“Azərbaycan həmsədrlərə qarşı korrupsiya ittihamı ilə iş aça bilər” - AKTUAL
“Azərbaycan xalqının və dövlətinin Minsk Qrupu həmsədrliyi ilə bağlı mövqeyi və baxışı birmənalıdır. Onlar 30 il ərzində ancaq erməni tərəfinin başını sığallama siyasəti yürüdüblər, Azərbaycan torpaqlarının xarabaya çevrilməsini gizlətməklə və pərdələməklə erməni cinayətlərini faktiki olaraq bu günə qədər ört-basdır etməyə çalışıblar. Hər üç həmsədr ölkənin səyləri bir-birini tamamlayıb. Onların fakttoplama missiyalarının Azərbaycanın kənd və şəhərlərini ermənilərin yer üzündən silməsini gizlətdiyi üçün Azərbaycan onlara qarşı korrupsiya ittihamı ilə beynəlxalq iş aça bilər”. Tanınmış konfliktoloq Elxan Mehdiyev müəlif yazısında belə qeyd edib.
Konfliktoloqun fikrincə, ABŞ dövlət katibinin Qafqaz üzrə xüsusi məsləhətçi, o cümlədən ATƏT Minsk Qrupunda həmsədr təyinatına Azərbaycan Xarici İşlər Nazirliyinin münasibəti təəccüb doğurur: “XİN-in ”Faktiki olaraq fəaliyyət göstərməyən Minsk Qrupunun “reanimasiya” edilməsi cəhdləri ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindən uzaqlaşması ilə nəticələnə bilər" ifadəsi, əlbəttə, ziddiyətli yanaşmadır. Əgər Azərbaycan ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində iştirakını alqışlayırsa, o zaman onlar Qarabağ üçün yaradılmış Minsk Qrupu üzvü və ya həmsədri kimi görüşlərə qatılacaq. Belə deyilsə, o zaman hansı statusda qatılacaq? Bilmək lazımdlr ki, Minsk Qrupu ATƏT tərəfindən ləğv edilməyib və Rusiyanın birtərəfli vəsitəçiliyindən qurtulmaq üçün Azərbaycan da ona 1992-ci ildə ikiəlli səs verib. Bu günə qədər də Minsk Qrupu qüvvədədir və onun fəaliyyəti üçün ATƏT hər il yüksək maliyyə ayırır. Azərbaycanın Minsk Qrupunun ləğv edilməsi ilə bağlı ATƏT qarşısında təklif qoyduğu da məlum deyil. Bu barədə XİN izahat versə, daha da faydalı olar.
Ukrayna savaşına baxmayaraq, ABŞ tərəfinin bu məsələdə Rusiya ilə birgə işləmək çağırışları onların bu məsələdə yenə də eyni fikirdə olmasından doğur. Rusiya bu çağırışları hələlik qulaqardına vursa da, düşünürəm ki, onların yenidən birgə işləməsi zaman məsələsidir. Bu işdə Rusiya tələsmir, çünki hesab edir ki, bölgəyə özü nəzarət edir. Nə zaman lazım bilsə, o zaman ABŞ və Fransa ilə fəaliyyətləri bərpa edəcək. Bu baxımdan bizim diplomatiya daha da fəal olmalı, yalnız sahədə öz işini görməlidir. Sahədə güclü olursa, bizə olan təsir və təzyiqlərin də faydası olmaz. Biz yalnız Ermənistanla birbaşa danışıqlara getməklə Minsk Qrupunu tam təcrid edə bilərik.
İkincisi, nəzərə almaq lazımdır ki, indiki ABŞ hökumətinin ən yüksək rəhbərliyi ABŞ tarixində olmayan dərəcədə erməni dairələri ilə çox yaxın münasibətdə və rəğbətdə olan şəxslərlə təmsil olunur. Və onlar da bu dairələrin tələblərini irəli daşımağa çalışırlar. Biz qarşıdakı iki ildə Amerikadan yeni tələblərlə üzləşəcəyik, ona görə də daxildə möhkəmlənməliyik, ancaq Qarabağda suverenliyi bərpa edən təşəbbüslərlə məşğul olmalıyıq". //musavat.com//