Fransalı deputatdan Şuşaya getməyən səfirə ETİRAZ
Avqustun 27-də Şuşada beynəlxalq konfrans keçirilib. Konfrans işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlər və planlar, postmünaqişə dövründə minatəmizləmə əməliyyatları və şəhərsalma potensialının istifadə edilməsi, ümumi beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunub.
Tədbirdə Azərbaycanda akkreditə olunmuş, eyni zamanda, Ankarada, Tehranda və Moskvada fəaliyyət göstərən qeyri-rezident səfirlər, beynəlxalq diplomatik korpusun digər nümayəndələri, hərbi attaşelər, beynəlxalq təşkilatların təmsilçiləri, Türkiyə Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının yüksəkvəzifəli şəxsləri də olmaqla ümumilikdə 160-dan çox nümayəndə iştirak edib.
Ətraflı
Nədənsə belə mötəbər tədbirdə ABŞ və Fransanın ölkəmizdəki səfirləri gözə dəyməyib. Məlum olub ki, hər iki ölkənin Bakıdakı səfirlərinə konfransda iştirakla bağlı dəvət göndərilsə də, onlar Şuşaya getməkdən imtina ediblər.
Qəribədir ki, adları çəkilən ölkələrin səfirləri bundan öncə də Azərbaycanın mədəniyyət paytaxtında təşkil olunan beynəlxalq tədbirlərə qatılmamışdılar.
ABŞ və Fransa diplomatlarının Şuşa konfransında iştirak etməməsi ortaya ciddi suallar doğurur.
Fransa Milli Assambleyasının deputatı, Fransa-Azərbaycan dostluq qrupunun vitse-prezidenti Jerom Lamber Modern.az-a eksklüziv açıqlamasında bildirib ki, fransalı səfirin Şuşaya getməməsi arzuolunmaz haldır.
“Fransa səfirinin Şuşaya niyə getməməsinin səbəbini dəqiq deyə bilmərəm. Əgər digər avropalı səfirlər orada olublarsa, bizim səfirin orada olmaması qəbuledilməzdir. Bu, mənim üçün, Fransanın tamamilə bağlı olduğu Avropa siyasəti üçün əhəmiyyətli görünür.
Hesab edirəm ki, səfirimiz Azərbaycanın bütün bölgələrinə səfər edə bilər. Yəqin ki, onun “yaxşı bəhanəsi” var. Əks halda onun yoxluğu izaholunmazdır. Digər bir səbəb isə Fransa prezidentinin səfirlərin konfransını çağırması ola bilər. Səfirin gəlməməsinin səbəbi bu ola bilər”.
Qeyd edək ki, Fransanın Azərbaycandakı səfiri Zakari Qrossdur.