“Xankəndi şəhərindəki separatçılar Azərbaycanla danışıqlara gəlir” - İLGİNC
“Azərbaycanın Laçın şəhərini nəzarətə götürməsi müsbət hadisədir. Ən maraqlısı odur ki, Xankəndi şəhərində olan separatçılar gizli olsa da, Azərbaycanla danışıqlara gəlir. Birincisi, mən Sərsəng su anbarı ilə bağlı tərəflər arasında görüşü qeyd edərdim. Elə Laçınla bağlı problemin həlli üçün də hansısa əlaqənin qurulması haqda fikirlər var”.
Azia.az xəbər verir ki, bu sözləri Reyting.az-a professor Əli Abbasov deyib.
Ə. Abbasov əlavə edib ki, Azərbaycan Xankəndi şəhərində qalan erməniləri Ermənistandan ayırmağa çalışır: “Mən ehtimal edirəm ki, baş nazir Nikol Paşinyan da bunu istəyir. Əlbəttə, o, hansısa fikirlər deyə bilər. Lakin onun da marağındadır ki, Xankəndi erməniləri birbaşa Bakı ilə əlaqə qursunlar. Əgər belə davam edərsə, onda bir problem qalır - Zəngəzur dəhlizinin açılması”.
Qarabağda qalan ermənilərlə Ermənistanı ayırmaq və bundan sonra sülh istiqamətində addımların atılmasına gəldikdə, Ə. Abbasov deyib ki, indi ermənilərin başqa yolu yoxdur: “Əvvəla, onlar çox şeyləri itiriblər. Azərbaycanın işğal edilən ərazilərini əkirdilər, elektrik stansiyaları tikərək yararlanırdılar və s. Amma indi bunlar mümkünsüzdür. Ermənistanın da imkanları yoxdur ki, Xankəndi şəhərində yaşayan ermənilərə kömək etsin, yol çəksin, ev tiksin və s. Odur ki, Qarabağdakı ermənilərin Azərbaycanla danışıqlara gəlməsinin alternativi yoxdur”.
Professorun fikrincə, ABŞ və Fransanın ATƏT-in Minsk qrupunu dirçəltmək istəyi təsadüfi deyil: “Məsələn, indiyə qədər bir neçə dəfə Şuşada tədbir keçirilsə də, ABŞ və Fransa səfiri ora gəlməyiblər. İndi də bu ölkələr çalışır ki, Minsk qrupunu dirçəltsinlər. Azərbaycanın dərhal reaksiya verməsi göstərir ki, ciddi proses gedir. Bəli, Dağlıq Qarabağ artıq yoxdur, amma kimlərsə olmayan ərazinin statusunu gündəmə gətirməyə çalışır. Həmçinin Rusiya-Türkiyə münasibətlərinin gələcəyi də bu baxımdan maraqlıdır. Yəni situasiya həm maraqlıdır, həm də mürəkkəbdir”.