azia.az
azia.az

İsmayıl Alper çevriliş gecəsi Bakıda yaşadıqlarını anlatdı

12-08-2016, 08:40

İsmayıl Alper çevriliş gecəsi Bakıda yaşadıqlarını anlatdıTürkiyənin Azərbaycandakı səfiri çevriliş gecəsi Bakıda yaşadıqlarını anlatdı
İsmayıl Alper Coşqun: “O çevriliş baş tutsaydı...”; “Yeməkdə ikən mühafizəçim yaxınlaşıb dedi ki...”

Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşqun “Yeni Müsavat” qəzetinin redaksiyasında olub. Qəzetimizin baş redaktoru Rauf Arifoğlu ilə görüşdə səfirliyin ikinci katibi Oğuzhan Albayraq və mətbuat müşaviri Hamit Karadeniz də iştirak edib. Görüşdə qardaş ölkədəki 15 iyul hadisələri əsas müzakirə mövzusu olub.

Türkiyə səfiri “Yeni Müsavat” qəzetinin çoxsaylı suallarına cavab verib:

Rauf Arifoğlu:

- Cənab səfir, ilk olaraq çevrilişlə bağlı bir sıra suallarımız olacaq. Azərbaycan oxucusu üçün çox maraqlıdır, Azərbaycandakı Türkiyə səfirliyi və səfiri çevriliş gecəsini necə keçirtdi? Nələr yaşadınız, nələr düşündünüz; heyrətəmi gəldiniz, telefona sarılaraq Türkiyənimi aradınız? Və həmin gecə Azərbaycan vətəndaşlarının təpkisi necə oldu, yanınıza kimlər gəldi-getdi?

- Təşəkkür edirəm. Mən öncə sizə, sizin şəxsinizdə də bu dəyərli qəzetin bütün oxucularına, bütün Azərbaycan xalqına, qardaşlarımıza sevgilərimi ifadə etmək istəyirəm. O gecə açığı, çox ağır bir gecəydi. Hörmətli baş nazirimiz televiziyada “bu, bir çevriliş təşəbbüsüdür” deyə, bir açıqlama verənədək biz də nə baş verdiyini bilmirdik. O zaman hələ ki, prezidentimiz danışmamışdı. Bundan sonra bəzi yüksək çinli hərbçilərimizin açıqlamalarını gördük. Açığı, inanılası çətin olan bir təcrübə idi. Mən 12 sentyabr 1980-ci il çevrilişini də 14 yaşlı bir uşaq olaraq yaşamışam. O sabah qalxdığımız zaman rəhmətlik babamın mənə anlatdıqlarını xatırlayıram... Türkiyə konstitusiya quruluşunun bu şəkildə hədəfə alına biləcəyini açığı, gözləmirdim. Əslində bu, keçmişdə gördüyümüz hərbi çevriliş deyildi, fərqli bir şey idi. Həmin gecə mən yoldaşımla birgə yeməkdə idim. Çox gözəl də bir günün sonuna yaxınlaşırdıq. Çünki xarici işlər nazirimiz Bakını ziyarət etmişdi, xarici işlər naziri Elmar Məmmədyarovla mühüm məsələlər barədə danışılmışdı, başda Dağlıq Qarabağ məsələsi daxil olmaqla. Yeməkdə ikən mühafizəçim yaxınlaşıb dedi ki, Ankarada bir hərəkətlilik var, alçaqdan uçuşlar olur, İstanbul körpüsündə əsgərlər görünüb. Düşündüm ki, yəqin ağır bir terror təhdidinə görə ön tədbirlər görülür. Dərhal evə getdik. Televiziyalardan açıqlamalar gəlməyə başladı. Dostlarımızla əlaqəyə girdik. Biz səfirlik olaraq təhlükəsizlik tədbirləri gördük. Eyni zamanda əlavə məlumatlar almağa çalışdıq. Ən önəmlisi o idi ki, cənab prezidentimizin açıqlamasına ehtiyacımız var idi. Burada müstəqil media öz rolunu oynadı...

- CNN Türk üzərindən açıqlama verdi...

- Bəli. Azad mətbuat burada öz sözünü dedi. Bundan sonra, prezidentin çağırışı ilə xalqın küçələrə axışması başladı və çox möhtəşəm bir prosesin şahidi olduq; amma çox təəssüf ki, şəhidlər də verdik.

- Həmin gün İstanbulda olsaydınız, səfir olmağınıza rəğmən, siz də küçələrə çıxardınızmı?

- Orda insanlar küçəyə sifətlə deyil, ürəklə çıxdı. Mütləq çıxardım.

Bu yerdə Hamid Karadeniz üzr diləyib replika verir:

-Həmin gün mən Türkiyədəydim, ailəmlə bərabər küçəyə çıxdım. Cənab səfir 80-ci il çevrilişindən bəhs etdi, mən həmin dönəmin də şahidiyəm. Anamla birlikdə şəhərə gedirdik, Harun Karadeniz deyilən birisi var, mən də Hamit Karadeniz, təbii ki, adlar oxşardır. Məni arabadan endirdilər. Anam dərhal mənə sarıldı, “oğlumu haraya aparırsınız”, deyə. Dedim ana, rahat ol, bir şey yoxdur. Məni apardılar, kimliyimə baxdılar, gördülər başqa adamam, buraxdılar, qayıdıb gəldim... 15 iyul axşamı isə uşaqlar, kürəkənlər, hər kəs evdəydi. Prezident “küçələrə çıxın” deyən kimi cocukların anası “oğlum, nə durursunuz?”, dedi. Dərhal 3 oğlum, kürəkənim və bacım oğlu ilə birgə maşına minib əmniyyətin qarşısına getdik. Yəni 80-ci ildə analar oğullarına “haraya gedirsiniz”, deyib, onların qolundan çəkirdisə, bugünkü analar “nə durubsunuz”, dedilər...

“Azərbaycan hər kəsə demokratiya dərsi verdi”;

Səfir söhbətinə davam edir:

- Türkiyə toplumunun atdığı addımlar nəticəsində Türkiyə demokratiyası ilə bağlı çox fərqli bir mənzərə ortaya çıxdı. Hamit bəyin dediyi kimi, artıq Türkiyədə millət və dövlətin bütövləşməsindən bəhs edirik, bu, çox önəmli məsələdir. Burada konstitusiyalı quruluşa sahib çıxmağın zəruri olduğunu dərk edən hər kəs bütün təhlükələri göz önünə alaraq küçələrə axışdı. Demokratiyaya sahiblənmədən söhbət gedirsə, burada qurumlardan çox, küçələrdəki adamların qəlbində bu hissin olması önəmlidir. O gecə həqiqətən də 79 milyonluq Türkiyə Cümhuriyyəti vətəndaşı dastan yazdı.

- Bu, sanki bir az da Vətən müharibəsi refleksi idi. Amma müharibə yoxdu, içəridən olan bir hərəkət idi...

- Təbii. Biz içəridən gələn təhlükələri keçmişdə də gördük. Təhlükə haradan gəlirsə, gəlsin. Orada hədəf alınan konstitusiyalı quruluş idi. Türkiyənin düz ortasında elə bir yarıq açmağa çalışdılar ki, çevriliş baş tutsaydı, o yarıq hamımızı içinə alacaqdı. Ancaq çox qısa zaman kəsiyində görünməyən güc ortaya çıxdı. Yəni Türk insanı öz arasında qovğa da edər, çəkişər də, amma...

- Türkiyə prezidentini müxalif yönümlü, Doğan Media Qrupuna aid televiziya efirə çıxartdı...

- Bəli. 14 iyul gününün gerçəkləri ilə 15 iyul gerçəkləri bambaşqadır. Ən gözəli budur ki, o gecə haqqında bəhs etdiyimiz bu təpki ssenariləşdirilmiş, öncədən qurulmuş bir təpki deyildi. Bu, xalqın həmin anda ortaya iddia qoyması idi.

- Təbii ki, bütün bunlar hamımızın gözünün önündə oldu və təbii gəlişirdi... “79 milyonun dastanı” deyirsiniz. Amma hər dəfə 79 milyonluq deyəndə xaricdə qalan türklər də bir az rahatsız olur ki, “bəs, biz?” Azərbaycanı necə gördünüz?

- Elə isə o gecəyə dönək. O hadisələr baş verən zaman – 02.30 radələrində - mühafizə mənə xəbər verdi ki, səfirliyin qarşısında bir qrup insan dəstək aksiyası keçirir, həm də yetkililərlə görüşmək istəyirlər. Mən xəbər yolladım, “Allah razı olsun, biz burdayıq, işimizə davam edirik, dövlətimizin, millətimizin əmrindəyik, rahat olsunlar”, mesajı verdim. Ancaq “səfir burdadırsa, gəlsin, görüşək”, söylədilər və mən 3-ün yarısında onların qarşısına çıxdım. Azərbaycanlı və türkiyəli qardaşlarımız bir araya gəlmişdi. Onlar bizə suallar verdilər ki, burada mühafizə və s ilə bağlı sıxıntı varmı ? Mən də dedim ki, hər birimiz burada işimizin başındayıq, yanımda çalışan hər kəs də mənim kimi dövlətimizin əmrindədir, dedim və onlara təşəkkür etdim. Sizin sözünüzə gəlirəm, bu, tək səhifəlik dastan deyil. Bizim nəzərimizdə Azərbaycan da bizimlə birlikdə çox önəmli bir dastan yazdı. Qapıya insanlar gəlsə də, gəlməsə də... baxın, artıq mən 4 ildir bu ölkədə fəaliyyətdə olan bir səfir kimi sizin dediklərinizin tam gerçək olduğunu bilirəm. O gecə mənim ailəmdə necə həyəcan, əndişə hiss edildisə, Azərbaycanın ən ucqar kəndindəki ailədə də o cür həyəcan yaşandı. Səfirliyin qarşısına gələn insanlar sağ olsunlar, amma mən onların şəxsində bütün Azərbaycanı görürəm. Həm Azərbaycan xalqı, həm də hakimiyyəti ilk andan etibarən bu mövzuda bizim həssaslığımızı bölüşdüyü kimi, Türkiyədə konstitusiyalı quruluşun əhəmiyyətinə önəm verdi. Biz Azərbaycanla qədər - tale müttəfiqiyik, gələcək müttəfiqiyik, bu, bambaşqa bir münasibətdir. Amma sənədlə müttəfiqimiz olduğumuz dostlarımız, müttəfiqlərimiz var, onların refleksləri ilə müqayisə etsək, çox böyük fərq var.

- Sizi Bakıdakı səfirlər heç aradımı?

- Arayanlar oldu.

- Hansı ölkələrin səfirləri? Əgər sirr deyilsə...

- Kimsəni nə reklam edim, nə də aramayanları ifşa etməyim. Amma arayanlar oldu. Sizə bir söz deyim, bəzi halda arayanların şəxsiyyətləri ilə əlaqəli bir məsələdir. Yəni ölkələrarası əlaqələrdən də irəli şəxsiyyət məsələsidir. Amma keçmişdə Azərbaycanda fəaliyyət göstərən, indi başqa ölkələrdə çalışan səfirlərdən də mesaj yollayanlar oldu. Həmçinin mənim uşaqlıq dostlarımdan – onların sırasında əcnəbilər də var idi – universitetlərdən və s. arayanlar da oldu.

- Yəni Azərbaycan demokratiya və qardaşlıq sınağından çıxdı deyə bilərikmi?

- Əstəğfürullah! Azərbaycan daha artığını etdi, qardaşlıq dəstəyini verdi. Demokratiya sınağından keçdi deyil, məncə, demokratiya dərsini verdi. O gecənin səhəri sayın baş nazirimiz dedi ki, bu günü bir demokratiya şöləni günü kimi xatırlamağımız lazımdır. 80 milyona yaxın insan küçələrə töküldüsə, AK Parti ilə birlikdə, CHP, MHP və HDP də daxil, bütün siyasi partiyalar parlament çətiri altında birləşib çevrilişə qarşı dirəniş göstərdisə, bu çevrilişin qarşısının alınmasında müstəqil media mühüm rol oynadısa, bundan sonra hörmətli baş nazir, prezident, siyasi partiyalar müxalif kimi tanınan media orqanının rolunu vurğuladısa, ondan sonra Türkiyə bu birlik ruhu ilə Yeni Qapıdakı mitinqə qədər irəliləyə bildisə, tam səmimiyyətlə deyirəm, bu, çox qürur duyduğumuz bir tablodur. Lakin həm də 15 iyulda yaşanan hadisələr bizim ürəyimizi ağrıtdı. Mən Türkiyənin səfiri olaraq 2016-cı ildə ölkəmdə çevriliş cəhdinin olmasından üzüntü ilə danışıram.

- Gözlənilən deyildi, eləmi?

- Deyildi. Amma onu da deyim ki, biz hərbi çevriliş gözləmirdik, lakin daxilimizə nüfuz etmiş başqa bir mikrob hərbi çevrələrə soxularaq bunu etməyə çalışdı. Amma bir daha deyirəm, Azərbaycanımıza minnətdarıq.

“Biz Azərbaycanla qədər müttəfiqiyik, bu, bambaşqa bir münasibətdir”

- HDP-nin adını çəkdiniz. Amma Yeni Qapı aksiyasında HDP olmadı. Əgər onlar da parlamentdə bərabər oldularsa, Yeni Qapıda olmamalarına səbəb nə oldu?

- Yenə 15 iyul gecəsinə gedək. Bombalanan bir parlament var, Məclis sədri, siyasi partiya yetkililəri orada, digərləri də oraya getməyə çalışır. Xalq necə küçələrə qaçırdısa, xalqın təmsilçiləri də üzərlərində məsuliyyəti dərk edərək - bunu vətəndaş olaraq qürurla deyirəm – parlamentə yürüdülər. Küçədə xalq, parlamentdə siyasi partiyalar və ertəsi gün parlamentdəki bütün siyasi partiyaların liderləri birləşərək çevriliş cəhdinə qarşı vahid mövqe qoydular. Hörmətli baş nazirimiz sonrakı çıxışında konkret ad çəkməklə, parlamentdəki digər siyasi partiya liderlərinə, yəni CHP, MHP və HDP-yə təşəkkür etdi. Amma Yeni Qapı mitinqi ilə əlaqədar bir gerçəkliyi də nəzərə almaq lazımdır. Türkiyənin Fətullahçı Terror Örgütünün (FETÖ) çevriliş təşəbbüsü ilə də görünən, onların günahlarının zirvəsini təşkil edən terrorla, FETÖ ilə mübarizə apardığı aşkardır. Amma terror məsələsində tək dərdimiz bu deyil. Bilirsiniz, DAEŞ də var, PKK da. İndi HDP siyasi partiyasının PKK ilə öz arasında qəti sərhəd qoya bilməməsi açığı...

- Amma HDP də parlamentdədir.

- Parlamentdə olduqları üçün daha çox məsuliyyət daşıyırlar.

- Elə isə xalq bu təpkini onlara da vermir? Bunların da üzərinə getmək lazım deyilmi?

- Açığı, son seçkilərin nəticələrinə baxsanız, təpkinin verildiyini görərsiniz. Hər halda bu münasibəti HDP də görür. Burada rəsmi şəxs olaraq siyasi partiyalarla əlaqədar çox da səlahiyyət həddimi aşan bir mövqe bildirmək istəmirəm. Amma baxın, burada xalqımız demokratiyaya necə sahibləndiyini nümayiş etdirdi. Eyni zamanda istər türk kökənli, istər kürd kökənli insanlarımız olsun, bu mesajı da uzun illərdir verirlər ki, Türkiyənin içindəki məsələlərin siyasi yolla həll edilməsinə ölkədə, həmçinin parlamentdə tam dəstək var. Amma bu məsələni bəhanə edərək silaha əl atılmaqla göstərilən təşəbbüslərə Türkiyədə dəstək yoxdur! PKK Kobanidəkinə bənzər xəndəklər qazmaqla Türkiyənin cənub-şərqində yeni ssenarilər hazırlamaq istəyəndə kürd kökənli xalq onun yanında durmadı. Təbii ki, biz orda təhlükəsizlik tədbirləri də həyata keçirdik. Amma xalqın o qüvvələrə dəstəyi olmadı, bu, çox önəmlidir. Dolayısı ilə yenə də nə danışılacaqsa, həlli zəruri olan nə problem varsa, bizim vətəndaşımız o mesajı verir ki, bu müzakirələr parlamentdə olacaq. Mən inanıram ki, bütün bu təcrübələrdən sonra – təbii ki, şəhidlər verdik, demokratiya da asanlıqla əldə olunmur, qurbanlar verilir – mən ümid edirəm ki, Türkiyə PKK-nı aradan qaldıran kimi, kürd əsilli vətəndaşlarımızın bütün gözləntiləri də Konstitusiya çərçivəsində həllini tapacaq və bu münasibətlər daha sağlam məcrada davam edəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi