azia.az
azia.az

Partiyalar bələdiyyə seçkilərinə necə hazırlaşır? (AÇIQLAMA)

17-10-2024, 22:01

Dekabrda Azərbaycanda bələdiyyə seçkilərinin keçirilməsi də gözlənilir. Mövcud qanunvericiliyə görə, bələdiyyələrə seçkilər ən geci 2024-cü ilin dekabrına qədər keçirilməlidir. Bu isə o deməkdir ki, yaxın iki ay ərzində bələdiyyə seçkilərinin keçirilməsilə ölkədə növbəti seçkilərin şahidi olacağıq. Lakin bələdiyyə seçkilərinə az qalsa da, görünən odur ki, siyasi partiyalar bu istiqamətdə o qədər də fəallıq nümayiş etdirmir. 

Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlama verən Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı bildirib ki, qərar vermək üçün MSK-nın bələdiyyə seçkisilə bağlı elanını gözləyirlər:



"Bələdiyyə seçkilərilə bağlı Müsavat Partiyası tərəfindən hələlik hər hansı bir qərar verilməyib. Sadəcə olaraq, partiya bütün seçkilərdə iştirakın tərəfdarıdır. Amma Mərkəzi Seçki Komissiyasının bələdiyyə seçkiləri barədə indilikdə elanı olmadığından partiya olaraq məsələ ilə bağlı hələlik qərar verməmişik. Elan olunandan sonra yekun sözümüzü deyəcəyik. Müsavat Partiyasının üzvlərinə bələdiyyə seçkilərində iştirakla bağlı sərbəstlik verilməsinin tərəfdarıyam".

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu rəhbərlik etdiyi təşkilatın bələdiyyə seçkilərində iştirakda elə də maraqlı olmadığını deyib:




"Azərbaycanda əsas seçkilər prezident və parlament seçkiləridir. Eyni zamanda, seçkilərdə iştirakla nəticələr arasında böyük fərqlər var. Bələdiyyə seçkilərinə gəlincə, partiya üzvlərimizdən kim prosesdə iştirak etmək istəsə, çalışacağıq ki, onlara dəstək verək. Bələdiyyə seçkisi müəyyən məhdud ərazidə keçirildiyindən burada xüsusi hazırlıqlara ehtiyac olmadığını düşünürəm".

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədrinin müavini Əli Orucov isə cəmiyyətin bələdiyyələrə inamının olmadığı qənaətindədir:



"Bələdiyyə seçkilərinin keçirilməsi günü yaxınlaşsa da, partiyaların bu istiqamətdə fəallıq göstərməməsi iki səbəblə bağlıdır. Birinci səbəb seçki sisteminin indiki durumu ilə bağlıdır. İnsanlar seçkilərdə sərbəst şəkildə mübarizə aparıb hansısa uğur əldə edəcəyinə inanmır. Digər tərəfdən, bələdiyyələr də ölkəmizdə özünü doğrultmayıb. İnsanlar bu quruma o qədər də maraq göstərmir. Düzdür, qanunvericilik bazası mükəmməldir. Amma bələdiyyələrin qanunvericilik bazasında fəaliyyətinə imkan yaradılmır. Bütün hallarda partiyamız bələdiyyə seçkilərində iştirakda da maraqlıdır. Siyasi Şuranın sabahkı iclasında bu məsələ də gündəlikdədir. Seçkilərdən kənarda qalmaq doğru deyil. Bu partiyalara cəmiyyətə öz mesaj vermək fürsəti yaradır. Həm də öz resurslarını nəzərdən keçirmək imkanı qazandırır".

Rüfət Sultan


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi