Qadağa yoxsa təsadüf: Azərbaycan İrana cavab "atəşi" açdı - ŞƏRH
Ötən gün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə İran İslam Respublikasından idxal olunan kartof məhsulunda zərərverici aşkar edildiyi üçün həmin məhsulların ölkədə satışının qarşısı alındı. Məsələnin İran-Azərbaycan münasibətlərinin son zamanlar gərginləşməsi fonunda baş verməsi meydana bu addımın sanksiya kimi görünməsinə səbəb olub.
Bu barədə Metbuat.az-a özəl açıqlama verən, siyasi şərhçi Asif Nərimanlı bildirdi ki, İran məhsullarından kartofa sertifikatın verilməməsi siyasi baxımdan Azərbaycanın növbəti addımı kimi görünə bilər.
“Lakin mən hesab etmirəm ki, Azərbaycan tərəfi əsas olmadan bu sertifikatı ləğv edib. Məsələnin sosial tərəfi odur ki, güman edilir ki, AQTA məhsulların ziyanlı olması ilə bağlı ciddi fakt tapdığından belə bir addım atılmışdır. Amma problemi siyasi baxımdan da təhlil etdikdə görmək olur ki, bu da Azərbaycanın İrana qarşı növbəti cavab atəşi hesab edilə bilər. Fikrimcə, Azərbaycan iqtisadiyyatı bu addımdan sonra hər hansı bir zərər görməyəcək. Bizim öz yerli məhsullarımız o cümlədən də başqa bazarlar var. Təkcə Azərbaycan bazarında İran kartofu deyil, bu tipdə başqa ölkədən gələn məhsullar da var. Sertifikatın verilməməsinə görə, yalnız İran iqtisadiyyatı ziyan çəkə bilər. Düşünürəm ki, bu addım İrana qonşuluq münasibətlərini tənzimləmədə bir mesaj olmalıdır. Çünki İran suveren siyasət yürüdən Azərbaycana qarşı haqsızlıq edərsə başqa təzyiq rıçaqlarının da hədəfi ola bilər”.
Asif Nərimanlı qeyd etdi ki, son vaxtlar İran-Azərbaycan arasında gərginliyin maraqlı tərəfi Azərbaycan deyil. Azərbaycan sadəcə Gorus-Qafan yolunda öz suveren haqqından istifadə edir. Siyasi şərhçi deyir ki, dəfələrlə Azərbaycan İrana Xankəndində erməni terrorçularına dəstək verməsini dayandırması ilə bağlı rəsmi səviyyədə xəbərdarlıq etsə də, görünür İran tərəfi bunu qulaqardına vurmuşdur. Məhz bu münasibətdən sonra Azərbaycan taktiki addımlar atmalı oldu.
“İran tərəfi hərəkətlərinin yalnış olduğunun fərqində olsa da, görünür İranın daxilində Azərbaycanla gərginliyə maraqlı qüvvələr var. Azərbaycanın Gorus-Qafan yolunda atdığı addımlardan sonra, İranın hərbi təlimlərə başlaması, heç də səmimi məsələ deyil. Xüsusilə İranın din xadimləri, mollalarının Azərbaycana qarşı tərbiyəsiz açıqlamaları göstərir ki, müəyyən qruplar var ki, bu gərginliyin artmasında maraqlıdır. Qeyd etdiyim kimi, son vaxtlar Tehran-Bakı arasındakı münasibətlərin soyuqlaşmasından ən çox Tehran əziyyət çəkdi. Çünki Qarabağ müharibəsindən heç bir şey əldə etməyən Tehran Azərbaycan tərəfinin yeni kommunikasiyaların açılması təklifinə də reaksiya vermir. İran istəyərsə həm iqtisadi qazanc, həm də siyasi dividentlər əldə edə bilər. Xüsusilə Zəngəzur dəhlizinin açılması İran üçün perspektiv vəd edir. İranın bu addımlar qarşısında Azərbaycana qarşı qeyri-adekvat münasibət göstərməsi düşmən mövqedən çıxış etməsi onun ziyanınadır”.
Asif Nərimanlı fikrinin sonunda vurğuladı ki, Azərbaycan artıq 90-cı illərdə olan Azərbaycan deyil. Xüsusən Qarabağ münaqişəsinin həllindən sonra Azərbaycan kifayət qədər güclənmişdir. “İran necə münasibət göstərəcəksə o qarşılıqda da Azərbaycan cavab reaksiyası verəcəkdir” deyə Asif Nərimanı fikrini tamamlayıb.