AzTV-nin “HƏFTƏ” analitik verilişində İranla bağlı son baş verənlər təhlil olunub.
Bakupost.az bildirir ki, Rövşən Məmmədovun təqdimatında yayımlanan efirdə o, İran əleyhinə sərt reaksiya verib.
“Fransanı da, ATƏTİ də haradasa başa düşdük. Deyək ki, xristian təşəbbeskarlığı var. İran, bəs sənə nə olub?! Azərbaycana qarşı aqresiyanın kökündə nə dayanıb?
Müharibəyə qədər işğal olunmuş torpaqlarda Ermənistanla baş-başa verib, məhz azərbaycanlıların tikdirdiyi evlərin daşını, damını belə oğurladın. Ərazilərin tarımar edilməsində, Qarabağın ekologiyasının, yeraltı və yerüstü sərvətlərinin yerlə bir edilməsində yaxından iştirak etdin. 44 günlük Müharibə sırasında bir neçə ultimativ bəyanatlar verdin, hətta Ermənistana silah daşınmasında dəhliz, nəfəslik rolu oynamaq üçün o ki var canfəşanlıq göstərdin. Rəsmi şəkildə bildirdin ki, Azərbaycandan atılan raket İrana düşərsə adekvat tədbirlər görüləcək. Yaxud Azərbaycan Ordusu Ermənistan ərazisinə girəcəksə, Tehran buna laqeyd qalmayacaq və s. kimi sərsəm bəyənatlar...
Bu azmış kimi Laçın və Zəngilan kimi sərhəd ərazilərdə hərbi təlimlər keçirdin, Azərbaycan və Türkiyə hərbçilərinin Laçında keçirdiyi təlimlərinə sərt reaksiya bildirdin. İndi də Araz boyu hərbi təlimlər, Şah dövründən qalma paslı silahları həmin bölgəyə toplamaqla görüntü yaratmağa çalışırsan.
İran informasiya vasitələrinin səhərdən axşamacan Azərbaycan əleyhinə təbliğat aparması, hətta təhqirə belə əl atması görəsən, nəyə hesablanılıb? Nə etmək istəyirsən?! Yoxsa, Azərbaycanın güclənməyindən narahatsan, qorxursan...”
Daha ətraflı videomaterialda: