“Bizi narahat edən məsələlər barədə açıq danışmalıyıq” - Prezident
“Dünyada təhlükəli proseslər baş verir. Bəzi ölkələr tamamilə dağıdılıb, on milyonlarla insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb”.
APA-nın məlumatına görə, bu sözləri V Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib. O bildirib ki, miqrantların üz tutduğu Avropada onlara qarşı alçaldıcı hərəkətlərə yol verilir: “Avropada seçkilərə nəzər salsaq, görərik ki, radikal qüvvələr daha çox dəstək alır. Bu da Avropada radikallaşmaya yol açır. Bu, çox təhlükəli tendensiyadır. Biz sivilizasiyalararası dialoqdan danışır, ancaq sivilizasiyaların toqquşmasının ilk tendensiyalarını görürük. Bizi narahat edən məsələlər barədə açıq danışmalıyıq”.
Prezident İlham Əliyev islamofobiyanın təhlükəli olduğunu söyləyib: “Bəzi siyasətçilər, media orqanları islamı terrorla eyniləşdirirlər. Halbuki terrordan ən çox əziyyət çəkən islam ölkələridir. Bəzi Avropa ölkələri deyirlər ki, miqrantları qəbul etməyə hazırıq, ancaq müsəlmanları yox. Bu nədir? Avropada faşizm baş qaldırır? Radikal qüvvələrin daha çox dəstək qazanması narahatlıq doğurur. Biz bu məsələləri açıq şəkildə müzakirə etməliyik”.