Türkiyədə gündəm: Kılıçdaroğlu yenidən CHP-yə qayıdır? - ÖZƏL
Türkiyənin Cümhuriyyət Xalq Partiyasında (CHP) 6-9 sentyabr tarixində qurultay keçiriləcək.
“Cebheinfo.az” xəbər verir ki, qurultayda nizamnamə dəyişikliyi olacaq.
Buna baxmayaraq, son günlərdə sabiq sədr Kamal Kılıçdaroğlunun qurultayı seçkili qurultaya çevirmək istədiyinə dair iddialar yayılır. Hətta onun artıq bunun üçün lazımi səsi də topladığı da bildirilir.
Bu isə CHP daxilində çox ciddi narahatlığa səbəb olub. Çünki hazırkı sədr Özgür Özəl qurultayın seçkili qurultaya çevrilməsini istəmir. Məhz bu səbəbdəndir ki, son günlərdə Özəl Kılıçdaroğlu ilə bağlı çox müsbət bəyanatlar verir.
O, həmçinin ötən həftəsonu Ankarada sabiq sədr ilə görüşdü. 2,5 saat davam edən görüşdə nizamnamə dəyişikliyi müzakirə olundu, Kılıçdaroğlunun məsləhətləri alındı.
Bütün bunların fonunda isə Kamal Kılıçdaroğlunun qurultayı seçkili qurultaya çevirib-çevirməyəcəyi, yenidən CHP sədrliyinə namizəd olub-olmayacağı müzakirə mövzusuna çevrilib.
Lakin “Cebheinfo.az”-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata əsasən, Kamal Kılıçdaroğlu lazımi səsi toplamasına rəğmən, qarşıdakı qurultayı seçkili qurultaya çevirmək üçün həmlə etməyəcək və CHP sədrliyinə namizəd olmayacaq. 6-9 sentyabr tarixində sadəcə partiyanın nizamnaməsinə dəyişikliklər ediləcək.
Üstəlik, bu dəyişikliklər Kılıçdaroğlunun tövsiyələri əsasənda həyata keçiriləcək.
Elmir Mustafa