200 manat pensiya alanların pensiyası 240, 239 manat alanlar isə ...
Gələn il Azərbaycanda əmək pensiyasının minimum məbləği 240 manat olacaq. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb. Dəyişikliklə əmək pensiyasının minimum məbləği 2022-ci ilin yanvarın 1-dən 20 faiz artırılaraq 240 manat olacaq.
Azia.az xəbər verir ki, iqtisadçı ekspert Qubad İbadoğlu sözlərinə görə, pensiyaların minimum məbləğinin 200 manatdan 240 manata qaldırılması o deməkdir yalnız 240 manatdan az olan pensiyalar artacaq:
"Yəni kimlərsə hazırda 200 manat alırdısa onun pensiyası gələn ildən 40 manat, kimlərsə 210 manat alırdısa onun pensiyası 30 manat, kimlərsə 225 manat alırdısa onun pensiyası 15 manat, kimlərsə 239 manat alırdısa onun pensiyası 1 manat artacaq. Kimlərsə 240 manat və ondan dan yuxarı pensiya alırdısa onun pensiyası artmayacaq".
Qubad İbadoğlu qeyd edir ki, bütün pensiyalar gələn ildən orta aylıq nominal əmək haqqının 2021-ci ildəki artım tempinə uyğun olaraq indeksləşdiriləcək:
"DSK məlumatına görə bu ilin 11 ayında bu göstərici 2,6 faizdir. İlin son 1 ayındakı artımı da nəzərə alsaq bu rəqəm 3 faizə çata, amma azala da bilər. Bu barədə məlumat yanvarın ikinci yarısında bəlli olacaq. Prezident də fevralın əvvəlində yanvarın 1-dən pensiyaları bu göstərici əsasında indeksləşdirilməsinə sərəncam verəcək. Nikbin ssenari üzrə hesab edək ki, 2021-ci ildə orta aylıq nominal əmək haqqının artım tempi 3 faizə çatacaq. Onda pensiyalar 3 faiz səviyyəsində artırılacaq. Yəni kimlərsə 250 manat pensiya alırsa onun pensiyası 7 manat 50 qəpik, kimlərsə 300 manat alırsa onun pensiyası 9 manat, kimlərsə 350 manat alırsa onun pensiyası 10 manat 50 qəpik, kimlərsə 400 manat alırsa onun pensiyası 12 manat artacaq. Hətta rəsmi inflyasiya səviyyəsi orta aylıq nominal əmək haqqının artım tempindən 2,5 dəfə çox olmasına baxmayaraq indeksləşdirmənin orta aylıq nominal əmək haqqınının artım tempi bazasında aparılması hazırda qiymətlərin və tariflərin bahalaşdığı dövrdə sosial ədalətsizlikdir. Adətən sivil ölkələrdə indekslərdirmə rübdə 1 dəfə inflyasiya səviyyəsinə görə aparılır. Azərbaycanda isə indeksləşdirmə ildə 1 dəfə orta aylıq nominal əmək haqqının artım tempinə görə həyata keçirilir".
"Minimum pensiya gələn ildən 200 manatdan 240 manata qaldırılması o deməkdir ki, minimum məbləğdən çox pensiya hüququ əldə etmək üçün tələb olunan sığorta kapitalı 28800 manatdan 34560 manata qalxır. Belə olan halda da gələn ildən pensiya yaşı çatanlar 3 qrupa bölünəcək.
1. Pensiya yaşına çatan şəxslərin 2006-cı ildən sonra yığılmış sığorta kapitalı 34560 manat və ondan azdırsa olanlara minimum pensiya məbləğində - 240 manat pensiya veriləcək.
2. Pensiya yaşına çatan, lakin sığorta stajı və kapitalı heç olmayanlara 180 manat yaşa görə müavinət ödəniləcək.
3. Pensiya yaşına çatan və 34560 manatdan çox sığorta kapitalına malik olanlar yığılmış kapitala proporsional olaraq 240 manatdan yuxarı pensiya alacaqlar" - iqtisadçı əlavə edib./ucnoqta.az/