azia.az
azia.az

Medvedyevin deputatı Azərbaycana qarşı - DJ və korrupsiyaçı Matvey(çev)

22-04-2023, 08:32

“Vahid Rusiya” partiyasının deputatı Oleq Matveyçev Qazaxıstandakı hadisələr zamanı etiraz aksiyalarına dəstək verənlərin obyektlərini talan etməyə, onların avtomobillərini yandırmağa və arvadlarına təcavüz etməyə çağırıbmış

Dövlət Dumasında hakim “Vahid Rusiya” (Единая Россия) partiyasından deputat, İnformasiya siyasəti, informasiya texnologiyaları və rabitə komitəsinin sədr müavini Oleq Matveyçevin erməni xəbər agentliyinə müsahibəsində səsləndirdiyi sərsəm bəyanatlara Bakının reaksiyası başadüşüləndir. Bu ölkədəki səfirliyimiz Rusiya XİN-ə artıq etiraz notası göndərib, Milli Məclisin sədri Sahibə Qafarova da Dövlət Dumasının spikeri Vyaçeslav Volodinə etiraz məktub ünvanlayıb. “Vahid Rusiya” nümayəndəsinin Azərbaycan və Türkiyəyə qarşı ittihamları, onun “Azərbaycanın münaqişəyə təhrik etməsi haqqında” başından böyük danışması iki ölkə arasında münasibətlərə kölgə salır.

11.jpg (423 KB)

Məlumdur ki, “Vahid Rusiya”ya eks-prezident Dmitri Medvedyev rəhbərlik edir. Balaca boyuna rəğmən, Rusiyanın ən odioz siyasi fiqurlarından biri olan Medvedyev xüsusilə Ukrayna müharibəsindən sonra elə parlamentdəki deputatları kimi qeyri-ciddi bəyanatlar verməklə sanki “mən də varam” deməyə çalışır. Bu, öz işləridir. Amma onun rəhbərliyi dövründə bu partiyaya ultra-radikal mövqeləri ilə seçilən şəxslərin soxulması da faktdır. Onlar partiyada heç bir xüsusi çəkiyə və mövqeyə malik olmasalar da, qalmaqallı və sərsəm açıqlamaları ilə “Putinin partiyasını” gözdən salırlar. Bu qərəzli mövqe  xüsusilə Rusiyanın yaxın qonşularına və strateji müttəfiqlərinə münasibətdə nəzərə çarpır. Putinə görə partiya ölkəyə nəzarət üçün yalnız kiçik bir alətdir. Ona görə də partiyadan tez-tez belə “çatlaq səslər” gəlir.

Bu cür mövqe Azərbaycana münasibətdə ilk dəfə deyil. Dumanın hakim partiyadan olan üzvü Konstantin Zatulin dəfələrlə bu cür fikirlər səsləndirib, açıq ermənipərəst mövqe sərgiləyib. Rusiyanın hakimiyyətyönümlü daha bir deputatı, Dumanın İqtisadi siyasət üzrə komitəsinin sədr müavini Mixayil Delyaginin də ötən ilin martında Azərbaycana qarşı təcavüzkar müharibəni başlamağa açıq çağırışlar edərək ölkəmizin enerji infrastrukturu və neft sənayesinin  bombalanması barədə təxribat xarakterli çıxışını da yada salmaq olar. (Düzdür, sonra bu çağırışına görə üzr istədi). Dövlət Dumasının “Vahid Rusiya”dan olan daha bir üzvü, milliyyətçi mövqeyi ilə seçilən Vitaliy Milonov da bir sıra erməni və Rusiya mediasına müsahibəsi zamanı xalqımıza qarşı təhqiramiz ifadələr səsləndirmişdi. Həmin vaxt hətta YAP Medvedyevə məktub da göndərmişdi. Nə cavab verdilər, bilinmədi. Belə görünür ki, partiyadakılar Medvedyevdən pis nümunə götürürlər, üstəlik, belə təcrid vəziyyətlərində Azərbaycan və Türkiyə kimi strateji dövlətlərə dil uzadacaq qədər sayıqlıqlarını da itiriblər.       

Oleq Matveyçev Dumadakı vəzifəsinə baxmayaraq, ciddi fiqur deyil, bioqrafiyası da bunu təsdiqləyir. Məsələn, 90-cı illərdə  “Spektr” adlı gənclər gecə klubunda DJ işləyib. Sifarişlə musiqi səsləndirib.  

1993-cü ildə Qorki adına Ural Dövlət Universitetinin fəlsəfə fakültəsini bitirib, namizədlik dissertasiyası müdafiə edib. 2008-ci ildə prezidentliyə namizəd Medvedyevin seçki qərargahında işləyib. 2010-cu ildə federal hakimiyyət orqanları ilə əlaqələr üzrə Voloqda vilayəti qubernatorunun müavini vəzifəsində çalışıb. 2011-2012-ci illərdə Volqoqrad vilayəti qubernatorunun informasiya siyasəti üzrə müavini olub. 2018-ci ildə  Putinin də prezident seçkiləri üzrə qərargahının üzvü olub. 2021-ci ildə Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının filialını bitirib. Son parlament seçkilərində isə hakim partiyanın təmsilçisi kimi mandat alıb. 

oleqq.PNG (771 KB)

2022-ci ildə Matveyçev Borrelə məktub yazaraq, xəstəliyi səbəbindən Dövlət Dumasında qondarama “DXR” və “LXR”in “tanınmasına” səs verə bilmədiyi üçün ona qarşı rəsmi sanksiyaların tətbiq edilməsini xahiş edib. Bir neçə gün sonra Avropa İttifaqı Matveyçevi sanksiya siyahısına daxil edib.

2022-ci ilin yanvarında isə Matveyçev daha bir qalmaqalla diqqəti üzərinə çəkib. Bu adam təsəvvür edin ki, Qazaxıstandakı hadisələr zamanı etiraz aksiyalarına dəstək verənlərin obyektlərini talan etməyə, onların avtomobillərini yandırmağa və arvadlarına təcavüz etməyə çağırıb. Belə bir sarsaq hərifdir bu adam.  

2023-cü ilin fevralında Aleksey Navalnının təşkilatının dərc edilən korrupsiya araşdırmalarında onun da adı keçib. Məlum olub ki, Matveyçev qızının toyunu Barselonada keçirib, özü də sanksiyalaradək mütəmadi olaraq Avropanı gəzib. Onun qızı hazırda Cenevrədə yaşayır və etika məsələləri ilə məşğul olan təşkilatda işləyir. Təşkilatın işçilərinin maaşını isə Matveyçevin 74 yaşlı anasının rəhbərlik etdiyi “Vremya” fondu ödəyir. Büdcədən 285 milyon rubl alan fond “Vahid Rusiya”nın seçki layihələri ilə məşğuldur...

Onun ermənilərlə hansı mübhəm əlaqələri var, bilinmir, amma agentliyə açıqlamasında “xoruzlanması” əlbəttə ki, təsadüfi deyil.

şərçivənin altındabn ver bu şəkli.jpeg (1.11 MB)

Ermənilər indi ciddi cəhdlə Azərbaycanın İranla bərabər, Rusiya ilə də münasibətlərini zədələmək üçün dəridən-qabıqdan çıxırlar. Rusiya parlamentinin informasiya məsələlərini kurasiya edənlərdən birinin sərsəm açıqlamalarının bir səbəbini də burada axtarmaq lazımdır.

Bu qanmaz siyasətbazlar anlamırlar ki, bu cür mövqelər  Rusiyaya, onun təklənmə siyasətinə xidmətdir. Ona görə Rusiya narahat olsun, ətraflarına topladıqlarına bir daha baxsınlar, ağızlarını yumsunlar... 

Nazim SABİROĞLU,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi