“Prezidentin humanitar təşəbbüsləri bəşəriyyətin ümumi inkişafına xidmət edir“
Allahşükür Paşazadə: "İlham Əliyevin humanitar təşəbbüsləri bəşəriyyətin ümumi inkişafına xidmət edir"
Trend-ə istinadən bildiririk ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin "Azərbaycan" qəzetində dərc olunan "Allahın, haqqın, ədalətin yolunda" adlı məqaləsində deyilir.
Məqalədə qeyd olunur ki, vətənimiz Azərbaycan beynəlxalq müstəvidə artıq təkcə enerji layihələri ilə deyil, həm də mədəniyyətləri, dinləri bir araya gətirən, mənəvi-humanitar məqsədlər ətrafında cəm edən qabaqcıl bir ölkə kimi gündəmdədir: "Təbii ki, burada siyasi iradə, dövlət başçının lider rolu böyük önəm daşıyır".
A.Paşazadə bildirib ki, İlham Əliyevin multikulturalizm ideyasının fəal təbliğinə xidmət edən, qlobal miqyasda dəyər kəsb edən humanitar təşəbbüsləri bəşəriyyətin ümumi inkişafına, sülh və dinc birgəyaşayış amillərinə xidmət edir:
"Dünya iqtisadi böhran, siyasi gərginlik, mənəvi səciyyəli problemlər yaşadığı bir dövrdə bizim prezidentimiz bütün bunların fövqündə dayanmaq qüdrəti nümayiş etdirir, Beynəlxalq Humanitar forumlar, Mədəniyyətlərarası Dialoq forumları keçirərək Vətənimiz Azərbaycandan bütün dünyaya multikulturalizm ideyalarını təbliğ edir, millətlər, dinlərarası dialoqu təşviq edir, ədalətə və beynəlxalq hüquqa söykənən dünya düzəninə çağırışlarını bəyan edir".
QMİ sədri vurğulayıb ki, Qafqaz ərazisində yaşayan bütün xalqlar və etnoslar Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində və iqtisadi qüdrətinin artmasında İlham Əliyevin misilsiz xidmətlərinin şahididir:
"O, bir dövlət başçısı kimi milli mənəvi dəyərlərin, dini və tarixi abidələrin qorunması sahəsində fövqəladə işlər görmüş bir şəxsiyyətdir. Cənab İlham Əliyevin milli mənəvi dəyərlərə verdiyi yüksək qiymətin sayəsində ölkəmiz İslam mədəniyyət mərkəzlərindən birinə çevrilib".
A.Paşazadə qeyd edib ki, İlham Əliyevin beynəlxalq müstəvidə mədəniyyətlərarası, dinlərarası dialoq və multikulturalizm ideyalarına sədaqəti, etnik və dini tolerantlığı Azərbaycanın sərvəti kimi dəyərləndirməyi sayəsində ölkəmiz nəinki region, bütün dünya üçün nümunəyə çevrilib:
"Sovet dövründə respublikada cəmi 17 məscid fəaliyyət göstərib. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra - 1991-ci ildən indiyədək ölkədə ümumi sayı 2000-ə yaxın olan dini ibadətgah bərpa edilib, o cümlədən 814 məscid inşa olunub. Azərbaycan prezidentinin müvafiq sərəncamlarına və tapşırıqlarına uyğun olaraq, həmçinin Heydər Əliyev Fondu tərəfindən məscidlərimizlə yanaşı, xristian kilsələri, yəhudi sinaqoqları, alban-udin mədəbləri də inşa və ya əsaslı təmir olunub. Bütün bunlar ölkədə aparılan genişmiqyaslı işlərin bir hissəsi olsa da, müsəlmanların qəlbində dini dəyərlərə verilən böyük önəm və diqqətin təzahürü kimi öz əksini tapır. Əlbəttə, bu işlərdə əlahiddə olaraq 10 il ərzində Azərbaycan xalqının qədim tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini dünyaya tanıtdıran Heydər Əliyev Fondunun prezidenti, möhtərəm Mehriban Əliyevanın yorulmaz fəaliyyətini də xüsusi qeyd etmək lazımdır".