azia.az
azia.az

Niyə uğurlarımızı görmürük? - Məhşur cərrah Taryel Ömərovu "qaralayanların” çirkin planları

26-10-2018, 22:21

490 uğurlu əməliyyatı heçə saymaq kimə gərəkdir?

Bütün sahələrdə olduğu kimi səhiyyə sistemində də müəyyən problemlər vardır. Lakin, bu heç də deməyə əsas vermir ki, bütünlüklə bu sistemi və orda çalışan minlərlə namuslu, öz peşəsini ürəkdən sevən insanları gözardı edəsən, onların əməyini heçə sayasan. Təbii ki, nöqsanları demək, ictimaiyyətə çatdırmaq vacibdir və bu mühüm iş medianın üzərinə düşür. Lakin, müəyyən maraqlar çərçivəsində qarayaxma kompaniyası aparmaq, hər şeyi qara rəngdə təqdim etmək ədalətsizlikdir.
Rubrika.az saytı xəbər verir ki, mədəkiçiltmə əməliyyatından sonra dünyasını dəyişmiş Bakının Mərdəkan qəsəbəsindəki “Qaranquş” sanatoriyasında məskunlaşmış şuşalı məcburi köçkün 34 yaşlı Samir Dəmirovun vəfatından sonra müxtəlif saytlarda və KİV-lərdə “Modern Hospital” klinikası və əməliyyatı edənhəkim Taryel Ömərov barədə həqiqətə uyğun olmayan informasiyalar yayılır. Baş vermiş hadisəni “həkim səhlənkarlığı” hesab edən, az qala faciəni sui-qəsd kimi təqdim edənlər uzun illər ərzində özünü təcrübəli həkim kimi tanıtmış, yüzlərlə uğurlu əməliyyata imza atmış Tariyel Ömərovu cəmiyyətə “persona non-qranta” kimi tanıdırlar. Tibbi sahədə elementar biliklərə belə malik olmayanlar hadisəni analiz edir, rəy verir və nədənsə bütün hallarda həkimi təqsirkar çıxarırlar.
Rubrika.az saytı məsələnin geniş rezonans doğurduğunu nəzərə alaraq baş vermiş hadisəyə aydınlıq gətirmək üçün sırf bu sahənin ekspertləri ilə əlaqə yaradaraq onların fikirlərini öyrənib.
Xatırladaq ki, son zamanlar dünyada sürətlə çoxalan və müasir insanın piylənmədən xilası üçün ən optimal metod olan bariatrik cərrahiyyə hesab olunur. Bariatrik cərrahiyyə 1954-cü ildən etibarən tətbiq olunmağa başlayıb. 1976-cı ildən bilopankreatik diversiya,1993-cü ildə qastrik bupass, 2001-ci ildən mədənin boruvari rezeksiyası, el arasında mədə kiçiltmə deyilən əməliyyat bizdə aparılmağa başlanılıb. Dünyada 63 ölkədə artıq bariatrik cərrahiyyə tətbiq olunur. Təkcə ABŞ-da bir il ərzində 228 000 bariatrik əməliyyat aparılıb. Onun 138 000-i mədə kiçiltmə əməliyyatıdır.
Bu sahə son illər ölkəmizdə də inkişaf etməkdədir. Azərbaycan Zaqafqaziyada dünya Bariatrik cəmiyyətinə üzv olan ilk ölkədir. Adımız elmi dərgilərdədir. Dünya baritatrik dərgisində Azərbaycanın adı dəfələrlə çəkilib. Bu sahənin ölkəmizdə ən tanınmış mütəxəssislərindən biri də məhz Taryel Ömərovdur. Onun apardığı yüzlərlə uğurlu əməliyyatlar barədə müxtəlif tibbi dərgilərdə dəfələrlə məlumatlar yayılıb. Bütün bunları görməzdən gələnlər nədənsə baş vermiş hadisənin tək səbəbkarı kimi məhz onu günahkar görürlər.
Rubrika.az saytına danışan ekspertlər bildirir ki,bütün növ cərrahi əməliyyatlar kimi bu əməliyyatların öz ağırlaşmaları ola bilir. Ümumiyyətlə, mədə-bağırsaq sistemində istənilən əməliyyatda fəsadlar, ağırlaşmalar mümkündür. Bariatrikdə daha çoxdur, çünki bu əməliyyatlar 150-200 kq-lıq pasiyentlərdə aparılır. Bu çəkidə pasiyentdə istənilən əməliyyat ikiqat riskdir. Hətta öd, apendisit əməliyyatı belə. Çəkinin artıq olması anesteziya üçün riskdir. Üstəlik qalın dərialtı piy qatı olması. Söz yox ki, bariatrik əməliyyatlardan öncə xəstə dinamiki müayinələrdən keçir. Ürək, qan, ağciyərlər yoxlanılır. Bəzən bir hormonda uyğunsuzluq tapılanda belə əməliyyatı etməkdən vaz keçilir. Əməliyyat sonrası ağırlaşmalara steplerdən qanamalar, sızmalar, təzyiqin oynaması səbəb ola bilər.
Əməliyyatın texniki modifikasiyası ilə bağlı ağırlaşmalar, stepler xəttinin açılması və sızması yaxın 24 saat ərzində özünü göstərir. O zaman xəstə onsuz da klinikada olur. Texniki baxımdan cərrah səhvi varsa, 10 gün sonra üzə çıxmaz. Xəstəxanadan normal vəziyyətdə evə öz ayağı ilə gedən xəstədə 10 gün sonra üzə çıxan fəsad artıq sonradan yaranmış prosesdir. Bunun da subyektiv-obyektiv səbəbləri ola bilər.
Taryel Ömərov Rubrika.az saytına bildirir ki, biz əməliyyatdan sonra dünya standartlarına uyğun olaraq tikiş xəttini yoxlayırıq, xüsusi rentgenoskopik dinamik kontroldan keçiririk. Yoxladıqdan sonra digər orqanların işini izləyib, ciddi problem olmadıqda pasiyenti ambulator müşahidə altında evə yazırıq. Sonrakı dövrdə pasiyentə və ailəsinə qadağan olunacaq qidaları, rejimi, qaydaları izah edirik. Xəstə qidalanma qanunlarına ciddi əməl etməlidir. 2 həftə içəridəki tikişin sağalmasının ən kritik dövrüdür. Xəstənin qidalanmasında yol verdiyi ehtiyatsızlıq, məsələn qazlı su içməsi, pizza, kabab, bərk qida yeməsi artıq cərrahın işini heçə endirir. Bizim insanların problemi də "heç nə olmaz” deməsindədir. Amma təəssüf ki, əməliyyatdan öncə razılaşan, belə deyək, həkimi yola verən, sonra öz bildiyini edən pasiyentlər də olur. Onlar həm öz səhhətlərini, həm cərrahı risk altında qoyurlar.
Biz Samir Dəmirova da əməliyyatdan sonra ciddi şəkildə pəhriz saxlaması, bunun həyati əhəmiyyət daşıdığı barədə göstəriş versək də mərhum evə buraxıldıqdan sonra deyilənlərə əməl etməyib. Istədiyi kimi qidalandığı üçün əməliyyat olunduğu hissədə tikiş sökülüb. Tibbi dildə desək, letal hal baş verib və xəstəni xilas etmək mümkün olmayıb.
Ümumiyyətlə, dünyada bariatrik əməliyyatlarda letal statistika 3-7% arasındadır. Əsas stepler xəttinin açılmaları tez-tez baş verir. Həkimin dediyindən kənara çıxanlar, qadağalara əməl etməyənlər, kontrola gecikənlər, bir sözlə məsuliyyətsiz xəstələrdə ağırlaşmalar olur. Zatən ağır çəkili insanlarda iradə, yeməyə, özünə kontrol zəif olur ki, bu çəkiyə gəlib çatırlar. Amma əməliyyatdan sonra o xarakterdə qalmaq olmaz. Bu qədər əziyyət çəkib əməliyyat etdirirsən, niyə bir iradəsizliklə onu heçə endirirsən?
Bariatrik əməliyyatda cərrahın texniki səhvi olarsa, onu düzəltmək də asandır. Vay o gündən ki, xəstə gedir, evdə bilmədiyimiz səbəbdən nəsə baş verir, xəstə bunu gizlədir, vəziyyəti pisləşir. Onun gedişatı ağır olur. Stepler xəttində sızmalar olan zaman stent qoyulmalıdır. 4-6 həftə stent qalmalıdır. Əgər yanaşı qarın boşluğuna sızma varsa, drenajlar qoyulmalıdır. Vəziyyət normallaşandan sonra stent çıxarılır.
Bu vaxta kimi təcrübəmdə heç stent də qoymağa ehtiyac olmayıb. Sadəcə son xəstəmizdə qoymalı olduq. Çünki, bir daha qeyd etmək istəyirəm ki, mərhum verilən göstərişlərə əməl etməmiş, pəhriz qaydalarını pozmuşdu.
Rubrika.az saytı məlumat verir ki, Taryel Ömərov indiyə qədər 490 uğurlu əməliyyat edib. Bir həkim üçün bu çox uğurlu bir statistikadır. Lakin, bütün bunları görməyən, yalnız bir faciəni-hansı ki, həkim səhvindən söhbət belə getmir, qabardan həmkarlarımızın məntiqini başa düşmək olmur. T. Ömərovun qazandığı hər bir uğur Azərbaycan səhiyyəsinin nailiyyətidir. Biz isə daha çox rəngləri tündləşdirmək, tanınmış şəxsiyyətlərimizi ləkələməkdən zövq alırıq. Unuduruq ki, bununla biz həm də ölkəmizin imicinə zərbə vururuq, düşmən dəyirmanına su tökürük. Odur ki, bu təhlükəli tendensiyadan çəkinməli, uğurlarımızı da dünyaya tanıtmalıyıq. Uğurlarımız heç də az deyil, sadəcə onları görmək lazımdır !

Nicat Mahmudov
Rubrika.Az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi