Azərbaycan və özbək xalqları arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır
Professor Mahirə Hüseynova, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya fakültəsinin dekan v.i.e
Ölkələrimizin diplomatik münasibətlərinin 1995-ci il oktyabrın 2-də qurulmasına baxmayaraq, ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni kökə malik olan Azərbaycan və özbək xalqları arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır.
İçərişəhərdə yerləşən, XV əsrə aid Buxara karvansarası Mərkəzi Asiyadan gələn tacirlər tərəfindən inşa edilib. XVI-XVII əsrlərdə yaşamış Azərbaycan filosofu, şairi və böyük din xadimi, əslən Qarabağdan olan Yusif ibn Məhəmmədcan Qarabağinin qəbri Özbəkistanın Səmərqənd şəhərində yerləşir. Bu faktlar münasibətlərimizin keçmişindən xəbər verir və göstərir ki, hələ XV əsrdə xalqlarımız arasında ticarət əlaqələri və elmi mübadilə mövcud olub.
İki qardaş xalq arasında mədəni əlaqələr sovet dönəmində də xeyli inkişaf edib. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistanda sığınacaq tapıb. Bu gün 70 minə yaxın azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir.
Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ulu Öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub. 1996-cı ildə Azərbaycanın Özbəkistanda, 1998-ci ildə isə Özbəkistanın Azərbaycanda səfirliklərinin fəaliyyətə başlaması ölkələrimiz arasında münasibətlərin daha da möhkəmləndirilməsinə əlavə töhfə oldu.
Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri də həlledici rol oynayır. 2022-ci il Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafı baxımından xüsusilə məhsuldar olub. Məhz həmin il dövlətimizin başçısının Özbəkistana üç dəfə səfər etməsi Azərbaycan Prezidentinin qardaş ölkə ilə əməkdaşlığın inkişafına böyük önəm verməsinin göstəricisidir. İki ölkə arasında bu vaxtadək imzalanmış 160-dan çox sənəd, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə bu əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb.
Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq ölkəmizdə bir sıra mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb və Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Bütün bunlar Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrindən, o cümlədən Özbəkistandan yükdaşımaların həcminin daha da artmasına təkan verəcək.
Özbəkistan Prezidentinin işğaldan azad edilən ərazilərə səfəri qardaş ölkənin Azərbaycanın həyata keçirdiyi bərpa-quruculuq işlərinə töhfə və dəstəyinin daha bir göstəricisidir. Səfər zamanı Füzulidə Özbəkistan tərəfindən inşa olunmuş 960 şagird yerlik məktəb binasının, eləcə də yeni tikilmiş bir sıra obyektlərin açılışları və yeni layihələrlə tanışlıq səmimi və qardaşlıq münasibətlərinin təcəssümüdür.
Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir.