Ziyafət Əsgərov fransalı senatorlara müraciət etdi: "Sizə bu ixtiyarı kim verib?"
Azərbaycana qarşı Fransa Senatında müzakirəyə çıxarılacaq qətnamə layihəsi hazırlanıb.
Noyabrın 15-də qəbulu gözlənilən qətnamədə Fransanın məqsədi Avropa İttifaqı ölkələrinə Azərbaycandan neft və qaz idxalını dayandırmağa çağırış etməkdir.
Maraqlıdır, Fransa Senatında belə bir qətnamə qəbul edilərsə, bunun Azərbaycana hansı mənfi təsirləri ola bilər?
Mövzu ilə bağlı Redaktor.az-a şərh verən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, deputat Ziyafət Əsgərov bildirdi ki, belə qətnamələr Fransa Senatı tərəfindən daha əvvəllər də çıxarılıb.
“Fransa senatı daha öncə də Dağlıq Qarabağı tanımaq istəyirdi. Belə sanksiyalarla bizi qorxutmaq mümkün deyil. Azərbaycanın öz müstəqil yolu, siyasəti var və bu yol ilə davam edəcək. Fransanın iç üzünü bir daha gördük. Onlar 30 il ərzində guya ATƏT-in Minsk qrupunda həmsədrlik ediblər. Həmsədrliyin vəzifəsi problemin həll edilməsidir, ən azından bitərəf qalmaqdır. Yəni ki, onlar tərəf tuturlar. 30 il ərzində də biz bunu gördük. Vətən müharibəsi dövründə isə açıq-aşkar gördük ki, Fransa Ermənistanın tərəfini tutur. İndi belə bir dövlət, dövlətin prezidenti Azərbaycan əleyhinə böhtanlar yağdırır, təhdidlər söyləyir”,- komitə sədri dedi.
Ziyafət Əsgərov hesab edir ki, bu cür qətnamələrlə Azərbaycanı qorxutmaq mümkün deyil:
“Mən senatorlara müraciət edirəm ki, siz məsələnin mahiyyətini bilmədən, yaxud da bilə-bilə və qəsdlə bunu niyə edirsiniz? Axı, bilirsiniz ki, Azərbaycanın torpaqları Ermənistan tərəfindən 30 ilə yaxın müddətdə işğal altında qalıb. Niyə bu barədə danışmırsınız? Yalan, böhtan dolu qətnamə qəbul etməyə hazırlaşırsınız. Kimə lazımdır bu? Azərbaycanın neftinin, qazının Avropa dövlətlərinə verilməsinin qarşısını almaq istəyirsiniz? Siz kimsiniz? Sizə bu ixtiyarı kim verib? Bu cür qətnamələr ilə bizi qorxutmaq mümkün deyil. Azərbaycan artıq 90-cı illərin əvvəllərindəki ölkə deyil”.
Komitə sədri qeyd etdi ki, Fransa senatının və prezidentinin bu mövqeyi regionda sülhə qarşı yönələn hərəkətlərdir:
“Onlar sülhə kömək etməkdən, töhfə verməkdən ki, Qafqazda təhlükəsizlik yaransın, sülh olsun, Ermənistan da inkişaf etsin, bunun əvəzinə vəziyyəti daha da gərginləşdirir, Ermənistanı qızışdırırlar. Bu, Ermənistana, ya Fransaya nə verəcək? Biz həmişə qeyd etmişik, möhtərəm Prezidentimiz də vurğulayıb ki, Ermənistanın çıxış, inkişaf yolu Azərbaycan və Türkiyə ilə münasibətlərin qurulmasından asılıdır. Ermənistan bu saat Azərbaycanla sülh müqaviləsini müzakirə etməlidir, bu barədə düşünməlidir”.