Baş Prokurorluq: Fətullah Gülənin kitabları Azərbaycanda qadağan deyil
Dini İşlər üzrə Dövlət Komitəsi: Ölkəyə Gülənlə bağlı kitabların idxalına mənfi cavab verilir
“Amerikada sürgündə yaşayan türkiyəli ilahiyyatçı Fəthullah Gülənlə bağlı kitabların Azərbaycanda saxlanması və ya oxunması qadağan deyil. Bizimyol.info xəbər verir ki, Baş Prokurorluğun sözçüsü Eldar Sultanov BBC Azərbaycancaya belə deyib.
Xatırladaq ki, ötən həftə AXCP Xətai rayon Gənclər Komitəsinin sədri Fuad Əhmədli və Azadlıq qəzetinin maliyyə direktoru Faiq Əmirli saxlanılıb və onların barəsində əvvəlcə, 48 saat saxlanılması haqda qərar, daha sonra isə 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Fuad Əhmədlinin yaşadığı ünvana keçirilmiş baxış zamanı ona məxsus əşyaların arasında qanunvericiliklə qadağan edilmiş dini ədəbiyyat və CD disklər, Fəthullah Gülənin çıxışları olan vərəqələr, “Gülən camaatı” adlandırılan qrupun üzvləri, “Hizmət imam”ları adlandırılan şəxslər və onların qarışılıqlı əlaqələrinə dair sənədlər aşkar edilib. Baş Prokurorluğun Dövlət Təhlükəsizlik Xidməti ilə birgə yaydığı məlumatda deyilir. Prokorurluğun sözçüsü Eldar Sultanovun sözlərinə görə, Azərbaycanda Gülənlə bağlı ədəbiyyat qadağan deyil. "Sadəcə həmin kitabların idxalına Dini Qurumlarla İş üzrə dövlət Komitəsi müvafiq razılıq verməlidir", o bildirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, qurum uzun illərdir Fəthullah Gülənin "camaatçılıq prinsiplərini təbliğ edən" dini kitablarının Azərbaycana idxalına mənfi cavab verir.
Komitənin Dinşünaslıq Ekspertizası söbəsinin müdiri Nahid Məmmədov deyib ki, dini mahiyyət daşıyan və qurumla razılaşdırılmayan kitabları əldə edən hər bir şəxs Cinayət Məcəlləsinin 167-2 maddəsi ilə məsuliyyət daşıyır.
Maddənin tələblərinə əsasən müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı (kağız və elektron daşıyıcılarında), audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yayan şəxslər 5000 manatdan 7000 manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etməklə cəzalandırılır.
Eyni əməllər vəzifəli şəxs tərəfindən törədildiyi halda 7000 manatdan 9000 manatadək cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunur.