azia.az
azia.az

“Atom kralı”nı heyrətə salan, rus xəfiyyəsinin “tarixdən sildiyi” azərbaycanlının HƏYAT HEKAYƏTİ

5-07-2016, 22:53

“Atom kralı”nı heyrətə salan, rus xəfiyyəsinin “tarixdən sildiyi” azərbaycanlının HƏYAT HEKAYƏTİ 80 yaşında ABŞ-a, Nevada Ştatına, oğlunun yanına köçdü. Amma asan olmamışdı ona. Moskvada vətəndaşlığını dəyişmək haqqında ərizə verəndə onu çox incitmişdilər. Ağır xəstə olan bu yaşda adamı süründürmüşdülər, az qala hətta vətən xaini belə çıxaracaqdılar. Sonda Rusiya Baş Kəşfiyyat İdarəsində dilindən izahat almışdılar - SSRİ-də, Rusiyada apardığın elmi tədqiqatlar barədə heç vaxt, heç harada bircə kəlmə belə danışmayacaqsan. Bundan başqa, onun bütün elmi titulları da əlindən alınırdı. Sanki belə adam olmayıbmış kimi. Tarixdən silirdilər onu… Dünya kimya elminə ağlasığmaz töhfələr vermiş bu azərbaycanlını. Mendeleyevin elementlərin dövri sistemi cədvəlindən daha mükəmməl cədvəl tərtib edən, dünya kimyaçılarının az qala başına and içdiyi Çayxorskini…

Bu soyad sizə qəribə gəldi, eləmi? Bu məqama qayıdacağıq.

Adı Abbasdı qəhrəmanımızın. 1917-ci ildə indiki Ermənistanın Basarkeçər qəzasının Çaxırlı kəndində anadan olmuşdu. 1918-ci ildə azərbaycanlıların ermənilər tərəfindən öz doğma yurdlarından qovulması nəticəsində ailəsi əvvəlcə Ağdama, oradan da Ağdaşa köçür. Gələcək alimin uşaqlıq və yeniyetməlik illəri Ağdaşda keçir, burada orta məktəbi bitirir, sonra Bakıda texnikuma daxil olur. 1939-cu ildə isə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində təhsil almağa başlayır.

İndi qayıdaq Çayxorski məsələsinə. “Çayxorski” soyadının yaranmasının maraqlı tarixçəsi var. Tarixdən də məlumdur ki, çar Rusiyası dövründə zadəganlar özlərinə doğulduğu yerlə səsləşən soyad götürürdülər. Abbas Çayxorskinin hazırda ABŞ-da yaşayan oğlu Aleksandr müsahibələrindən birində deyirdi: “Bu soyad ulu babamızdan gəlir. O, çox inanclı adam idi. Buna görə də “Çaxırlinski” soyadını götürə bilməzdi. Məhz bu səbəbdən “Çayxorlu” soyadını seçir. Babam birinci dünya müharibəsində Polşaya sürgün edilmişdi. Çayxorski soyadını da polyaklar ona vermişdilər”.

Müharibə başlayanda Abbas tələbəydi, 3-cü kursda oxuyurdu. Amma ilk gündən cəbhəyə yollanmaq üçün ərizə yazır. 2 ay Bakı artilleriya məktəbində təhsil alır, 1941-ci ilin avqustunda isə Krım cəbhəsinə yollanır. 1942-ci ildə yaralanır. Onu tərxis etmək istəsələr də, razılaşmır, hətta yaralı halda yatdığı hospitaldan belə qaçır. Özü də birbaşa cəbhəyə. Müharibənin bitməsinə 3 ay qalmış, Kalininqrad istiqamətində gedən döyüşlərdə ikinci dəfə yaralanır, göstərdiyi qəhrəmanlığa görə 3-cü dərəcəli “Şöhrət” ordeni ilə təltif olunur.

Müharibədən sonra Bakıya dönən Çayxorski universitetdə təhsilini davam etdirməyə başlayır və tezliklə onu təhsil əlaçısı kimi SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə Leninqrad Universitetinin kimya fakültəsinin 4-cü kursuna, yenicə açılmış radiokimya bölməsinə keçirirlər.

1947-ci ildə o, ali məktəbi bitirəndən sonra təyinatla Çelyabinskdə təşkil olunmuş Atom mərkəzinə işləməyə göndərilir. Özü də sovet nüvə texnologiyasının atası sayılan İqor Kurçatovun yanına.

Abbas Çayxorski sonradan xatırlayacaqdı: “Çelyabinskin yanında qapalı bir şəhərcik idi. Özü də belə adlanırdı: “Çelyabinsk - 40”. İndi adını dəyişib Ozersk qoyublar. Mən ora həyat yoldaşım Jenya ilə birgə yollandım. Həmin vaxt Kurçatov uran reaktoru üzərində işləyirdi. Bütün SSRİ-dən ən savadlı gənc kimyaçıları ora yollamışdılar”.

Çox keçmir ki, Abbas Kurçatovun diqqətini cəlb edir. Söhbət ondan gedir ki, aparılan tədqiqatlar zamanı xüsusi vakuum qurğusunun yaradılması zərurəti ortaya çıxır. Kurçatov bu barədə dərhal Moskvaya məruzə edir. Moskvadan ona deyirlər ki, bu qurğunun yaradılma prosesi ən azı bir il çəkə bilər. Kurçatov isə tədqiqatlara ara vermək istəmirdi. İclasların birində o, bu barədə gənc tədqiqatçıları da məlumatlandırır. Abbas bu işi görə biləcəyini Kurçatova çatdırır. Məşhur alim Abbasın təklifinə ciddi yanaşmır. Amma yox da demir: “Çalış, işlə, baxaq”.

Heç bir ay keçmir ki, gənc Abbas vakuum qurğusunun çertyojlarını Kurçatova təqdim etmək istəyir.

Ardını özü danışır: “Qayda beləydi ki, Kurçatovun yanına girməyə icazə yox idi. Biz onunla həftədə ancaq bir dəfə təmasda olurduq. Amma mən çertyojları təcili ona göstərmək istəyirdim. Onun qapısının ağzında həmişə polkovnik rütbəli ki hərbçi keşik çəkirdi. Onlara məruzə elədim. Dedilər, gözlə. Bir saatdan sonra Kurçatov məni yanına çağırdı. Çertyoju göstərdim. Dedi, get. Bir saatdan sonra yenidən çağırdı. Heyrət içindəydi. İnana bilmirdi. “Afərin” - dedi. Dərhal da elə mənim yanımdaca Moskvaya zəng etdi. Oradan xüsusi təyyarə göndərdilər. Gəlib çertyoju apardılar. İki aydan sonra isə sovet konstruktorları artıq vakuum qurğusunu hazırlamışdılar”.

Abbas Çayxorski deyir ki, SSRİ-də nüvə məsələsini araşdıranları zarafatla “Bakı klubu” adlandırırmışlar. “Çünki Landau Bakıda anadan olmuşdu, mən azərbaycanlıydım, Kurçatovun özü Bakıda təhsil alıb işləmişdi. Bunları eşitmək çox sevindiriciydi”.

Məhz bu hadisədən sonra sovet kimya elmində Çayxorskinin adı məşhurlaşmağa başlayır. Tezliklə o, “Neptun kimyası” adlı monoqrafiya yazır. Və bu monoqrafiya dünyada bu mövzuya həsr edilmiş yeganə elmi əsərdir. Həmin nəzəriyyə bu gün də kimya və fizika sahəsində keçərlidir. 1970-ci ildə hazırladığı cədvəl Mendeleyev cədvəlinin modifikasiyası hesab olunur. Kimyaya beşinci kvant ədədinin gətirilməsi ideyasının da müəllifi məhz Çayxorskidir.

Bir maraqlı fakt: 1949-1985-ci illərdə Abas Çayxorskinin 96 elmi və texnoloji elmi işi qapalı elmi ədəbiyyat kimi çap olunub. Və hazırda Rusiya Federasiyasının qapalı elmi ədəbiyyatları arxivində saxlanılır.

1969-cu ildə Abbas Çayxorski atom enerjisindən dinc məqsədlərlə istifadə üzrə SSRİ Dövlət Komissiyasının sədri təyin olunur. O, düz 22 il, SSRİ-nin süqutuna qədər bu vəzifəni tutur.

1973-cü ildə isə Çayxorski olduqca ağır bir problemlə üzləşir. Söhbət ondan gedir ki, onun oğlu Aleksandrı universitetdən qovurlar. Bəlkə də çoxlarına qəribə gələcək, söhbət ondan gedir ki, Aleksandrı SSRİ-ni tərk edib xaricə mühacirət etmək istəyinə görə ali məktəbdən uzaqlaşdırırlar. Bu isə Sovet İttifaqında o cür məsul vəzifə tutan ataya ciddi problemlər yaşadır. Dostları Abbasa deyirlər ki, universitetin rektorundan xahiş etsin, Aleksandr universitetə bərpa edilsin. Abbas heç kimdən heç nə xahiş etməyəcəyini deyir. Ali məktəbdən qovulan Aleksandr orduya xidmətə yollanır və hərbi xidmətini başa vurduqdan sonra Moskvaya qayıtmır, Bakıya gəlir. 2 il neft mədənlərində, Bakı Şin zavodunda işləyir. Və yenidən universitetə bərpa olunur. Amma mühacirət fikri onu tərk etmir. Nəhayət, 1987-ci ildə Aleksandr SSRİ-dən qaça bilir. İsveç vətəndaşı olan bir qadınla nikaha girir, Stokholmda yaşamağa başlayır. İki ildən sonra isə Stokholmdan ABŞ-a köçür.

SSRİ dağılandan sonra Çayxorski Nüvə tədqiqatları komissiyasından uzaqlaşdırılır. Bu onda ruh düşkünlüyü yaradır. Özünə qapılır. Nəhayət, həyat yoldaşı Yevgenyia ilə qərara gəlirlər ki, Rusiyanı tərk edib ABŞ-a, oğulları Aleksandrın yanına köçsünlər. Bu qərar Moskvada hiddətlə qarşılanır. Rusiyanın hökuməti onu bütün titullardan məhrum edir və atom kimyası sahəsində tədqiqatlar aparmayacağı haqqında ondan yazılı iltizam alır. Məhz bundan sonra ona okeanın o tayına köçməyə icazə verilir. 2008-ci ildə, 91 yaşında isə ABŞ-ın Nevada ştatının Rino şəhərində vəfat edir.

Oğlu Aleksandr 2009-cu ildə atasının külünü Azərbaycana gətirə bildi. Onu Bakının qəbiristanlıqlarının birində dəfn etdilər...

“Mənə qarşı düzgün eləmədilər. Titullarım aldılar, özümü az qala xalq düşməni çıxaracaqdılar. Amma bir həqiqəti dərk etmədilər, mən alim idim. Elmlə məşğul olurdum. Və hələ nələr eləyə bilərdim”.

Bunları isə ABŞ-a köçəndən sonra demişdi Çayxorski. 80 yaşlı düha, öz vətənindən heç nəsiz yola salınandan sonra...


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi