Parlament Ermənistana təzyiqin artırılmasını istəyir
Rusiya və İran Ermənistana qarşı təzyiqlərini bir daha artırsın
Modern.az-ın xəbər verir ki, bunu deputat Fəzail Ağamalı Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hər iki ölkə işğalçılıq siyasətini davam etdirdiyinə görə Ermənistana təzyiq etməlidir:
“Həmçinin sanksiya tətbiq olunmalıdır. Çünki Azərbaycanın hər iki qonşu dövlətlə münasibətləri yaxşıdır”.
Deputat Zahid Oruc isə çıxışında qeyd edib ki, beynəlxalq aləmdə elə ermənilər var ki, onlar Azərbaycana qarşı loyal mövqedədirlər:
“Ermənistan zamanla ayrı-ayrı şəxslərdən ölkəmizə qarşı istifadə edib. Biz səngərdə dayanan erməni ilə mülki ermənini ayırmalıyıq. Biz qanunlarımıza, Konstitusiyamıza hörmət edən, Şəhidlər Xiyabanında baş əymək istəyən ermənilərin Bakıya gəlməsinə icazə verməliyik. Bu yaxınlarda da gördük ki, İsveçrədə mühacirətdə yaşayan Vaqe Avetiyan Bakıya gəlmişdi, ermənilərin törətdiyi əməllərə görə üzr istəmişdi və Şəhidlər Xiyabanını ziyarət etmək istəyirdi.
Sabah Azərbaycanın ərazi bütövlüyünə, Konstitusiyasına və qanunlarına əməl edəcək şəxs Azərbaycan pasportu istəsə, ona hansı mövqe sərgilənəcək? Nəzərə almalıyıq ki, xeyli sayda erməni var ki, Azərbaycan qanunlarına və ərazi bütövlüyünə hörmət edirlər. Gərək biz bundan yaralanaq. Çünki Ermənistan rəhbərliyi Ələkrəm Hümmətov, Fəxrəddin Abbasov və digrələrindən yararlanırlar. Biz bu yolla erməni cəmiyyətində yeni bir situasiya yaratmış olarıq.
Ona görə də hesab edirəm ki, Azərbaycanən ərazi bütövlüyünü, Konstitusiyanı tanıyan və xalqımıza qarşı cinayətlərdə iştirak etməyən, hadisələrə görə üzr istəyən ermənilərin Azərbaycana girişinə razılıq verməliyik. Əgər Azərbaycan bəyan edibsə ki, biz muxtariyyətə razıyıq, biz səngərdə olan əsgərlərə də bunu çatdırmalıyıq”.