6 mindən çox Azərbaycan vətəndaşı əsir və girov götürülüb - İşçi Qrupu
“Aparılan araşdırmalar nəticəsində 6000-dən artıq Azərbaycan vətəndaşının Ermənistan tərəfindən əsir və girov götürüldüyü müəyyənləşib”.
Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini Eldar Səmədov deyib. O bildirib ki, indiyədək 1435 nəfər Azərbaycan vətəndaşı əsir və girovluqdan azad edilib: “Hazırda 3860 nəfər Azərbaycan vətəndaşı əsir və girovluqdadır. Bunlardan 3162-si hərbçi, 698 nəfəri isə mülki şəxsdir. Mülki şəxslərdən 60 nəfər yetkinlik yaşına çatmayan, 249 nəfər qadın, 303 nəfər isə yaşlıdır”.
E. Səmədov əlavə edib ki, 68 nəfər Azərbaycan vətəndaşı böyük pul müqabilində əsirlikdən azad olunub: “Əsirlikdə saxlanılan Azərbaycan vətəndaşlarının hədə-qorxu, şantaj yolu ilə Ermənistan xüsusi-xidmət orqanları ilə əməkdaşlığa cəlb edilməsi faktları da mövcuddur”.
İşçi qrup rəhbərinin müavini bildirib ki, 9 azərbaycanlı hərbi əsir iradəsinin əksinə olaraq, üçüncü ölkəyə göndərilib.