Bir qrup erməni və PKK-çı Parisdə İlham Əliyevə qarşı aksiya keçirdi – VİDEOLAR
15-03-2017, 09:06
Azərbaycan prezidenti İlham Əliyevin Fransaya rəsmi səfəri davam edir. Bu saatlarda Yelisey sarayında Fransa prezidenti Fransua Ollandla Azərbaycan dövlət başçısının görüşü keçirilir.
Amma İ.Əliyevin səfəri əleyhinə kütləvi aksiyaların keçiriləcəyi barədə erməni diasporunun hay-küylü bəyanatlarına baxmayaraq, etiraz kampaniyası planı tam iflasa uğrayıb.
Belə ki, bir neçə saat əvvəl əllərində PKK terror təşkilatının başçısı Abdulla Öcalanın portreti və qondarma “Kürdüstan” bayrağı, eləcə də jurnalist Xədicə İsmayılovanın, hüquq müdafiəçisi Leyla Yunusun və bloger Lapşinin hüquqlarının qorunmasına çağıran şüarlar olan bir dəstə adam Parisin mərkəzində aksiyaya çıxıb.
Virtualaz.org-un xüsusi müxbiri hadisə yerindən xəbər verir ki, aksiyada yalnız Ermənistan Respublikasının dövlət bayrağı qaldırılıb.
Aksiya iştirakçılarının sayca azlığı gözdən yayınmayıb. Hərçənd bir neçə saat əvvəl yüzlərlə azərbaycanlı və türk Eyfel qülləsi yanında Azərbaycan dövlət başçısının səfərini coşqu ilə qarşılamışdılar.
Xatırladaq ki, Fransa erməni təşkilatlarının “Collectif Van” nəşri martın 8-də bütün fransızlara müraciət edərək onları prezident İlham Əliyevin səfərinə qarşı erməni diasporunun aksiyalarını dəstəkləməyə çağırmışdı.
Erməni diasporunun nümayəndələri öz mitinqlərini 14 martda Parisdə, Lionda və Marseldə keçirməyi planlaşdırırdılar.