Prezidentdən yeni qərarlar anonsu – Yol xəritəsi
Ölkə başçısı son zamanlar bölgələrə mühüm səfərlər edir
Prezident ölkə iqtisadiyyatının rayonlarda inkişafını təmin etmək və sosial inkişafın vəziyyətini dəyərləndirmək üçün müvafiq qərarlar qəbul etməyi hədəfləyir.
Bu sözləri Axar.az-a açıqlamasında keçmiş maliyyə naziri, iqtisadçı professor Fikrət Yusifov deyib. Onun sözlərinə görə, son səfərlərin aqrar sektora aid müəssisələrin açılışı ilə müşayiət olunması bir çox məqsədlərdən xəbər verir:
“Bu siyasət xüsusilə də regionlarda aqrar sektorun inkişafını yüksək səviyyədə təmin etmək və bu istiqamətdə lazımi qərarların qəbuluna yönəlik addımlardır. Bu gün Azərbaycan iqtisadiyyatının neftdən asılılığını minimuma endirmək, onun praktik olaraq tam şaxələndirilməsini həyata keçirmək nöqteyi-nəzərindən ciddi işlər görülür.
Ötən ildən başlayaraq real sektorun inkişafında onlarla qərar qəbul edilib. Oktyabrda biz artıq həm daxili, həm də xarici mütəxəssislər cəlb edilməsi ilə üzərində iş aparılan Azərbaycan iqtisadiyyatının yol xəritəsini görə biləcəyik. Bu yol xəritəsində real sektorun və bütün sahələrin inkişafı öz əksini tapacaq. Ölkə başçısı iqtisadiyyatın bölgələrdə daha da inkişafını təmin etmək və yerlərdə sosial rifahı gücləndirmək üçün müvafiq qərarlar qəbul etməyi hədəfləyir”.