“Azərbaycan maşınları üçün tranzit marşrutlar hazırlanır” — Ermənistanın Milli Təhlükəsizlik Xidməti
Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) bazar ertəsi avtomobillərin Azərbaycandan Naxçıvana mümkün tranziti ilə bağlı açıqlama verib.
MTX belə tranzit olacağı təqdirdə Ermənistanda yerli və beynəlxalq əhəmiyyətli yolların bağlanacağı ilə bağlı yayılan şayiələri təkzib edir.
Yerasx (Naxçıvanla sərhəd), Sotk (Kəlbəcərlə sərhəd) və Qaraxuncda (Qubadlı ilə sərhəd) açılacaq yeni keçid məntəqələri “Azərbaycan Respublikasından avtomobil nəqliyyatının Naxçıvan Muxtar Respublikasına tranzit keçməsinə şərait yaradacaq”, – xəbərdə deyilir.
“Hazırda Ermənistan əhalisinin və əcnəbilərin hərəkətinə heç bir məhdudiyyətlər nəzərdə tutulmayan tranzit üçün mümkün marşrutlar və prosedurlar hazırlanır”,– MTX qeyd edir.
Rəsmi Bakı bu xəbəri hələ şərh etməyib.
Qeyd edək ki, əvvəllər Azərbaycanın qərb hissəsindən Ermənistan ərazisindən (Meğri) keçməklə Naxçıvana gedən dəmir yoluna paralel bir avtomobil yolundan danışılırdı.