Artur Xaçikyan: “Erməni ekspertlərin Qərbdən xəbəri yoxdur”
“Bakının Qərb platformalarında danışıqlar aparmaq istəməməsi təəccüblüdür, çünki əslində bəsit qınaqlardan başqa Qərb Azərbaycan tərəfinə real təzyiq göstərmir”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Stenford Universitetinin siyasi elmlər doktoru Artur Xaçikyan deyib.
“Bütün ciddi ekspertlər yekdilliklə Birləşmiş Ştatların öz maraqlarını müstəsna olaraq Azərbaycanda gördüyünü bildirir. Bir neçə gün əvvəl “Foreign Policy in Focus” jurnalında birbaşa olaraq Azərbaycan nefti və qazının ABŞ üçün Ermənistandan daha vacib olduğu, Amerikanın əsas məqsədinin regionu Rusiya və İranın təsirindən çıxarmaq olduğu məqaləsi dərc olunub. Burada ABŞ nümayəndələrinin Azərbaycanı Qafqazda əsas müttəfiq kimi görməsi, Azərbaycanın başçılıq etdiyi Qafqazda ABŞ hökmranlığının qurulacağı, Azərbaycanın ABŞ-ın regiondakı siyasətinin episentri olacağı qeyd edilib”, - deyə Xaçikyan vurğulayıb.
Onun sözlərinə görə, Fransa mediası da Qərbin Ermənistana real dəstək vermək perspektivinin olmamasından yazır. Erməni politoloqun fikrincə, Avropa da regionda maraqlarının Azərbaycanın nefti və qazı olduğunu açıq şəkildə ortaya qoyub.
“Əgər Ermənistandakı təbliğat qrupu bunu oxuya bilmirsə, biz kömək edə bilərik. Onlar özlərini qərbyönlü adlandırırlar, lakin Qərbdə nə baş verdiyindən xəbərləri yoxdur”, - deyə Xaçikyan bildirib.