“Dünya müharibəsinə bənzər hadisələr baş verir” – Tofiq Zülfüqarov
Xəbər verdiyimiz kimi, Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Təhlükəsizlik Şurasının sədrinin müavini Dmitri Medvedev ölkəsinin özünü müdafiə etmək üçün bütün silahlardan, o cümlədən nüvə silahından istifadəyə hazır olduğunu bildiriblər.
NATO rəsmisi Kris Badia isə vurğulayıb ki, NATO Rusiyanın Ukraynaya qarşı nüvə silahından istifadə halına qarşı cavab variantları hazırlayıb.
Həmçinin Qərbin də belə bir halda Rusiyaya qaşı nüvə silahından istifadə edəcəyi gözlənilir.
Bəs, nüvə müharibəsinin başlaması nə dərəcədə realdır?
Bu barədə Redaktor.az-a danışan keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov bildirdi ki, məntiqə uyğun olaraq, nüvə müharibəsi baş verməməlidir:
“Rusiyanın və digər qonşu ölkələrin də maraqlarını nəzərə alsaq, bu, baş verməməlidir. Amma indi o qədər məntiqsiz, hətta Rusiyanın maraqlarına zidd olan hadisələr baş verir ki, indi heç nəyi istisna etmək olmaz”.
Rusiyanın nüvə silahından istifadə edəcəyi təqdirdə Qərbin də eyni silahla cavab verməsinə gəlincə politoloq qeyd etdi ki, bu, elə də dəqiq məsələ deyil:
“Bu məsələ ilə bağlı bəyanatlar göstərir ki, hər halda bir dəqiqlik yoxdur ki, Qərb də nüvə silahından istifadə edəcək. Hələlik belə bir bağlantı yoxdur ki, Rusiya istifadə edərsə, Qərb də istifadə edəcək”.
Tofiq Zülfüqarovun sözlərinə görə, hazırda dünya müharibəsinə bənzər bir hadisələr baş verir.
“Bəzi mütəxəssislər deyirlər ki, artıq Üçüncü Dünya müharibəsi başlayıb. Biz görürük ki, Rusiyaya qarşı hərbi müttəfiqlik edən bir qrup var və burada 40-dan çox ölkə eyni mövqedən çıxış edir. Bu da demək olar ki, dünya müharibəsinə bənzər bir hadisələr baş verir. Yəni bəzi mütəxəssislər hesab edir ki, dünya müharibəsi başlayıb”, - deyə o, qeyd edib.