Ölkəmizdə doğuşayardım xidməti daha da təkmilləşdirilir
Səhiyyə naziri Oqtay Şirəliyev “Doğuşayardım xidmətinin təkmilləşdirilməsi barədə” əmr imzalayıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əmr ölkədə doğuşayardım xidmətinin təkmilləşdirilməsi, hamilə və zahılara yüksək ixtisaslı mama-ginekoloji yardımın göstərilməsi məqsədi daşıyır.
Sənəddə Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna, Respublika Perinatal Mərkəzinə, Azərbaycan Tibb Universitetinin I və II mama-ginekologiya kafedralarına, M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına cədvələ əsasən doğuşayardım xidməti üzrə regionlara təhkim edilməsi nəzərdə tutulub.
Eyni zamanda, həmin müəssisələrin rəhbərlərinə tapşırılır ki, təhkim olduqları şəhər və rayonlarda doğuşayardım xidmətinin təşkili, onun keyfiyyətinin və səmərəliliyin yaxşılaşdırılması, bu sahədə təcrübi və metodiki yardımın göstərilməsi, fəaliyyətin təhlili və müvafiq təkliflərin verilməsini təmin etsinlər. Bununla yanaşı, mütəxəssislərin Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası vasitəsilə ezam olunmaları, görülən işlər barədə daim Səhiyyə Nazirliyinə məlumat verilməsi kimi tapşırıqlar da əmrdə öz əksini tapıb.
Əmrin digər bəndində rayon mərkəzi xəstəxanalarının baş həkimlərinə doğuşayardım xidmətini şəxsi nəzarətdə saxlamaqla, aidiyyəti mütəxəssislərin məsuliyyətinin artırılması və ambulator–poliklinik müəssisələrin, qadın məsləhətxanalarının və doğum evlərinin fəaliyyətinin əlaqələndirilməsi, ezam olunan mütəxəssislərin fəaliyyəti üçün lazımi şəraitin yaradılması, təhkim olunmuş mütəxəssislər tərəfindən görülmüş işlərin mütəmadi müzakirə edilməsi tapşırılır.