"Marqaryan işi" böyüyür: Terrorçunun anası qalmaqallı açıqlama verdi
Ermənistanda meriyaya qumbara ataraq intihar edən Eduard Marqaryanla bağlı müəmmalar davam edir. Erməni cəmiyyətində bir sıra suallar doğuran bu insidentin sonda intiharla bitməsinə inananlar azalıb.
AzVision.az xəbər verir ki, buna səbəb Marqaryanın anasının diqqət çəkən açıqlamalar verməsidir.
O, iddia edib ki, oğlu intihar etməyib, hadisədə heç terror izi də yoxdur. Əslində hadisələr tam başqa məcrada gedirmiş, insident heç də cəmiyyətə rəsmi şəkildə təqdim olunan formada olmayıb.
Masis meriyasına silahlı hücum terror aktı adlandırılıb- Terror aktı da haradan çıxdı? Özləri zəng edib dedilər ki, “Eduard, bizim haqq-hesabımız var, gəl birlikdə hesablaşaq”. Zəng elədilər, saat 4-də danışdılar. Meriya adı demədilər. Bilmirəm onu hara çağırıblar, amma görüşə getməli idi. Oğlum dedi ki, mən merlə görüşə gedirəm. Sonra oğlum telefonda söylədi ki, “Yenə aldatdılar, yenə də mənimlə görüşmədilər”, - Marqaryanın anası deyib.
O, həmçinin qeyd edib ki, hazırda ölkədə terrorçu kimi təqdim olunan oğlu əvvəllər heç bir cinayət törətməyib, psixi problemi də yoxdur. Xəbərlərdə qəsdən yayılan informasiyalar kimi heç spirtli içki və narkotikdən də istifadə etməyib.
"Hraparak" qəzeti də yazıb ki, Eduard Marqaryanın administrasiya rəhbəri David Hambardzumyanla maliyyə problemləri yaranıbmış və o öz payına düşəni almağa çalışıb.
"Üstəlik, merin qardaşı Qor Hambardzumyan özünün biznes işlərini Marqaryanın vasitəsi ilə görüb və bu səbəbdən də onların aralarında maliyyə mübahisələri olub. Marqaryan uzun müddətdir ki, merdən görüş tələb edib, pulunu almağa çalışsa da, bunun heç bir nəticəsi olmayıb. Ona görə də o, belə qərara gəlib ki, meriyaya hücum etsin”, - məqalədə yazılıb.
Qəzet yazır ki, mərhumun ailəsi məhkəmə-tibbi ekspertizasının keçirilməsini və meyitdə olan bütün xəsarətlərin qeydə alınmasını tələb edir. Məsələ burasındadır ki, Masisdə bir neçə ay əvvəl Marqaryanın güllələndiyi, çiynindən yaralandığı barədə şayiələr dolaşıb. Lakin həmin vaxt cinayət işi başlanmayıb.
Xatırladaq ki, avqustun 19-u axşam saatlarında Masis meriyasına silahlı hücum olması barədə məlumat yayıldı. Terrorçunun binaya daxil olmasının ardınca partlayış və silah səsləri eşidilib. Həmin vaxt meriyada yalnız təmizlikçi və qarovulçu olub. İntihar edən erməni heç bir tələb irəli sürməyib. Sonradan onun şəhər Ağsaqqallar Şurasının keçmiş nümayəndəsi, 36 yaşlı Eduard Marqaryan olduğu müəyyənləşib. O, 2016-2021-ci illərdə məlum vəzifədə çalışıb.
Ermənistanın İstintaq Komitəsi (İK) silahlı şəxsin Masis şəhərinin meriyasının binasına daxil olmasını terror kimi səciyyələndirib.