“Hikmət Hacıyevin missiyası Türkiyə və İsrail arasında vasitəçilik olub”
Bu günlərdə Prezidentin köməkçisi Hikmət Hacıyevin İsrailə səfəri oldu. Azərbaycan-İsrail münasibətlərinin yüksək səviyyəsini nəzərə alaraq, bunu adi bir səfər kimi də qiymətləndirmək olardı. Amma səfər dövründə Suriyada cərəyan edən proseslərə diqqət yetirdikdə, məsələnin belə bəsit izahı üçün əsas olmadığı aydın görünür.
Məlumdur ki, son 10 gündə Suriyada gedən proseslər həm Bəşər Əsəd rejiminin süqutu, həm də İran və Rusiyanın bu ölkədən çıxarılması ilə nəticələndi. Bir tərəfdən qardaş Türkiyə, digər tərəfdən də dost İsrail faktiki olaraq Suriyada həmsərhəd oldular. Təbii ki hazırda Türkiyə ilə İsrail arasında mövcud gərginlik səbəbindən bəzi analitiklər bu iki ölkə arasında toqquşmanın baş verəcəyini də ehtimal etdilər.
Buna görə də düşünürəm ki, Hikmət Hacıyevin İsrailə səfəri zamanı üzərinə qoyulmuş vəzifələrdən biri də anlaşılmazlığın yaranmaması və mümkün insidentlərə yol verilməməsi üçün Türkiyə və İsrail arasında vasitəçilik missiyası olub.
Xatırlatmaq istərdim ki, Qəzza bölgəsində məlum 7 oktyabr hadisələrinə qədər məhz Azərbaycanın vasitəçiliyi ilə Türkiyə-İsrail münasibətlərində normallaşma yaranmışdı. Lakin Qəzza olayları duruma ciddi mənfi təsir göstərdi və iki ölkə arasında münasibətlər yenidən pozuldu. Hazırda da hadisələrin sürətli inkişafını, həm Türkiyənin, həm də İsrailin Suriyada mövqelər əldə etdiyini, digər tərəfdən İranın bu ölkədə hələ də təsir imkanlarını saxlamağa cəhdlər göstərdiyini nəzərə alaraq, belə bir missiyaya ehtiyac var idi. İndi müşahidə olunan nisbi sakitlik onu deməyə əsas verir ki, Hikmət Hacıyevin səfəri zamanı hələlik iki ölkə arasında maraqları uzlaşdırmaq və yaxud da onları mümkün gərginlikdən sığortalamaq mümkün olub.
Bu da onu deməyə əsas verir ki, Azərbaycan dünyanın gündəmini zəbt etmiş daha bir prosesə çox dəyərli töhfə verdi. Zənnimcə, ağıllı, uzaqgörən diplomatiya həyata keçirən Azərbaycanın artıq regional çərçivədən çıxaraq qlobal proseslərin fəal iştirakçısına çevrildiyini deyənlər heç də yanılmırlar.
Azər Həsrət