“Ermənistan “topdaşıyan” statusuna belə razıdır” — Şəbnəm Həsənova
“Ermənistan Cənubi Qafqazı bir liman kimi daha təhlükəli məsələlərə yelkən etməyə çalışır”
“Əvvəla qeyd edək ki, Hindistanın Ermənistanla bu məsələ ətrafında yaxınlaşmasının ardında iki məqsədi var. Bunlardan birincisi hərb sənayesinin ən çox gəlir gətirən sahələrdən biri olması fonunda silah təminatı bazarında tədarükçü kimi imic formalaşdırıb. İkincisi zənnimcə daha qabarıq görünən amil Pakistanın Azərbaycanla olan yaxınlığı, Cammu və Kəşmir məsələsində Pakistanın ərazi bütövlüyü və suverenliyi məsələsinə Azərbaycanın qəti dəstəyidir. Çünki o da məlum məsələdir ki, Hindistan silah bazarında hər nə qədər güclü aktora çevrilməyə çalışsa da silahlarının keyfiyyətinə və müasirliyinə görə Türkiyədən qat-qat geridə qalır. Bu baxımdan da Ermənistan harda bir balaca boşluq tapırsa ki, Azərbaycanın əleyhinə kiçik də olsa bir meydança olsun, orada hətta “topdaşıyan” statusuna belə razıdır. Onsuz da Ermənistanın dövlət olaraq yaradılmasının tarixi, siyasi məqsədi budur ki, Cənubi Qafqaza müdaxilə etmək lazım olanda, hansısa oyunun qaydalarını dəyişmək istəyənda ondan istifadə edilsin”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib. Politoloqun sözlərinə görə, Ermənistan silahı başqa dövlətlərdən alsa da əsasən Rusiyadan alır, hər zaman olduğu kimi sürüşkən siyasət yeridən Ermənistan indi başqa aktorlara da üz çevirir.
“Birincisi, aydın məsələdir ki, birmənalı Qərbə üz tuta bilmir. Əvvəla, ona görə ki, Qərbdən silahların alınması kifayət qədər mürəkkəb prosedurdur və olduqca uzun zaman tələb edir. İkincisi isə ən azından hələ indiki məqamda belə radikal dəyişikliyə getməz, gedə də bilməz. Ona görə də Hindistanla mövcud sahədə əlaqələr hər iki tərəfin marağına xidmət edir. Hindistan üçün cəlbedici amil Pakistanı “vurmaqdırsa”, Ermənistan üçün də əsas odur ki, Azərbaycana əks cinahda dayansın. Nəzərə alsaq ki, Hindistanın əsas rəqibi Pakistandır, bu dövlətin də Türkiyə və Azərbaycanla kifayət qədər sıx müttəfiqlik münasibətləri var. Ermənistan məhz burdan yapışmaq istəyir. Burada maraqlı bir yaxınlaşma da diqqəti çəkir ki, o da Rusiya-Pakistan yaxınlaşmasıdır. Rusiya-Qərb münasibətlərinin mövcud durumu fonunda yeni əməkdaşlıq platformaları, onların daha da dərinləşdirilməsi nəzərdə tutulur”, - deyə, politoloq qeyd edib.
Ş.Həsənova diqqətə çatdırıb ki, iqtisadi sanksiyalar yanacağın tədarükü kimi iddialı layihələri həyata keçirmək üçün Rusiyanı da yeni əməkdaşlıqlara vadar və sövq edir.
“Bu əməldaşlıq platformalarının qurulmasında isə siyasi sabitlik prioritet məsələdir ki, bununla bağlı ciddi problemlər və maneələr mövcuddur. Şanxay Əməkdaşlıq Təşkilatının Özbəkistanın Səmərqənd şəhərində keçirilən Sammitində də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Pakistanın Əfqanıstandakı vəziyyətə təsirinin güclü olmasını bildirməsi, məhz mövcud gərginlik fonunda sabitliyin yaradılmasında Pakistanı Moskva üçün prioritet Asiya tərəfdaşlarından biri kimi qəbul etdiyini açıqlaması heç də təsadüf deyil. Bu isə mövcud hadisələrin sonrakı, daha dəqiq ifadə etsək, proqnozlaşdırılması çətin ssenarisində Pakistanın dəstəyinə daha əsaslı ehtiyacın yarana biləcəyindən xəbər verir. Ermənistan regionumuza müdaxilə baxımından Rusiya və Qərbin kuklası rolunu oynayıbsa, görünən odur ki, indi də Hindistan və Pakistan qarşıdurması fonunda Cənubi Qafqazı bir liman kimi daha təhlükəli məsələlərə yelkən etməyə çalışır”.