azia.az
azia.az

"Yalançının atabatasına lənət" - Deputat OD PÜSKÜRDÜ

5-02-2024, 15:43

Xəbər verdiyimiz kimi, Azərbaycan tərəfi Avropa Şurası və İnsan Hüquqları üzrə Avropa Məhkəməsindən çıxmaq məsələsinə baxır.

Belə ki, Avropa Şurası Parlament Assambleyası ilin sonunadək Azərbaycana qarşı ədalətli mövqe ortaya qoymasa, rəsmi Bakı bu iki qurumdan çıxmaq barədə qərar qəbul edə və addımlar ata bilər.

Azərbaycan Avropa Şurası və Avropa Məhkəməsindən ayrıla bilərmi? Avropa Şurası və Avropa Məhkəməsi Azərbaycana lazımdırmı? 

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Elman Məmmdov qeyd etdi ki, 2001-ci ildə Azərbaycanla Ermənistan eyni vaxtda Avropa Şurasına üzv qəbul olunub.

Millət vəkili əlavə etdi ki, üzvlük üçün Avropa Şurası bizdən heç bir xahiş etməmişdi:

"Biz xahiş etmişdik. Məqsədimiz də məlum idi. Belə başa düşürdük ki, Avropa Şurası "ədalətli", "hüquqi" bir qurum kimi torpaqlarımızın işğaldan azad olunmasında, bizim haqq-ədalət işimizin, ərazi bütövlüyümüzün bərpa olunmasında yardımçı olacaq, işğalçı dövləti cəzalandıracaq. 2001-ci ildə jurnalistlər mənə bu sualla müraciət etdilər ki, üzv olmağımızın əhəmiyyəti nə olacaqdı? Türkiyəni çıxmaq şərti ilə orada təmsil olunan dövlətlərin hamısı xristian dövlətləridir və özlərini xristian klubunun üzvləri adlandırırlar. Dedim ki, Avropa Şurası bir xristian klubu olaraq onlar Ermənistan üçün həmişə müdafiə və qalxan rolunu oynayacaq, ancaq bizim üçün həmişə təzyiq vasitəsi olacaq. Doğrudur, o zaman bu fikirlərimə görə mənimlə razılaşmayanlar, hətta mənə irad tutanlar oldu ki, biz istəmişik, xahiş etmişik, Avropa Şurasına üzv qəbul olunmuşuq, sən niyə belə deyirsən? Dedim, ola bilər ki, səhv edirəm, amma mən vəziyyəti belə görürəm. Həqiqətən də bu keçən illər ərzində biz Avropa Şurasına üzv olduğumuz müddətdə Avropa Şurası bizə qarşı həmişə təzyiq vasitəsi rolunu oynadı. 44 günlük müharibədən sonra, xüsusilə də 19-20 sentyabrda keçirdiyimiz lokal antiterror əməliyyatlardan sonra Avropa Şurasının, Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin və Avropanın digər qurumlarının maskaları tamamilə cırıldı, özləri maskalarını cırdılar, içüzlərini özləri açıb göstərdilər. Yəni bunlar əvvəllər bir az abırlı davranırdılar, maskalanırdılar, ədalətsiz mövqelərini ört-basdır edirdilər. Ancaq bu son dövrlər çox həyasızlıqla bizə qarşı, qələbəmizə qarşı, ərazi bütövlüyümüzə və suverenliyimizə qarşı mövqe ortaya qoyublar. İndi bizə aydın oldu ki, bunlar elə bu illər ərzində Ermənistanın bizim torpaqlarımızı işğal etməsinə, xeyir-dua veriblər, rəvac veriblər, kömək ediblər".

Deputatın sözlərinə görə, 2001-ci ildə Avropa Şurasına üzv qəbul olmağa can atırdıq, səy göstərirdik, "ədalətli" qurum kimi bunlardan kömək umurduq.

"Umurduq ki, onlar yardımçı olacaqlar, işğala son qoyulacaq, haqq ədalət bərpa olunacaq. Onlar da bunu etmədilər.  Azərbaycan tərəfi iddia qaldıran kimi ki, siz niyə Ermənistana sanksiya tətbiq etmirsiniz, niyə Ermənistana qarşı bir tədbir görmürsünüz? Bunlar deyirdi ki, Avropa Şurası bu işlərlə məşğul olmur. İndi belə yerdə deyirlər ki, yalançının atabatasına lənət. Bəs qarışmırsınızsa, indi niyə meydana düşmüsünüz? Biz torpaqlarımızı işğaldan azad etmişik, ərazi bütövlüyümüzü, suverenliyimizi tam bərpa etmişik. Biz Ermənistanın ərazisinə müdaxilə etməmişik, işğalçı dövlət deyilik. Siz niyə bunu qəbul etmirsiniz? Bizə qarşı olan bu ədalətsiz, haqsız mövqeyinizlə nə demək istəyirsiniz? Belə olan tərzdə, yəqin ki, biz belə bir ədalətsiz qurumun üzvlüyündə qalıb-qalmamağımız haqqında ciddi düşünməliyik. Vaxtilə ulu öndərimiz onların üzünə qarşı belə bir fikir söyləmişdi ki, Çin, Yaponiya, Hindistan, bunlar Avropa Şurasının üzvü deyil, bunlar yaşaya bilmirlər? Bax, indi biz də bu sual ətrafında, bu fikir ətrafında fikirləşərək, bizə sərf edən, daha ədalətli mövqedə olan qurumlarla birlikdə olmaq haqqında düşünməliyik", - deyə Elman Məmmədov bildirdi.

Humay İSGƏNDƏRLİ


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi