azia.az
azia.az

"Minsk qrupunun canlandırılması heç nəyi dəyişməyəcək"

17-10-2021, 22:54

"Minsk qrupunun canlandırılması heç nəyi dəyişməyəcək"
ATƏT-in Minsk qrupu 44 günlük müharibənin ardınca praktiki olaraq fəaliyyətini dayandırmışdı. Həmsədrlərin uzun illər boyu davam etdirdiyi uğursuz fəaliyyətdən sonra növbəti proseslərdə iştirakı aktual görünmürdü. Lakin son dövrlərdə həmsədrlər məsələsi yenidən ortaya atıldı və müəyyən fəallaşma baş verdi. Həmsədr ölkələrin nümayəndələri vaxtaşırı olaraq “münaqişənin uzunmüddətli həlli” üçün Minsk qrupu çərçivəsində danışıqların bərpasının vacibliyi haqda bəyanatlar verdilər.

Son günlərdə səriştəsiz vasitəçilərin səsi yenidən çıxmağa başlayıb. Fransanın Ermənistana yeni təyin edilmiş səfiri Anne Luyo həmsədr ölkələrin Qarabağa dair “böyük sülh razılaşması” üzərində işlədiklərini deyib. Səfir detallarla bağlı məlumat verməsə də, prosesdə Minsk qrupunun hər üç həmsədr ölkəsinin iştirakını vacib sayıb.

Minsk qrupunun “xortladılması” təşəbbüsləri ilə bağlı “Şərq”ə danışan siyasi icmalçı Azər Niftiyev bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində Qarabağ münaqişəsini əsas etibarilə həll edib. Analitik vurğulayıb ki, ATƏT-in Minsk qrupunun yenidən fəaliyyətə başlaması heç nəyi dəyişməyəcək:




“Onlar bundan sonra yalnız humanitar fəaliyyət göstərə bilərlər. Lakin bir məqam da var ki, bu qurum üzərinə düşən missiyanı həyata keçirməyib. Münaqişənin nizamlanması istiqamətində heç bir real nəticəyə nail olmayıb. Digər yandan həmsədr ölkələr münaqişəyə münasibətdə ədalətsiz mövqe sərgiləyiblər. Vətən müharibəsindən sonra Prezident İlham Əliyev də bunu açıq şəkildə söylədi. Belə olduğu təqdirdə onların yenidən fəaliyyət göstərməsinin bir mənası yoxdur”.

A.Niftiyevin sözlərinə görə, Minsk qrupunun həmsədr ölkələri hazırkı reallığı dərk etməlidir:

“Onlar heç bir halda Azərbaycanın daxili işlərinə qarışmamalıdırlar. Dağlıq Qarabağda yaşayan erməni vətəndaşlarının təhlükəsizliyi və hüquqlarının təminatı ilə bağlı ölkə Prezidenti İlham Əliyevin verdiyi zəmanəti birmənalı dəstəkləməli və bu mövzuya bir daha müdaxilə etməməlidir. İkincisi, Minsk qrupunun həmsədrləri öz ölkələrində erməni separatizmini və şovinizmini dəstəkləməkdən və Azərbaycanın ərazi bütövlüyünə zərər vuran addımlardan imtina etməlidir”.

Ekspert ATƏT-in yenidən münaqişəyə cəlb edilməsi fonunda Rusiyanın təsir gücünün azalacağı iddialarını qəbul etmir:

“Bu gün Ermənistanın nə siyasi, nə iqtisadi, nə də hərbi imkanları var ki, Azərbaycanla üz-üzə gəlsin. Müəyyən təxribatçı fəaliyyətlər və bəyanatlar ola bilər. Lakin real təhlükəni gördükləri zaman geri çəkiləcəklər. Unutmaq lazım deyil ki, qələbəni Azərbaycan Ordusu əldə edib. Bundan sonra Rusiya sülhməramlıları münaqişə bölgəsinə cəlb olunub. Lakin bu, o demək deyil ki, hər şeyə Rusiya nəzarət edir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi