Üçtərəfli patrul xidməti - erməni və Azərbaycan əsgəri yan-yana?
Hərbi Polisin sabiq rəisi: “Bu, ancaq o halda mümkün olar ki...”
Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Qarabağda müəmmalı təxribatların qarşısını almaq üçün maraqlı bir təkliflə çıxış edib. “Hesab edirəm ki, təxribatların qarşısını almaq üçün ilk növbədə Qarabağdakı qeyri-qanuni erməni silahlı birləşmələri tərk-silah edilməli, bundan sonra isə onların yerinə həm azərbaycanlı, həm də erməni mülki əhalisinin təhlükəsizliyini təmin edə biləcək müvəqqəti yeni bir asayiş strukturu yaradılmalıdır. Bir sıra münaqişə zonalarında belə nümunələr var”, - deyə sabiq nazir söyləyib. T.Zülfüqarov deyib ki, üçtərəfli patrul xidməti yaradıla bilər: “Deyək ki, eyni sayda Rusiya sülhməramlıları, Azərbaycan hərbçiləri və Qarabağdakı ermənilərdən ibarət kommersiya əsaslı bir təhlükəsizlik şirkəti yaratmaq mümkündür. Və həmin şirkət Azərbaycanın büdcəsindən maliyyələşməlidir.
Belə olan halda azərbaycanlı, yaxud erməni tərəfinə qarşı hər hansı təxribatın qarşısını almaq və ya insident baş verdikdən sonra onu çətinlik çəkmədən ədalətlə araşdırmaq olar. Məsələn, hansısa bir olay zamanı Rusiya sülhməramlılarının da müşahidəsi altında həmin təhlükəsizlik qurumunun azərbaycanlı əməkdaşları azərbaycanlılarla, erməni əməkdaşları öz soydaşları ilə söhbət aparıb məsələni araşdıra və nəticə barədə müvafiq hüquq-mühafizə orqanlarını məlumatlandıra bilər. Zənnimcə, bu yolla bir sıra təxribatların qarşısını almaq mümkün olar”, - deyə sabiq baş diplomat bildirib.
İddialara görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon söhbətində Monitorinq Mərkəzinin səlahiyyətinin artırılması, Laçın dəhlizində, xüsusilə dəhlizin buraxılış məntəqəsində Rusiya-Türkiyə birgə patrul xidmətinin həyata keçirilməsinə razılıq verilməsini istəyib.
Hərbi Polisin sabiq rəisi, hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, Tofiq Zülfüqarovun təklifi ilk baxışda maraqlıdır və ermənilər Azərbaycan vətəndaşlığını qəbul etdikləri, Azərbaycan qanunlarını tanıdıqları halda, bu təklifdə nəzərdə tutulan məsələləri reallaşdırmaq mümkün olar: “Qarabağda yaşayan ermənilər Azərbaycan dövlətini tanımırlar, Azərbaycan vətəndaşlığından imtina edirlər, qanunlarımızı qəbul etmirlərsə, bu cür təkliflərin reallaşdırılması, tətbiq edilməsi mümkün deyil. İkincisi, Azərbaycan Konstitusiyasına uyğun olmaz. Hörmətli, təcrübəli diplomatımız Tofiq Zülfüqarov düzgün olaraq deyir ki, dünya praktikasında müxtəlif münaqişə zonalarında belə nümunələr var. Bəli, nümunələr var. Ancaq belə nümunələr ancaq bu halda mümkün olub ki, münaqişə zonasında yaşayan əhali ölkənin vətəndaşlığını qəbul edir. Qarabağdakı ermənilər bunu edirlər? Yox. Onlar hər fürsətdə bəyan edirlər ki, Azərbaycan vətəndaşı kimi yaşamaq istəmirlər. Azərbaycan vətəndaşlığını qəbul eləməyən, Azərbaycan dövlətini tanımayan insanlarla Azərbaycan Silahlı Qüvvələrinin hansı ad altında olmaqdan asılı olmayaraq bir yerdə xidmət aparması, birlikdə patrul fəaliyyəti ilə məşğul olması necə mümkündür? Ermənilər ilk növbədə Azərbaycan vətəndaşlığını qəbul eləməlidir. Məhz bundan sonra Tofiq Zülfüqarovun gündəmə gətirdiyi mexanizm-təklif tətbiq edilə və müəyyən müsbət effekti ola bilər. Azərbaycan ərazisində qanunlarımıza tabe olan qanuni silahlı qüvvələrdən başqa heç bir silahlı birləşmə ola bilməz".
Ekspert qeyd etdi ki, 10 noyabr üçtərəfli sazişindən sonra bölgədə təhlükəsizliyi Rusiya sülhməramlıları öz üzərinə götürüb. Bu gün sülhməramlılar təhlükəsizliyi təmin etmirsə, öz vəzifəsinin öhdəsindən gələ bilmirsə, onda ortaya sual çıxır ki, sülhməramlılar burada nəyə lazımdır: “Bəli, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti güclənməlidir. Laçın dəhlizinə təkcə ruslar nəzarət eləməməlidir. Laçın dəhlizindəki blok-postlar Türkiyə hərbçiləri ilə birgə təşkil olunmalıdır, birlikdə patrul xidməti həyata keçirilməlidir. Bu məsələni təkcə Türkiyə deyil, eyni zamanda Azərbaycan qaldırmalıdır. Bundan başqa, Laçın ərazisindəki Ermənistanla sərhəddə Azərbaycanın gömrük sərhəd buraxılış məntəqəsi fəaliyyətə başlamalıdır. Onun fəaliyyətə başlamasından və Türkiyə ilə Rusiya hərbçilərinin birgə patrul xidməti keçməsindən sonra təxribat hadisələrinin sayı azalacaq”.
Etibar SEYİDAĞA,