Ermənistan Avropa Parlamentində də Azərbaycana uduzdu
Ermənistanla Azərbaycan arasında dəhliz məsələsi Avropa Parlamentində müzakirə mövzusuna çevrilib.
Cebhe.info xəbər verir ki, bəzi deputatlar Azərbaycana qarşı mövqe sərgiləyərək erməni lobbisinin təsiri altında çıxışlar etsələr də, bu, müzakirələrin gedişində heç bir dəyişiklik yaratmayıb.
Deputatların növbəti müzakirəsi ancaq Ermənistan və Azərbaycanla bağlı yeni hesabat layihəsinə həsr edilib.
Erməni mətbuatı iddia edir ki, Xarici Əlaqələr Komitəsinin üzvləri Aİ-nin Xarici Əlaqələr Xidmətinin nümayəndəsi Jan-Markos Skupadan Brüsselin Azərbaycanın dəhliz tələbinə necə münasibət bəslədiyini soruşanda müzakirələr daha da qızışıb.
“Azatutyun” radiostansiyası bildirib ki, diplomat bu suala birbaşa cavabdan yayınıb.
“Dəhliz tərəfi ilə bağlı fikir bildirmək bizim işimiz deyil, biz sülh müqaviləsinin imzalanması üçün tərəflər arasında dialoqu stimullaşdırmağa çalışırıq. Bu məsələlər tərəflər tərəfindən müzakirə olunmalıdır”, - deyə Skupa bildirib.
Diplomatın bu cavabına etiraz edən bəzi ermənipərəst deputatar Bella Nesterovadan da istədiklərini ala bilməyiblər.
“Avropa Komissiyasının nümayəndəsi ona ünvanlanan “Brüssel Azərbaycanın dəhlizlə bağlı tələblərinə necə münasibət bəsləyir?” sualına cavab olaraq bildirib ki, o, hansı dəhlizdən söhbət getdiyini bilmir”,-deyə sayt iddia edib.
Azərbaycanın strateji əhəmiyyəti qeyd edilir və bildirilir ki, Bakı yanacaq tədarükü üçün Avropa İttifaqının strateji tərəfdaşıdır:
“Azərbaycan Avropa İttifaqının strateji iqtisadi tərəfdaşı olaraq qalır, biz iqtisadi əməkdaşlığımızı daha da təkmilləşdirəcək hərtərəfli saziş imzalamağa yaxınıq. Bu ilin iyulunda Avropa Komissiyasının sədri Fon der Leyen və Azərbaycan arasında imzalanmış memorandum bizə enerji resurslarımızı şaxələndirmək və yanacağın qiymətini aşağı salmaq imkanı verir”.
Sənədin müəllifi Jelyana Zovko Rəsmi Bakı ilə iqtisadi əlaqələrin dərinləşdirilməsi proqramlarına ətraflı toxunub. Bəzi deputatların ermənipərəst çağırışlarına baxmayaraq, Bella Nesterova Aİ-nin humanitar məsələlərdə tərəflərə dəstək verməyə çalışdığını və minaların təmizlənməsi məsələsində Azərbaycana ən böyük donor olduğunu vurğulayıb. Avropa Parlamenti həm Ermənistan, həm də Azərbaycanla bağlı hesabatlarında 44 günlük müharibə zamanı və ondan sonra Avropa İttifaqının passiv mövqeyini tənqid edib və bunun Rusiya və Türkiyəyə Cənubi Qafqazda öz təsirlərini daha da gücləndirməyə imkan verdiyini vurğulayıb.
Eyni zamanda, deputatlar Avropa Şurasının rəhbəri Şarl Mişelin tərəflər arasında dialoqu təşviq etmək səylərini alqışlayıb, Ermənistan və Azərbaycan liderlərini sülh müqaviləsi ətrafında müzakirələrdə iştirak etməyə çağırıblar.
“Şarl Mişelin, Prezident Makronun səyləri, Ermənistan və Azərbaycanın dövlət başçılarının görüşləri ciddi siqnallar verir ki, biz də bu ölkələri Rusiyanın təsirindən çıxarmağa çalışırıq”, - deyə Azərbaycan üzrə məruzəçi Jelyana Zovko bildirib.
Hesabatların yekun mətni yanvarda Avropa Parlamentinin plenar iclasında müzakirəyə çıxarılacaq. Bununla belə, onlar məcburi xarakter daşımır.