Niderland Xarici İşlər Nazirliyi və Avropa İnsan Hüquqlarını Müdafiə Mərkəzinin vəkillərinin İnterpolun baş katibi Yurgen Stokun adına məktubundan sonra 26 beynəlxalq hüquq-müdafiə təşkilatı “Azərbaycanlı hüquq müdafiəçiləri ilə bağlı sui-istifadələrin qarşısının İnterpol tərəfindən alınması” adlı birgə müraciət qəbul edib.
Bu müraciətlə bağlı tarixçi Arif Yunus bildirib:
Artıq İnterpoldan cavab gəlib. Cavabda deyilir ki, Arif və Leyla Yunusların həbsi və Azərbaycana məcburi deportasiyası barədə Azərbaycan hakimiyyətinin sorğusu təmin edilməyəcək.
“Bununla da İnterpolun köməyilə bizim məcburi göndərilməyimiz məsələsi qapandı. Ancaq, biz bununla mübarizəni bitirmək niyyətində deyilik. Azərbaycan hakimiyyəti özü də bilmədən mühüm məsələ qaldırdı: dikrator və avtoritar rejimlərin özgəfikirlilərə qarşı mübarizəsində İnterpoldan istifadəyə yol verilməməsi üçün bu beynəlxalq qurumda islahatların vacibliyi. Çünki bütün postsovet ölkələrində və digər regionlarda bu rejimlər özgəfikirliləri öz ölkələrinə deportasiya etmək üçün İnterpoldan istifadə edirlər. Və indi biz bu məsələni qaldırdıq ki, diktatorların çirkin niyyətlərində İnterpoldan istifadəyə yol verilməsin”, A.Yunus Facebook səhifəsində yazıb.
May ayında Bakı Apellyasiya Məhkəməsi hüquq müdafiəçiləri və keçmiş siyasi məhbuslar Leyla və Arif Yunusların məhkəmə iclasına məcburi gətirilməsi barədə qərar çıxarıb. Onlar ölkəni tərk edərək hazırda Niderlandda yaşayırlar.
Leyla və Arif Yunuslar Cinayət Məcəlləsinin 178.3.2-ci və digər maddələrinə əsasən ittiham olunublar. Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci tarixli hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə həmçinin onların əmlaklarının müsadirə olunması, bank hesablarındakı vəsaitin alınaraq dövlətin hesabına köçürülməsi öz əksini tapıb. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti verib.
Bakı Apellyasiya Məhkəməsinin 2015-ci il noyabrın 12-də keçirilən prosesində Arif Yunusun barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib, ondan başqa yerə getməməklə bağlı iltizam alınıb. Bundan sonra A. Yunus məhkəmə zalından azadlığa buraxılıb.
2015-ci il dekabrın 9-da isə Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən Leyla Yunus barəsində təyin olunan 8 il 6 ay, Arif Yunus barəsində təyin olunan 7 il müddətində azadlıqdan məhrum etmə cəzası 5 il sınaq müddəti təyin olunmaqla şərti hesab edilib.
Leyla Yunus məhkəmə zalından azadlığa buraxılıb. Bir müddət sonra onların hər ikisi müalicə olunmaq üçün Hollandiyaya gedib və hazırda da müalicələrini davam etdirirlər("Amerikanın səsi").