Avstriya bəyan etdi ki, Sərdar Cəlaloğlu hakimiyyətə işləyir
Avstriya bəyan etdi ki, Sərdar Cəlaloğlu hakimiyyətə işləyir
Avstriya hakimiyyəti 6 ildir bu ölkədən siyasi sığınacaq almağa çalışan Qasımovlar ailəsini Azərbaycana deportasiya etmək qərarına gəlib.
Siyafər və Şəmsiyyə Qasımovlar 2016-cı ildə iki övladı ilə birlikdə Azərbaycanı tərk ediblər. Avstriyaya gələn Siyafər Qasımov müxalif Azərbaycan Demokrat Partiyasının (lideri Sərdar Cəlaloğlu - red.) fəalı olduğunu bəyan edib və bildirib ki, həbs olunacağından qorxaraq ölkədən qaçıb.
Qasımovlar Aşağı Avstriyada məskunlaşıblar. Siyafər mexanik işləməyə başlayıb, Şəmsiyyə isə yerli universitetlərdən birinə daxil olub. Bütün bu illər ərzində Qasımovlar ailəsi vətənlərində siyasi təqiblərə məruz qaldıqlarını sübut etməyə çalışırdılar.
Lakin bu yaxınlarda Avstriya Federal İnzibati Məhkəməsi üçüncü və sonuncu dəfə Qasımovların siyasi sığınacaq tələbini rədd edərək, onların Azərbaycana deportasiyasına qərar verib.
Sərdar Cəlaloğlu
“Azərbaycan Demokrat Partiyası əsl müxalifət partiyası deyil, hakimiyyətə işləyir və onun üzvləri repressiyalardan qorxmamalıdır. Nə həyat yoldaşları, nə də onların uşaqları təhlükə altında deyil”, - “Kurier” nəşri Federal İnzibati Məhkəmənin qərarından sitat gətirir.
Qərar Siyafər Qasımovu şoka salıb: “Övladlarım avstriyalıdır, Azərbaycan dilini belə bilmirlər. Burada iş tapmışam, uşaqlarım gimnaziyaya gedirlər. Bizim avstriyalılar arasında dostlarımız var. Azərbaycana qayıtmağım ailəm üçün fəlakət olacaq”.