azia.az
azia.az

“Ermənistanın bir ay vaxtı var, noyabra qədər…” – XİN başçılarının Cenevrə görüşü necə yekunlaşıb?

3-10-2022, 13:55


Dünən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın XİN başçısı Ararat Mirzoyan arasında Cenevrədə növbəti görüş baş tutub. Görüş zamanı C.Bayramov post-münaqişə dövründə səylərin Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin tənzimlənməsinə və sülh müqaviləsinin imzalanmasına yönəldilməsinin əhəmiyyətindən bəhs edib. Nazir bu xüsusda, Azərbaycan XİN tərəfindən təklif olunmuş beş baza prinsipləri əsasında müqavilənin elementlərini detallı şəkildə Ermənistan tərəfinin diqqətinə çatdırıb.

 

İrəvan sülhə hazır deyil…

 

Məlum görüşün Azərbaycan üçün əhəmiyyətini Sfera.az-a şərh edən millət vəkili Asım Mollazadə bildirib ki, Azərbaycan Ermənistanla bütün platformalarda danışıqlar aparır. Çünki bizə sülh lazımdır:

 

“Ermənistan uzun zamandır ki, sülh istiqamətində ciddi addımlar atmır, üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Ümid edirik ki, Ermənistan bu dəfə zəruri öhdəlikləri yerinə yetirmək istiqamətində və sülh sazişi üzərində çalışmağa başlayacaq. Lakin onların hərəkətləri, gün ərzində bir neçə dəfə bir-birinə zidd olan bəyanatlar səsləndirmələri onu göstərir ki, İrəvan sülhə hazır deyil və öz oyunlarını davam etdirir. Ermənistan yaxın müddətdə üzərinə düşən öhdəlikləri həll etməlidir. Əks halda onların dövlət olaraq mövcudluğu ciddi suallar doğurur. Ona görə də sülh sazişi imzalanmalı, Ermənistanın silahlı qüvvələri Azərbaycan ərazisindən çıxarılmalı, sərhədlərin delimitasiya və demarkasiya prosesi baş tutmalıdır. Azərbaycan kommunkasiyalar açılandan sonra bölgəmizi tərəfdaşlıq və əməkdaşlıq bölgəsinə çevirmək istəyir və Türkiyə də Ermənistana öz əlini uzadıb ki, onları dərin böhrandan çıxartsın. Bu baxımdan ermənilər ərazi iddialarına son qoysalar, Ermənistan normal dövlətə çevrilə bilər. Ona görə də Ermənistanın real addımlarını, sülh istiqamətində zəruri öhdəlikləri yerinə yetiməyini gözləyirik!”.

 

Ermənistanın cəmi bir ay vaxtı var!

Politoloq Cümşüd Nuriyev dünənki görüşdən sonra proseslərin müsbət bitəcəyinə inandığını qeyd edib:

 

“Azərbaycan öz ənənəsinə sadiq qalır. Yenə də müharibədən öncəki kimi məsələnin sülh yolu ilə həll olunmasının tərəfdarıyıq. Bir dövlət kimi hər zaman bunu dünyaya təlqin edirik. Azərbaycan uzunmüddət sülhün tərəfdarı olduğunu dedi, sonra isə öz gücünü göstərdi. Bizim yenidən güc göstərməyimizə ehtiyac yoxdur. Çünki 44 günlük müharibədən sonrakı əməliyyatlar da göstərdi ki, Azərbaycanın kifayət qədər gücü var və istədiyi vaxt İrəvana belə gedib çıxa bilər. Amma biz beynəlxalq hüquq normalarını pozmaq istəmirik. Nazirlərin dünən baş tutan üçüncü görüşündə Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanması üçün tərəflərin təklifləri müzakirə olundu. Maraqlarımız sülhün imzalanması, iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyasıdır. Təbii ki, sonrakı mərhələdə Azərbaycanı Naxçıvanla birləşdirmək üçün infrasturukturun yaradılmasını istəyirik. Onsuz da Ermənistan tam blokadadadır, Naxçıvanın qardaş Türkiyə ilə, İranla əlaqəsi var. Amma istəyərdik ki, Azərbaycanla Naxçıvan birləşsin, bu, həm də Ermənistanın blokadadan çıxmasına şərait yaradar".

 

Politoloq Azərbaycan tərəfinin dünənki görüşdə 5 əsas prinsip irəli sürdüyünü xatırladıb:

 

"Ermənistan tərəfi bu prinsipləri qəbul etmək məcburiyyətindədir. Çünki bu, beynəlxalq hüququn prinsipləridir. Ermənilər hər dəfə istər dövlət başçıları, istərsə də XİN başçıları səviyyəsində keçirilən görüşlər öncəsi təxribatlar edir, artıq bütün dünya da bunu bilir. Azərbaycan sübut etdi ki, təxribatlar törətdikləri üçün bütün məsuliyyət Ermənistanın üzərindədir. Ona görə dünya Ermənistanın “timsah göz yaşları”na inanmır. Hesab edirəm ki, dünənki danışıqlar yeni mərhələnin başlanğıcı olacaq. Ermənistanın bundan sonra nə təxribata, nə də qaçmağa yeri qalıb. Sülh müqaviləsinin imzalanmasında işçi qrupunun yaradılması üçün noyabr ayına qədər təkliflərini verməyə məcburdurlar. Çünki Şarl Mişelin başçılığı ilə Brüsselədəki son görüşdə də məsələlərin noyabr ayına qədər bitməsi üçün vaxt verilib. Ona görə də Ermənistanın cəmi bir ayı var. Proseslərin müsbət bitəcəyinə inanıram”.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi