ABŞ-da yaşayan azərbaycanlı "Ebola"ya qarşı vaksin istehsal edir
ABŞ-ın İndiana ştatında yaşayan azərbaycanlı alim elmi nailiyyət əldə edib. Lent.az-ın məlumatına görə, ştatın ən məşhur şəhərlərindən biri olan Bluminqtonda yaşayan azərbaycanlı Teymur Qorxmaz oğlu Hacıyev dərman istehsalı üzrə ABŞ-ın ən yaxşı mütəxəssislərindən biri hesab edilir. Bu sahədə ən bacarıqlı mühəndislərdən biri kimi tanınan həmyerlimizin rəhbərlik etdiyi qurum “Ebola” virusuna yoluxmaya qarşı vaksin istehsal edir. Artıq T.Hacıyevin rəhbərliyi ilə minlərlə insanın ölümünə səbəb olan virusu zərərsizləşdirən vaksin də istehsal edilib.
Qeyd edək ki, T.Hacıyevin babası Azərbaycanda tanınmış alimlərdən olub. Teymur orta təhsilini Bakıdakı 42 nömrəli məktəbdə alıb. Sonradan Azərbaycan Texniki Universitetini bitirib. İxtisasca mühəndis-mexanikdir. 1991-1993-cü illərdə Respublika Uşaq Fondunun istehsal sahələrindən birində çalışıb. 2000-ci ildə ABŞ-a gələnədək Bakıda kiçik bizneslə məşğul olub. ABŞ-a gəldikdən sonra iki il Nyu-York şəhərində yaşayıb-işləyib. 2002-ci ildən ABŞ-ın Bluminqton şəhərində yaşayır, ABŞ vətəndaşıdır. Ötən müddət ərzində o, dərman istehsalı üzrə ABŞ-ın ən yaxşı mütəxəsislərindən birinə çevrilib. Bu sahədə ən bacarıqlı mühəndislərdən biri kimi tanınır. Onun rəhbərlik etdiyi qurum “Ebola” virusuna yoluxmaya qarşı vaksin istehsal edir. Ailəlidir, iki övladı var.