Ermənistan yalnız bu halda "Nemezis" abidəsini götürməyə məcbur qalacaq - İLGİNC AÇIQLAMA
Azia.az media-Ermənistanın İrəvanın mərkəzində türklərə qarşı terrorçuluq və qətliamlar törədən təşkilata “Nemezis” abidəsini ucaltması Türkiyə və Azərbaycanın ciddi narazılığına səbəb olub. Türkiyə rəsmiləri bu abidənin götürülməsi ilə bağlı sərt bəyanatlar səsləndirərək Ermənistan hökuməti qarşısında tələblər irəli sürüblər. Həttta abidə götürülməyəcəyi təqdirdə Ermənistan və Türkiyə münasibətlərinin normallaşmasının mümkün olmayacağı da vurğulanıb. Bəs görəsən Türkiyənin tələbləri yerinə yetiriləcəkmi?
Mövzunu şərh edən politoloq Qabil Hüseynli bildirib ki, abidənin qoyulması hətta Nikol Paşinyan tərəfindən də təqdir olunmur: “Doğrudur, Paşinyan guya ölkəsində demokratiyanın hökm sürdüyünü əsas gətirərək abidənin qoyulmasına mane ola bilmədiyini qeyri-səmimi şəkildə bəyan etdi. Amma terrorçuluğu heç bir halda müdafiə etmək olmaz. Faşizmə qulluq edənlərə abidə qoymaq qəbulolunmazdır. Amma ermənilər bu addımı atıblar. Bu, beynəlxalq hüquq nöqteyi-nəzərdən düzgün deyil və ciddi şəkildə qınanılır. Əgər Ermənistanda bunu başa düşmürlərsə və terrorçuya abidə qoyulmasını özlərinin daxili işləri sayırlarsa, o zaman ciddi səhvə yol verirlər. Müəyyən dövrlərdə Türkiyənin dəyərli və əvəzolunmaz şəxslərinə qarşı terror törədib indi də rəsmi Ankara ilə münasibətləri normallaşdırmaq istəyi heç bir məntiqə sığmır və başadüşülən yanaşma deyil. Odur ki, Türkiyə öz tələbində haqlıdır və “Nemezis” abidəsi dərhal sökülməlidir”.
Qabil Hüseynlinin sözlərinə görə, Türkiyə addımlarında ardıcıl olsa və abidənin sökülməsini sonuna qədər tələb etsə, o zaman Ermənistan “Nemezis”i götürməyə məcbur qalacaq: “Bu, antibəşəri dəyərlərə söykənən bir məsələdir. Terroru, qanlı sui-qəsdləri müdafiə etmək beynəlxalq hüquqla ziddiyyət təşkil edir. Hesab edirəm ki, Türkiyə rəsmiləri hələlik abidənin götürülməsi ilə bağlı şifahi bəyanatlar səsləndirsə də, bir müddət sonra əməli addıma keçməlidirlər. Rəsmi Ankaranın əlində müəyyən rıçaqlar mövcuddur. Belə ki, Türkiyə sərhədləri açmaya, diplomatik münasibətləri bəpa etməyə bilər. Eyni zamanda Türkiyədə qeyri-qanuni yaşayan 150 minə yaxın erməninin oradan çıxarılması mümkündür. Beynəlxalq meydanda isə digər addımların atılması zəruridir. Məsələn, Ankara “Nemezis” abidəsini mübahisələndirə və bunu beynəlxalq məhkəməyə daşıya bilər. Beləcə məhkəmədə bu abidənin sökülməsi ilə bağlı qərarın qəbulu mümkündür.”
Müşviq Tofiqoğlu,
KONKRET.az