"Azərbaycan BMT-dəki səsvermə ilə Rusiyaya etibarını nümayiş etdirdi" — Xocalının deputatı
“BMT-nin Baş Assambleyası böyük səs çoxluğu ilə dünya ölkələrini Ukraynanın dörd regionunun Rusiya tərəfindən ilhaq cəhdini pisləyən və Moskvanı bu ilhaq üçün keçirilmiş referendumların nəticələrindən imtina etməyə çağıran qətnamə qəbul etdi. Lakin Azərbaycan, Burkina Faso, Kamerun, Cibuti, El Salvador, Ekvatorial Qvineya, İran, Türkmənistan və Venesuela səsvermədə iştirak etmədilər. Azərbaycanın səsvermədə iştirak etməməsi məsələsinə gəlincə, qeyd edim ki, Azərbaycan Qoşulmama Hərəkatının həm üzvüdür, həm də sədridir. Digər tərəfdən, Azərbaycan Rusiya ilə bu ilin fevral ayında müttəfiqlik haqqında saziş imzalayıb. Bu məsələnin ikinci tərəfidir. Üçüncüsü isə Rusiya ilə biz qonşu dövlətlərik. Bütün sahələrdə bizim çox geniş əlaqələrimiz var. Ancaq bunlar bizə onu deməyə əsas vermir ki, Azərbaycan Rusiyanın Ukrayna ərazisinə müdaxiləsi ilə bağlı müharibəsinə haqq qazandırır. Xeyr, haqq qazandırmırıq. Azərbaycan həmişə birmənalı olaraq öz mövqeyini bəyan edir ki, biz bütün dövlətlərin ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına hörmətlə yanaşırıq. Eyni zamanda, qarşı tərəflərdən də bunu gözləyirik”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib. Deputat vurğuladı ki, bu müharibədə Azərbaycan tərəfi olaraq Rusiyaya bəraət qazandırmırıq:
“Amma müttəfiqlik haqqında imzaladığımız sənədə, qonşuluq münasibətlərimizə görə, digər tərəfdən də Rusiyanın bu gün Cənubi Qafqazda oynadığı rolu, Cənubi Qafqazda Azərbaycan-Ermənistan arasında olan münasibətlərdəki rolu və mövqeyi ilə bağlı təbii ki, biz də öz mövqeyimizi bu cür bildiririk. Dünyanın bir çox ölkələri Rusiyaya qarşı səsvermədə iştirak etdi və Rusiya əleyhinə səs verdilər. Ancaq Azərbaycan bunu etmədi. Bu bir daha Azərbaycan tərəfindən Rusiyaya çox ciddi bir mesajdır ki, biz münasibətlərimizdə səmimiyik. Qonşuluğumuzu, əməkdaşlığımızı, tərəfdaşlığımızı biz səmimi olaraq qoruyub-saxlamaq üçün bax bunu etdik. Sizdən də onu gözləyirik. Bizim ağrılı problemimiz olan Qarabağ məsələsində siz də bizdən nümunə götürün və ədalətli, səmimi mövqedə olun. İndi düzdür, Rusiyanın bu müharibədə mövqeyi ədalətli deyil, ancaq buna baxmayaraq Azərbaycan Rusiya ilə olan münasibiətlərimizə, əməkdaşlığımıza, tərəfdaşlığımıza görə, Rusiyaya bir növ etibarını nümayiş etdirdi”.
Aynurə