İlham Əliyevdən tarixi çıxış - Dünyaya güclü mesaj
“Türkiyənin marağında nədirsə, bizim də marağımızda odur. Təhlükəsizliyimiz də birdir, maraqlarımız da birdir, gələcəyimiz də birdir və həm Yaxın Şərqdə, həm də eyni zamanda, Avropada, - bir qədər bu məsələyə biz toxunduq, - tamamilə yeni vəziyyət yaranır və burada güclü Türkiyə amili əsas rol oynayacaq. Biz də onun yanındayıq. Yəni ki, gücümüz daha da artacaq. Hərbi güc, siyasi güc, iqtisadi potensial, birlik və bu gün dünyanın heç bir yerində bu qədər bir-birinə bağlı olan ölkələri görmək mümkün deyil, necə ki, Türkiyə və Azərbaycan. Ona görə biz çox ümidliyik və Suriyadakı dəyişikliklər bizi həddindən çox sevindirir. Birinci Türkiyəyə görə, ikinci özümüzə görə. Çünki 12 il ərzində bizim Suriya ilə heç bir əlaqəmiz olmayıb. Bizim səfirliyimiz oradan çıxarılıb və Əsəd dönəmində Suriya hər zaman Ermənistanın yanında idi. Bizə qarşı Ermənistanla faktiki olaraq birləşmişdi, sadəcə olaraq, Paşinyanın Əsədə göndərdiyi məktublara, göndərdiyi rəsmi heyətlərə baxmaq kifayətdir. Onlar Suriyanı yaxın müttəfiq sayırdılar və artıq buna da son qoyuldu”. Prezident Ilham Əliyev bu çıxışında çox ciddi mesajlar vermiş, digər çıxışında isə Türkiyə, Suriya münasibətləri və terrorla mübarizənin detalları haqqında danışmışdır.
"Bəli, biz çox şadıq ki, Suriyada dəyişikliklər baş verdi və bu münasibətlə Türkiyə ilə Suriyanın yeni hökuməti arasında mövcud olan əlaqələr, əlbəttə ki, bizi də çox sevindirir. Çünki Suriya Türkiyə ilə həmsərhəd olan ölkədir və hər bir ölkə öz sərhədlərinin kənarında vəziyyəti sabit görmək istəyir. O cümlədən terrordan, PKK terrorundan əziyyət çəkən Türkiyə haqlı olaraq öz sərhədlərinin hüdudlarından o biri tərəfdə terrorun ləğv edilməsini tələb edir və nəinki tələb edir və buna nail olur."
Prezident İ.Əliyev Türkiyə-Suriya münasibətlərindəki dəyişikliklərə dəstəyini bildirir. Əliyevin Suriyada baş verən dəyişiklikləri müsbət qiymətləndirməsi və Türkiyə ilə Suriya arasında əlaqələrin inkişafını alqışlaması, Azərbaycanın bölgədə sabitlik və təhlükəsizlik maraqlarını xüsusi vurğulayır. Bu mövqe, Azərbaycanın regional qonşuları ilə əməkdaşlığı dərinləşdirmək və Türkiyənin strateji maraqlarını dəstəkləmək siyasətinin davamıdır. Geosiyasi kontekstdən baxdıqda isə Suriyada illərdir davam edən münaqişə təkcə region ölkələrinə deyil, həm də qlobal güclərə ciddi təsir göstərib. Bu səbəbdən, Türkiyə-Suriya əlaqələrinin normallaşması, bölgədə təhlükəsizlik və iqtisadi inkişaf baxımından əhəmiyyətli ola bilər. Azərbaycan üçün isə bu proses, həm regional sabitliyə töhfə vermək, həm də Türkiyənin mövqeyinin güclənməsi baxımından vacibdir. Həmçinin Prezident Əliyevin Türkiyə sərhədlərinin terrorçulardan təmizlənməsi ilə bağlı mövqeyi, Azərbaycanın terrorla mübarizədə qətiyyətli mövqeyini nümayiş etdirir. Sözsüz ki, Azərbaycan Prezidenti İlham Əliyevin söylədiyi - “Hər zaman Türkiyənin yanındayıq” cümləsi, iki ölkə arasındakı əlaqələrin sadəcə siyasi deyil, həm də hərbi və strateji səviyyədə olduğunu təsdiqləyir. Prezident Əliyevin bu çıxışı, Şuşa Bəyannaməsinin ruhuna uyğun olaraq, Azərbaycanın Türkiyənin təhlükəsizliyi və maraqlarını dəstəkləməkdə qərarlı olduğunu göstərir. İlham Əliyevin İsrail-Fələstin münaqişəsinə toxunması, Azərbaycanın Cənubi Qafqazda ədalətli xarici siyasət yürütdüyünü və bu işdə də maraqlı olduğunu göstərir. Prezidentin çıxışı bunu bir daha təsdiqləyir ki, Azərbaycanın mövqeyi, hər iki tərəflə əlaqələri qoruyub saxlamaq və sülh prosesinə dəstək olmaq üzərində qurulub. Azərbaycan, İsrail ilə iqtisadi və texnoloji əlaqələrini inkişaf etdirir, digər tərəfdən isə Fələstinin hüquqlarını dəstəkləyir. Bu tarazlı mövqe, Azərbaycanın beynəlxalq aləmdə obyektiv tərəfdaş kimi tanınmasına şərait yaradır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu açıqlamaları, Azərbaycanın həm regional sabitliyə, həm də beynəlxalq ədalətə sadiqliyini nümayiş etdirir, Türkiyə ilə müttəfiqliyin daha da möhkəmləndiyini, Suriyada sabitliyin Azərbaycanın maraqlarına uyğun olduğunu, İsrail-Fələstin məsələsində isə balanslı və prinsipial mövqeyin qorunduğunu vurğulayır. Bu cür diplomatik mövqe isə Azərbaycanın beynəlxalq aləmdəki imicinə müsbət təsir göstərməklə yanaşı, regional proseslərdə daha aktiv iştirakını təmin edir.
İmza: Könül Fətullayeva, jurnalist