azia.az
azia.az

Hindistan BMT TŞ-nin daimi üzvlüyünə gətirilir - bəs Türkiyə...

11-12-2021, 10:56

Baydenin ardınca Putin də Asiyanın ikinci ən böyük dövlətinin namizədliyini dəstəkləyib; politoloqlardan fərqli baxışlar...
Hindistan BMT TŞ-nin daimi üzvlüyünə gətirilir - bəs Türkiyə...
Həftə öncəsi Rusiya Prezidenti Vladimir Putinin Hindistana səfəri çərçivəsində iki dövlətin başçıları müasir qlobal reallıqları əks etdirmək üçün BMT Təhlükəsizlik Şurasında hərtərəfli islahatlara çağırış ediblər. “Yeni Müsavat” Kremlin rəsmi məlumatına istinadən bildirir ki, Rusiya reformalar aparılmış və genişləndirilmiş BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyünə Hindistanın namizədliyini dəstəkləyib.

ABŞ Prezienti Cozef Bayden də bəyan edib ki, Hindistan BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmalıdır. Məlumdur ki, BMT TŞ-də islahatların aparılmasının vaxtı çatdığını vaxtaşırı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan da bəyan edir. “Dünya 5-dən böyükdür” ifadəsi də ona məxsusdur. Onun bu mövqeyini Rusiyanın baş diplomatı Sergey Lavrov da dəstəkləmişdi.

Fakt budur ki, BMT TŞ-nin 5 daimi üzvü arasında (Rusiya, ABŞ, Çin, Fransa, İngiltərə) 1 milyardlıq müsəlman dünyasını təmsil edən bircə dövlət də yoxdur. O zaman TŞ-nin genişləndirilmiş daimi üzvlərinin tərkibində qardaş ölkə niyə də olmasın?! Əgər Hindistanın namizədliyi dəstəklənirsə, Türkiyənin də üzvlüyü qaldırıla bilər. Amma bu təşəbbüsü hansı dövlətin irəli sürəcəyi sual doğurur. Son illər Türkiyənin müstəqil siyasəti, regional oyunçuya çevrilməsi, silah istehsalı nəinki rəqiblərini, hətta NATO üzrə müttəfiq sayılan ABŞ-ı belə qane etmir. Bu baxımdan qardaş ölkəni BMT TŞ üzvü kimi görmək arzusunda hansı ölkələrin olacağı maraqlıdır. Misal üçün Rusiya Türkiyəni də orada görmək istərdimi?

Yeri gəlmişkən, Fransa da Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayının artırılmasını zəruri hesab edir. Əsasən Almaniya, Braziliya, Hindistan və Yaponiyanın adı çəkilir. Afrika ölkələrindən də daimi üzvün olması təklifləri dəstəklənir. Ancaq Türkiyə haqda fikir bildirilmir. Rusiya Türkiyəni orada görmək istəyərmi? Lavrovun Ərdoğanın BMT-də islahatlarla bağlı mövqeyini bölüşməsi Moskvanın Ankaraya bu yöndə dəstəyi kimi qiymətləndirilə bilərmi?

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, ayrı-ayrı dövlətlərin supergüclərin köməyi ilə TŞ-da daimi üzv qəbul edilməsi normal praktika sayıla bilməz: “Türkiyə özü dəfələrlə məsələ qaldırıb ki, BMT-nin Təhlükəsizlik Şurasından digər orqanlarına qədər hər birində reformalar keçirilməlidir. Ən azı 20-liyə daxil olan bir neçə ölkənin daimi üzv olması zəruridir. Yəni Təhlükəsizlik Şurasının say tərkibinin artırılması, islahatlar aparılması Ankara tərəfindən dəfələrlə təklif olunub. Ancaq Hindistanın seçilməsini məqsədəuyğun saymıram. Çünki Təhlükəsizlik Şurasının effektli işləməsi təmin olunmayıb”.

Q.Hüseynlinin sözlərinə görə, söhbət TŞ-nın müəyyən səlahiyyətlərinin alınıb Baş Məclisə verilməsi zərurətindən gedir: “Beləliklə, Amerika, ya Rusiyanın Hindistanı dəstəkləməsi bu ölkələrin BMT-də inhisarçı mövqeyə malik olması təəssüratı yaradır. Rusiya və ABŞ kimdir ki BMT-də hansısa üzv seçilməsini onlar müəyyən etsinlər? Ona görə də ayrı-ayrı dövlətlərin iradəsi ilə bu cür üzvlüyün olması BMT-nin səmərəli iş üsulunu itirməsinə gətirə bilər”.

Ramiyə Məmmədova: “Qaçqınlar məsələsi Avropanı Türkiyədən asılı hala gətirir”

Siyasi şərhçi Ramiyə Məmmədova Türkiyənin nəzəri olaraq TŞ-nın daimi üzvü olmasını mümkün hesab edir. Onun sözlərinə görə, daha bir NATO dövləti daimi üzvə çevrilə bilər. Onun fikrincə, bu həm də Azərbaycanın əlinin güclənməsi demək olacaq: “Azərbaycan BMT-də mövqelərinin möhkəmlənməsi baxımdan Türkiyənin Təhlükəsizlik Şurasına daimi üzv qəbul olunması unikal hadisə olardı. Lakin indiki situasiyada Fransa və ABŞ-ın bu məsələyə pozitiv baxacağını gözləmirəm. Rusiyanın Türkiyə ilə yaxınlaşması nöqteyi-nəzərdən Moskva müsbət qarşılaya bilər, amma ilk növbədə ABŞ və Fransanın razılığı da olmalıdır. Bu ölkələrin isə Türkiyə ilə son münasibətləri heç də ürəkaçan deyil”.

Ekspert Hindistanın şanslarını yüksək sayır: “Əvvəla, Rusiya həm Çinlə, həm də Hindistanla tərəfdaşlıq münasibətlərini genişləndirmək istəyir. Amma Pekin və Dehli arasında tez-tez gərginlik yaşanır. Ona görə Moskva hər ikisini barışdırmaq xəttini götürüb. Bu mənada Hindistan da Çin kimi TŞ-da daimi üzv olarsa, Rusiyanın ABŞ, İngiltərə, Fransa kimi digər üzvlər qarşısında mövqelərinə dividend qazandıracaq. Türkiyə də bura daxil olarsa, Kreml kifayət qədər əlini gücləndirəcək. Eləcə də bizim də marağımızdadır ki, Türkiyə TŞ-nin daimi üzvləri arasında yer alsın. Bunu Pakistan və digər müsəlman ölkələri də istəməlidirlər. Ərdoğan da söyləmişdi ki, Afrikadan, müsəlman ölkələrindən TŞ-da daimi üzvün olmaması ədalətsizlikdir. Lakin bunun tezliklə reallaşacağını gözləmirəm”.

Xatırladaq ki, BMT-nin Nizamnaməsinə görə TŞ beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında əsas məsuliyyət daşıyır. 15 üzvü var, 5 daimidir və 2 il müddətinə seçilən 10 qeyri-daimi üzvü var. Şuranın hər bir üzvü bir səsə malikdir. Prosedur məsələlərinə dair qərarlar Şuranın 9 üzvü səs verdikdə qəbul olunmuş sayılır. 24 oktyabr 2011-ci ildə Azərbaycan ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.

Emil SALAMOĞLU,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi