Bu ölkə Putinin həbs olunmayacağına söz verdi
Braziliya Prezidenti Luis İnasiu Lula da Silva rusiyalı həmkarı Vladimir Putinin 2024-cü ildə ölkəsinin Rio-de-Janeyro şəhərində keçiriləcək G20 sammitində iştirak edəcəyi təqdirdə, həbs olunmayacağını bildirib.
Xəbər verilir ki, bu barədə dövlət başçısı Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən G20 sammitinin kuluarında “Firstpost”a müsahibəsində danışıb.
Cənubi Amerika ölkəsinin lideri Rusiya Prezidentinin gələn il baş tutacaq tədbir üçün Braziliyaya dəvət olunacağını, habelə özünün də Rusiyada keçirilməsi planlaşdırılan BRICS ölkələrinin görüşündə iştirak etmək niyyətinin olduğunu vurğulayıb.
“Putinin rahatlıqla Braziliyaya səfər edə biləcəyini düşünürəm. Deyə bilərəm ki, əgər mən Braziliyanın Prezidentiyəmsə, o da Braziliyaya gəlirsə, ona heç nəyə görə həbs etməyəcəklər”, - dövlət başçısı diqqətə çatdırıb.
Xatırladaq ki, 2023-cü il martın 17-də Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putin və Prezidentin Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanın ukraynalı uşaqları Rusiyaya qanunsuz deportasiya etməkdə şübhəli bilərək həbsinə order verib.