azia.az
azia.az

“Eurasianet”: ABŞ-ın İrana qarşı sanksiyaları Ermənistana zərbə vurur

27-09-2019, 10:59


ABŞ-ın nüfuzlu onlayn portallarından sayılan “Eurasianet.org” saytı Birləşmiş Ştatların rəsmi Tehrana qarşı tətbiq etdiyi sanksiyalardan sonra İran vətəndaşlarının Ermənistanda üzləşdiyi problemlər, İran-Ermənistan iqtisadi münasibətləri ilə bağlı maraqlı yazı qələmə alıb.
Musavat.com həmin yazının tərcüməsini oxuculara təqdim edir.
“Eurasianet”: ABŞ-ın İrana qarşı sanksiyaları Ermənistana zərbə vurur
Ermənistan cənub qonşusu İranla münasibətlərinə görə rəsmi Vaşinqtonun təzyiqlərinə davam gətirmək niyyətindədir. Lakin ölkənin özəl bankları burada biznesin aparılması işini çətinləşdirirlər.

İrəvanda təhsil alan Rojin Daeyi adlı 24 yaşlı tehranlı qız keçən ilin noyabr ayında öz bankına zəng vurub. Burada bank ona hesablarının qapandığını və həmin müddətə qədər öz pulunu götürməli olduğunu çatdırıb. Ertəsi gün Rojinin İrəvanda yaşayan bacısı digər bankdan oxşar telefon zəngi alıb. Onların hər ikisi Ermənistanın müxtəlif banklarında hesab açdırmaq istəsələr də bununla bağlı müraciətləri dəfələrlə rədd edilib.

“Siz iranlısız və amerikalılarla probleminiz var”,-deyə Rojin Daeyi erməni banklarının onlara verdiyi cavabı “Eurasianet”ə anladıb.

İranlı qız öz işəgötürəni vasitəsilə bank hesabı almağa müvəffəq olub. Lakin həmin hesabda yalnız erməni dramı olmalıdır. Üstəlik, debet kartı yalnız məhdud sayda mağaza və müəssisədə işə keçir. “Bu kartın heç bir faydası yoxdur. Biz tam hesab açdırmaq üçün müraciət etsək də, imtina edirlər”,-deyə R.Daeyi şikayətini dilə gətirib.

İranlı bacıların banklarla problemi ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun İrəvana səfərindən sonra başlayıb. Yerli RFE agenltiyinə verdiyi müsahibədə Con Bolton ABŞ-ın rəsmi Tehranın “sıxıb suyunu çıxarmaq” istədiklərini, lakin İran –Ermənistan sərhədinin “ciddi problem yaratdığını” söyləmişdi.

Vaşinqton tərəfindən edilən təzyiqlər İrəvanı dalana dirəyir. Ermənistan bir yandan uzaq məsafədəki super dövlətlə, digər yandan da özünün iki açıq sərhəddindən biri sayılan (digəri Gürcüstanladır. Azərbaycan və Türkiyə öz hüdudlarını bağlayıblar) cənub qonşusu ilə münasibətlərini yüksək səviyyədə tutmağa çalışır. Əvvəlki dövrlərdə ABŞ Ermənistanın müşkül vəziyyətinə anlayış göstərərək onun İranla əlaqələrinə toxunmurdu. Lakin Tramp administrasiyasında hər şey dəyişib.

“Biz Ermənistanı bölgədə Birləşmiş Ştatların strateji tərəfdaşı olaraq gözdən keçiririk. Bununla birlikdə, biz Ermənistan hökumətinə və özəl sektora ölkənin beynəlxalq öhdəliklərini yerinə yetirməsini, həmçinin regionun sabitliyini pozan və terrorizmi dəstəkləyən rejimlə bağlantılarını kəsməsini gözləyirik. ABŞ sanksiyaların Ermənistana qarşı deyil, İran rejiminin zərərverici faəliyyətinə dəstək olan konkret təşkilatlara qarşı yönəldiyini bildirib. Ölkəmiz İranla əməkdaşlığın mümkün nəticələri ilə bağlı eyni mesajı bütün tərəfdaşlarına göndərib”,-deyə ABŞ-ın İrəvandakı səfirliyi “Eurasianet”in elektron poçtla ünvanladığı sorğuya bu cümlələrlə cavablandırıb.

İranlılar sanksiyalarla əlaqədar öz şəxsi bank əməliyyatlarında digər ölkələrdə, o cümlədən ABŞ və Avropada ciddi çətinliklərlə üzləşiblər. Lakn Birləmiş Ştatların rəsmi Tehrana qarşı sərt mövqeyindən sonra İranla iş aparan ermənilər də bu təzyiqi üzərlərində hiss etməyə başlayıblar.

İrana yağ ixrac edən erməni biznesmenin “Eurasianet”ə söylədiyinə görə indi o, işini artıq Rusiya bankı vasitəsilə qurmalıdır. Bundan başqa erməni iş adamı hər sazişin icra olunmasından və olduqca baha başa gəlməsindən şikayətlənib. “Bütün bunların hamısı keçən ilin noyabrında başladı və vəziyyət daha da pisləşməyə doğru gedir,”-deyə sayta danışan biznesmen bununla bərabər hakim dairələrin diqqətini çəkməmək üçün adının gizli saxlanılmasını xahiş edib.

Digər banklar ondan İranın "Mellat" bankının xidmətindən yararlanmağı təklf edib, lakin həmin bankın xarici valyuta almaq imkanı yoxdur. “O zaman İran pulları Ermənistanda nəyimə lazımdır,”-deyə həmin iş adamı bildirib.

İndi o, əsasən nağd pullarla işlədiyini deyir. “Demək olar bütün valyuta dəyişmə məntəqələri məni üzdən tanıyır. Hökumət kölgə iqtisaidyyatı ilə mübarizə apardığını deyirsə, o zaman ticarət nağd pulla necə çalışır?”,-deyə o sual edir.

Bu ilin iyun ayında daha bir maliyyə müəssisəsi, “İnekombank” İran nəqliyyat şirkətlərindən istifadə edən erməni şirkətlərinə xəbərdarlıq yollayıb. Bankın məlumatında göstərilib ki, “bu cür fəaliyyət beynəlxalq sanksiyalardan dolayı bank köçürmələrinin dayandırlmasına və hesabların dondurulmasına gətirib çıxara bilər”.

Bankların gətirdiyi məhdudlaşdırmalarla əlaqədar bir İran turizm agentliyi yalnız nağd üsulla aparılan əməiyyatlara keçib. “Biz problem barədə xəbər tutan kimi nağd hesablaşmaya keçdik. Bunun üçün sadəcə sərhədi keçməzdən əvvəl pulları alıb, onu sonra valyuta məntəqələrində dəyişirik”, deyə agentliyin adının çəkilməsini istəmədiyi bir əməkdaşı “Eurasianet”ə bildirib. Əslində 10 min dollara qədər pulun keçirilməsinin leqal olduğu bir şəraitdə bu şərt kiçik firmalara sərf edir. Lakin iri müəssisələr ciddi zərərlə üzləşirlər.

İran və Ermənistan arasında ticarət dövriyyəsi əslində o qədər də böyük sayılmır. 2018-ci ilin məlumatına görə bu rəqəm təxminən 364 milyon dollar təşkil edib. Lakin həmin vaxtdan bu yana iqtisadi əlaqələrdə xeyli genişlənmə gözə çarpır. Buna görə də maliyyə məhdudiyyətlərinin hansı dərəcədə təsir göstərməsi ciddi sual doğurur. Ermənistan parlamentinin deputatı və iqtisadçı Artak Manukyan 2019-cu ilin ilk rübündə İrana ixracatın ötən ilin eyni dövrü ilə müqayisədə 30 faiz azaldğını, lakin idxalatın 30% artdığını qeyd edib.

İran Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi Birliyi ilə azad ticarət haqqında müqavilə imzalayıb və üstəlik Ermənistanın da yer aldığı bu təşkilata tam hüquqlu üzv olmaq istəyir. “İranla ticarət olduqca yaxşı gedir. Biz həmçinin İranın Avrasiya İqtisadi Birliyinə də gəlməsini istəyirik. Bununla ümumi sərhədlərə malik bir tərəfdaşımız peyda olacaq ki, bu da ticarətə əlavə təkan verəcək”-deyə A. Manukyan vurğulayıb.

End of the line: Meghri station in southern Armenia (Vahemart / Wikimedia Commons)

Ermənistan hökuməti isə ABŞ-ın onlara İranla iqtisadi münasibətləri ilə bağlı təzyiq göstərdiyini dəfələrlə inkar edib. Baş nazir Nikol Paşinyan sanksiyalardan sonra Ermənistanın İranla bağlı siyasətində hər hansı dəyişikliyi gətrməsində lüzum görmədiklərini açıqlayıb. “ABŞ rəhbərliyi bizim düşdüyümüz situasiyanı və siyasətimizi anlayışla qarşılayır”,-deyə o bildirib.

Lakin bu cür məhdudiyyətlərə özəl banklar tərəfindən, onların təşəbbüsü ilə tətbiq olunmağa başlandığı iddia olunur. Bunlardan biri də “Byblos Bank”dır.

“Byblos Bank Armenia” daxili siyasətinə görə İran vətəndaşlarına xidmət göstərmir. Bununla bərabər qeyd etməliyik ki, “Byblos Bank” mövcud məhdudlaşdırmalarla əlaqədar ABŞ Dövlət Departamenti ilə heç bir müzakirə aparmayıb və Ermənistan Mərkəzi bankından hər hansı göstəriş almayıb ”, deyə bank “banks.am” onlayn portalının soğrusuna verdiyi cavabda qeyd edib.

Ermənistanın Mərkəzi bankı isə noyabr aynda verdiyi bəyanatda, iranlı müştərilər üçün yeni qaydaların gətirilməyəcəyini, lakin özəl bankların bu məsələdə qərar verməkdə sərbəst olduğunu açıqlayıb. “Müştəri üçün İran vətəndaşlığına sahib olmaq istənilən bank üçün risk sayılır”,-deyə Mərkəzi bankın nümayəndəsi Arutyun Bərbəryan sayta etiraf edib.

“ABŞ sanksiyaları işə düşən kimi biz insanlara zəng edərək onlardan bank hesablarını bağlamalarını istədik. Bir çoxları bunun səbəbini soruşur, lakin cavab verə bilmirik" ,-deyə erməni banklarından birinin əməkdaşı anonimlik şərtləri altında sayta danışıb.

Rusiyanın Ermənistanda fəaliyyət göstərən banklarından biri də iranlılara məhdudiyyətlər gətirərək onların debit kartlarını yalnız erməni dramı ilə çalışmağa məcbur etdiyini boynuna alır. “Nə olsun ki biz Rusiya bankıyık. Lakin hazırda ABŞ-ın qəzəbini üzərinə çəkmək istəməyən kiçik Ermənistanda işləyirik”,-deyə bank əməkdaşı vəziyyəti bu cür izah edib.

Musavat.com


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi