyir-cinayətkar, əvvəlcə adətən it-pişiyi qətlə yetirir, sonra mütləq hardasa bir ağac kəsirlər. Sonra, insan kəlləsini.
Bakıdakı ağacları kəsənləri güdsən, mütləq aralarında qatı cinayətkarları aşkarlayacaqsan. Aralarında, “vosmoy bazarı”nda həm ağac, həm insan başı kəsənlər də tapılacaq, görərsən, mütləq. Yüzdə yüz!
Mətbuatda gedən son xəbərlər mövzu ətrafında nigarançılığımı xeyli artırıb indi. Hələ çox ağaclar, başlar kəsiləcək deyəsən Bakımızın bu qəliz ünvanında.
Bazar üstündə deyəsən təzə dava başlayıb. Ziddiyyətlər özünün pik nöqtəsinə gedib çatıb.
Namizədlər, iki fərqli koalisiyada birləşib “X” saatını gözləyirlər.
Bakımızın bu narahat ünvanından çəkdiyimiz yeni fotoşəkillərlə indi siz də tanış olun.(musavat.com)