Sürüşmə sahələri aktivləşib
Azərbaycanın bölgələrinə ötən ayın sonlarında yağan qarın əriməsi nəticəsində respublikanın bir çox rayonlarındakı sürüşmə əraziləri aktivləşib.
Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib ki, yağıntıların çox olması, qarın tədricən əriməsi nəticəsində xüsusilə Şamaxı-Muğanlı-İsmayıllı yolunda, Ağsu aşırımında, Xızı, Siyəzən, Şabran, Qusarda, Lənkəran-Astara, Lerik yollarındakı, eləcə də Kiçik Qafqazda Gədəbəy, Daşkəsən, Göygöl rayonundakı sürüşmə ərazilərində nisbi fəallaşma müşahidə edilir.
E.Əlizadə bildirib ki, Şamaxı-İsmayıllı yolunda, Lənkəran zonasında, Siyəzən-Şabran zonasındakı sürüşmə ərazilərində fəallaşma nisbətən çoxdur.
İnstitutun direkor müavini qeyd edib ki, Bakıda Zığ sürüşmə zonasında, Abşeron rayonunun Masazır qəsəbəsində və Şəhidlər xiyabanındakı “Əbədi məşəl” abidəsindən Teleteatra tərəf olan hissədə, yamac boyunca nisbi fəallıq müşahidə edilir.
E.Əlizadə Bakıda Zığ sürüşmə sahəsində fəallığın daha çox olduğunu da açıqlayıb: “Şəhidlər xiyabanı tərəfdə aktivləşmə ilk dəfə deyil. Sadəcə olaraq, orada vəziyyət sabit olub, amma son vaxtlar həmin ərazidə nisbi hərəkət, yəni nisbi fəallaşma hiss olunur”.