Rusiya Qarabağdakı gərginlikdən narahatdır, təmkinli olmağa çağırır – XİN
Rusiya Qarabağda gərginliyin artmasından dərin narahatdır və tərəfləri təmkinli olmağa çağırır.
Busaat.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
“Biz Qarabağ münaqişəsi zonasında gərginliyin artması ilə bağlı ciddi narahatlığımızı bildiririk. Son günlər atəşkəs rejiminin dəfələrlə pozulması halları olub. Martın 5-də baş vermiş silahlı insident nəticəsində həm erməni, həm də azərbaycanlılar həlak olub”, – diplomat bildirib.
“Biz tərəfləri təmkinli olmağa və gərginliyini azaltmaq üçün addımlar atmağa çağırırıq”, – Zaxarova qeyd edib.
Zaxarova əlavə edib: “Moskva Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması ilə bağlı bəyanatının müddəalarına ciddi əməl olunmasının zəruriliyini bir daha təsdiqləyir. Rusiya Sülhməramlı Kontingentinin məsuliyyət zonasında təhlükəsizliyin və məişət həyatının təmin edilməsi ilə bağlı istənilən məsələlər sülhməramlıların himayəsi altında olan tərəflər arasında ünsiyyət vasitəsilə sülh yolu ilə həll edilməlidir”.
“Baş verənlər bir daha təsdiqləyir ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarının müddəalarının icrası çərçivəsində Bakı və İrəvanın təcili olaraq danışıqlara qayıtması vacibdir”, – deyə rus diplomat bildirib.