Tarixçi: “Adam xəcalət çəkir ki, bu cür millət vəkili var”
İstədiyin Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirmək deyilmi?
Bu sözləri tanınmış tarixçi-alim Dilavər Əzimli Milli Məclisin deputatı Fazil Mustafaya cavab olaraq öz Facebook profilində yazıb.
Dilavər Əzimlinin Facebook statusunu təqdim edirik:
"Fazil Mustafa yenidən ictimai rəyi Səfəvilərə qarşı döndərməyə çalışır. Bu adamdan soruşmaq lazımdır: Sən nə istəyirsən? Ayıbdır! Bəsdir bu cür mənasız və tarixi mənbələrə söykənməyən hədyanlar yazmaq. Adam xəcalət çəkir ki, bu cür millət vəkili vardır! Məhəmməd Əmin Rəsulzadənin o nitqinə söykənməklə nə demək istəyirsən? Bunun statusuna baxın:
"Türklər Bakıda ilk dəfə deyillər. Bu cür siyasi vəziyyəti Bakı bundan 350 il (yəni 1568, Səfəvilər dövründə) öncə yaşamışdır. O vaxt Özdəmir oğlu Osman Paşa bir miqdar əsgərlə bu tərəflərə gəlmiş, Şamaxı, Quba, Dərbənd və Bakını almışdı. (Qeyd edim ki, bu epizod Sara Aşurbəylinin “Şirvanşahlar dövləti” əsərində də yer alıb. Türkləri bura iranlıların zülmündən qurtulmaq üçün əhalinin müxtəlif təbəqələri dəvət etmişdi və onların ərazini ələ keçirməsinə hərtərəfli yardım etmişdilər- F.Mustafa) Bir azdan mərkəzi hökumət sülh bağladığına görə Osman Paşa yalnız qalmış, İstanbul tərəfindən tərk edilmişdir. Lakin o cəsur komandan məyus olmamış, əzminə xələl gətirməmişdir. Osman Paşa Bakı neftini inhisar altına almış, ipəyə maliyyə qoymuş, beləliklə büdcəni qaydaya salmışdır. Bakı qalasını təmir etdirərək müdafiəsini Əhməd bəy adlı bir komandana tapşırmış, özü Dəmirqapı Dərbəndə çəkilmişdi. Bu surətlə Bakı 6 ay tamam mühasirəyə dayanmış, nəhayət, düşməni (yəni qızılbaş ordularını- F.Mustafa) dəf edə bilmişdi. Tarix yenə təkrar edə bilər, həm etməlidir!” (səh. 63, “Azərbaycan qəzeti, 14 .11.1918, sayı 39)".
Bu adamın məqsədi yalnız iki dövlət arasında daimi gərginlik saxlamağa nail olmaqdır. Hamımız bilirik ki, Azərbaycanda nə qədər səfəvi aşiqləri vardır. Bunu Fazil və ona havadarlıq edənlər də bilirlər. Bilirlər ki, bunun əks reaksiyası olacaqdır.
Bu gün qardaş Türkiyə tarixçiləri səfəviləri türk yazdığı halda, bu şəxs iranlı kimi ifadələrdən istifadə edir. Sara Aşurbəylini sən tarixçi kimi oxuya bilməzsən. Çünki tarixi idarakın buna imkan verə bilməz. Sara xanım yaxşı tarixçi idi, amma bütün ömrü boyu səfəviləri sevmədi. O, Şirvanı Azərbaycan əraziləri saymırdı. Yazırdı ki, Şah İsmayıl Şirvanı işğal etdi.
Bu yəhudi-ingilis xəttinin tarixçilikdə ortaya atdığı xətt idi ki, bir zamanlar Minorski və başqaları da yazmışdı. Təəssüf ki, hələ də bu xətti davam etdirənlər vardır.
Bunlar hətta separatist Hacı Davudu qəhrəman kimi təqdim edir və yazırlar ki, səfəvi işğalçılarına qarşı mübarizə aparırdı. Fazilin də mövqeyi buna çox uyğundur. M.Ə.Rəsulzadədən niyə istifadə edir, bu da bəllidir.
Cənab Fazil, səfəvilərlə osmanlılar arasında daimi düşmənçilik olmamışdır. Səfəvilərin ağır vəziyyətində osmanlılar daima onlara kömək əlini uzatmışlar. M.Ə.Rəsulzadə də bu köməkdən yazmışdır. O, məcazi mənada bunu deməklə qardaşlığımızı dilə gətirmişdir. Tarixçi bu gündən o günə baxmamalıdır. Onda sual olunur, nəyə görə XVI əsrin əvvəllərində Şərqi Anadoluda baş verən üsyanlarda üsyançılar Səfəviləri köməyə çağırırdılar?
Bilirsən niyə? Ona görə ki, həmin ərazilər tarixi Azərbaycan əraziləri idi. Amma səfəvilər buna getmədi. Çünki Osmanlıya hörmətlə yanaşırdılar. Nəhayət, Şah Təhmasib Amasya sülhü ilə (1555) bunu təsdiq etdi. Yəni, tarixi Azərbaycan ərazilərini qardaşlıq naminə osmanlılara güzəşt etdi. Adını çəkdiyin ərazilər o zaman da Azərbaycanın şimal əraziləri idi. Şah İsmayıl o zaman bu əraziləri də səfəvilərin hakimiyyəti altına almaqla tarixi Azərbaycan coğrafiyasını bərpa etdi.
Amma o zaman Şirvanşahlar Səfəviləri qəbul etmirdi və ayrılmaqdan ötəri bəhanələr axtarırdılar. Bu da təbii idi. Vaxtilə bu sülalə Azərbaycanın bütövlüyü uğrunda fəaliyyətə başladı. Şirvanşah İbrahim bunun uğrunda çalışdı. Lakin iradəsi çatmadı. Buna görə də bu sülalə səfəviləri qəbul etmirdi. Ona görə də imkan olan kimi Osmanlı ilə münasibətlər qurub səfəvi sülaləsini devirmək istəyirdilər. Şamaxı, Quba, Dərbənd və Bakı da Şirvan şəhərləri idi. Bir də iranlı demək fars demək deyildir. İran coğrafi ərazidir.
Vaxtilə osmanılara rumlu deyirdilər. Bəyəm onlar yunan idilər? Bilmədiyin şeylərə toxunma! Bu gün şəxsən mən dəfələrlə məsələ qaldırmışam ki, biz bir dövlət, bir millətik. Türkiyə və Azərbaycan arasında sərhəd götürülməli və konfederativ ittifaq yaranmalıdır. Gələcəkdə isə birləşmə tam şəkildə başa çatmalıdır! Sən nə istəyirsən? Bu cür statuslarla nəyə nail olmaq istəyirsən?"
Gülyanaq İSMAYILQIZI